Nikol Paşinyanın baş nazir seçilməməsi Ermənistanda xalq hərəkatını yenidən qızışdırıb. Hazırda İrəvanda bütün yollar bloklanıb, həmçinin, Gümrü və digər böyük şəhərlərdə də insanlar küçələrə axışıb.
Publika.az xəbər verir ki, Ermənistan parlamentinin baş nazirin seçilməsi üçün dünən keçirilən iclası bu ölkədə dönüş nöqtəsi oldu.
Parlamentin 3 fraksiyası – “Elk”, “Daşnaksütyun”, “Sarukyan” Paşinyanı dəstəkləyirdi. Lakin bu blokların ümumi səsi Nikolun baş nazir olmasına bəs etmirdi. Gözlənilirdi ki, hakim Respublika Partiyası güzəştə gedəcək və ən azı 6 deputatının Paşinyana səs verməsinə icazə verəcək. Beləcə, Ermənistandakı vəziyyət müvəqqəti də olsa durulacaq. Respublika Partiyasının düşdüyü vəziyyət də bunu deməyə əsas verirdi.
Respublika Partiyasının parlamentin iclasından öncə iki qapalı toplantı keçirməsi partiya daxilində qərarın verildiyini deməyə əsas verirdi. İclasın sonunda hakim partiyanın bir nəfər kimi Paşinyanın əleyhinə səs verməsi isə gözləntiləri alt-üst etdi. Və burada “Respublika Partiyasının qərarının arxasında hansı plan var?”, - sualı ortaya çıxır.Çünki Ermənistanda mövcud vəziyyət respublikaçıların hakimiyyətdə qalmasının çətin olduğunu göstərir. Həmçinin, qanunvericiliyə görə parlament baş naziri seçmək üçün bir həftə sonra yenidən toplanacaq. Həmin iclasda da seçki baş tutmasa, o zaman parlament buraxılacaq və növbədənkənar seçki keçiriləcək. Bu ssenari də Paşinyan və tərəfdarlarına sərf edir. Bu baxımdan, Respublika Partiyasının vəziyyətin çətin olmasına rəğmən, güzəştə getməməsi düşündürücüdür.
Bu proseslər fonunda Ermənistan mediasında yayılan bir informasiya xüsusi diqqət çəkir. Məlumata görə, parlamentin iclasından öncə Rusiya deputatlarından ibarət nümayəndə heyəti İrəvana gəlib və Respublika Partiyası ilə görüşüb. Ehtimallara görə, Respublika Partiyasının Paşinyanın əleyhinə çıxmasının səbəbi də məhz Rusiyada verilən qərardır.Sual yaranır: Rusiya toqquşmaya gedir?Erməni siyasi şərhçi Naira Ayrumyan Rusiyadan gələn nümayəndə heyətini “desant” adlandırır və yazır ki, Respublika Partiyasının qərarının arxasında da məhz Moskva dayanır.
“Respublika Partiyasının son ümidi Moskvadır. Ehtimallara görə, ölkədə etirazçılarla hakimiyyət qüvvələri arasında toqquşmalar ssenarisi hazırlanır. Bu vəziyyət Respublika Partiyasına istənilən fiquru aradan götürmək imkanı verəcək. Təsadüfi deyildi ki, parlamentin iclasında Respublika Partiyasının deputatları Paşinyana sualları Ermənistan deputatı kimi yox, Rusiya Dövlət Dumasının üzvü kimi verirdilər”, - deyə erməni şərhçi vurğulayıb.Rusiya Federasiyası Federal Məclisin Federasiya Şurası sədrinin birinci müavini Vladimir Djabarovun açıqlaması da maraqlıdır: “Nikol Paşinyanın xalqa çağırışı yolverilməzdir və bu baş nazirin seçilməsini şübhə altına qoyacaq. Ermənistanı ciddi nəticələr gözlənilir. Xüsusilə toqquşmaların olacağı qaçılmazdır”.
Rusiya bununla müdaxilə mesajımı verir? Proseslərin hansı məcraya yönələcəyini proqnozlaşdırmaq çətindir. Hadisələrin inkişafı son nəticəni də müəyyənləşdirəcək.Asif