Türkiyədə müxalifətçi Cümhuriyyət Xalq Partiyası (CHP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) prezident seçkisində vahid namizədi olan Ekmeleddin İhsanoğlunun Quran tərcüməsini yandırması barədə məlumat yayılıb.
ANS PRESS-in xəbərinə görə, Türkiyənin istiqlal şairi Mehmet Akif Ersoy xəstəliyinin ağır dövründə İstanbula getməyə hazırlaşarkən yazdığı Quran tərcüməsini yaxın dostu Misir “Ayn Şəms” universitetinin professoru Mehmet İhsan əfəndiyə (E. İhsanoğlunun atası) verib.
Şair yaxın dostuna, “Əgər sağ-salamat qayıtsam əsikikləri tamamlayıb çap etdirərik. Əgər ölsəm bu tərcüməni yandırarsan” – deyib.
Bundan sonra baş verənləri isə Ekmeleddin İhsanoğlu özü danışıb. İhsanoğlu atasının vəsiyyətinə görə həmin tərcüməni yandırdığını bildirib:
“Rəhmətlik atam Akifin yaxın dostu olub. Akif son İstanbul səfərində tərcüməni atama verib və “Qayıtmasam yandırın!” – deyib. Atam vəfat etmədən əvvəl məni çağırdı və “Övladım, stolun sağ siyirməsində bəzi dəftərlər var. Mən öldükdən sonra o dəftərləri yandır” – dedi.
Atamın vəfatından sonra vəziyyəti İbrahim Sabri əfəndiyə danışdım. Daha sonra siyirmədən tərcümələri götürdük və İ. Haqqı Şengüllerin Abbasiyədəki evinin eyvanında böyük bir ləyənin içində hissə-hissə yandırdıq. Rəhmətlik atamın və Mehmet Akifin vəsiyyəti beləcə yerinə yetirildi”.