Yanukoviçin oğlunun adından zəng edib Lukaşenkonu doladılar

17-06-2014, 10:20   
Yanukoviçin oğlunun adından zəng edib Lukaşenkonu doladılar
Belarus prezidenti Aleksandr Lukaşenko ilə Ukraynanın devrilmiş prezidenti Viktor Yanukoviçin “kiçik oğlu” arasında telefon danışığı internetdə yayılıb.

Virtualaz.org xəbər verir ki, Ukraynanın LB.ua portal Yanukoviçin kiçik oğlu, keçmi deputat Viktorun adından danışan telefon xuliqanı Belarus prezidentinin adyutantı ilə əlaqə yaradaraq “atasının vəziyyəti ilə bağlı Lukaşenko ilə danışmaq istədiyini” bildirib. Belarus prezidentinin adyutantı buna inanıb və Lukaşenko ilə danışdıqdan sonra telefon xuliqanına zəng edərək onu prezidentlə birləşdirib.

Yanukoviçin “kiçik oğlu” Lukaşenkoya bildirib: “Mən bir məsələ barədə danışmaq istəyirəm. Atamla bağlı situasiya hazırda o qədər də yaxşı deyil, özünüz başa düşürsünüz. Və ehtiyat plan kimi onun hansısa müddətə sizə gəlişini müzakirə etmək olarmı? Əgər belə situasiya zəruri olsa”.

Lukaşenko isə doğrudan da Yanukoviçin “kiçik oğlu” ilə danışdığına əmin olaraq onun xahişinə müsbət cavab verib: “Siz yəqin bu məsələ ilə bağlı çıxışımı eşitməmisiniz. Kiyevdə jurnalistlər məndən soruşurdular ki, Yanukoviçə siyasi sığınacaq verməyə hazırammı və s. Bilirsiniz, o əvvəla bu barədə məndən xahiş etməyib. İkincisi o qaçqın-filan deyil və heç yana qaçmağa hazırlaşmır. Üçüncüsü dedim ki, onun kökləri Belarusa gedib çıxır, hətta orada doğma kəndi var. Ona görə də o öz kəndinə qayıtmaq istəsə mən müqavimət göstərə bilmərəm”.

Yanukoviçin “kiçik oğlu” söhbətə davam edərək deyib ki, atası siyasi oyunun güdazına gedə və onu hansısa sövdələşmənin əvəzində Kiyevə təhvil verə bilərlər. “Mən qorxuram ki, onlar atama məhkəməsiz və istintaqsız divan tutacaqlar” deyə “Viktor” bildirib.

Lukaşenko cavab verir: “Bu mənim prinsiplərimə ziddir: Yanukoviçə heç bir divan tutmadan söhbət gedə bilməz. Qoy ona hələ sağ ol desinlər ki, hamısının başını əzmədi. Yanukoviç nə edib, o, heç vaxt atəş açmamaq barədə əmr verib. Əgər o atəş açsaydı o zaman 10 atəşdən sonra heç kim qalmazdı. Ona görə də bunlar artıq yalandır”.

Lukaşenko daha sonra “Viktor”a deyir ki, atasına televizora az baxmağı və daha az qəzet oxumağı məsləhət görsün. “İstədiyiniz vaxt gəlin, istəyirsiniz tək gəlin, istəyirsiniz ailənizlə. Sadəcə olaraq bu barədə 24 saat əvvəl mənə xəbər verin. İstənilən yerdə sizi qarşılayıb yerləşdirəcəklər. Əvvəlcədən bir adamınızı göndərsəniz daha yaxşı olar” deyə Lukaşenko bildirir.

Söhbətin gedişi zamanı “Viktor” Lukaşenkoya deyir ki, bu yaxşılığın əvəzində ona qızıl baton hədiyyə edəcək. O, qeyd edir ki, soyğunçuluğa baxmayaraq əllərində nələrsə qalıb. Lukaşenko isə Ukraynanın prezident səlahiyyətlərini icra etmiş Aleksandr Turçinovla danışaraq Yanukoviçin iqamətgahını dağıtmamağı xahiş etdiyini bildirib. “Mən ona dedim ki, Saşa, əgər oranı dağıtsanız bir qəpik də qiyməti qalmayacaq. Nə sata biləcəksiniz, nə istifadə edə. Nəticədə oranı dağıtmadılar”.

Lukaşenkonu dolayan telefon xuliqanının Vovan222 ləqəbli pranker (başqasın səsiylə danışan telefon xuliqanlarına ingiliscə verilən ad). Vovan222 Lukaşenko ilə danışdığını təsdiqləyib və söhbətin “daha maraqlı detallarını” sabah yayacağını bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.