Azərbaycan UDİ üzrə İşçi Qrupunun 7-18 may tarixlərində baş tutacaq növbəti sessiyası zamanı nəzərdən keçiriləcək 14 dövlətdən biridir. Azərbaycan üzrə birinci və ikinci UDİ baxışları müvafiq olaraq 2009-cu ilin fevral və 2013-cü ilin aprel aylarında keçirilib.
UDİ baxışı aşağıdakı sənədlərin əsasında aparılır: 1) milli hesabat – nəzərdən keçirilən dövlət tərəfindən təqdim olunan məlumatlar; 2) xüsusi prosedurlar üzrə mandat daşıyıcılarının (insan hüquqları üzrə müstəqil ekspertlər və qruplar), insan hüquqları üzrə müqavilə qurumlarının və digər BMT qurumlarının hesabatlarında təqdim olunan məlumatlar; 3) milli insan hüquqları təsisatları, regional təşkilatlar və vətəndaş cəmiyyəti qrupları da daxil olmaqla, digər maraqlı tərəflərin təqdim etdiyi məlumatlar.
Üç hesabatla burada tanış olmaq mümkündür: http://www.ohchr.org/EN/HRBodies/UPR/Pages/AZIndex.aspx
Azərbaycan üzrə müzakirələr mayın 15-də saat 9:00-dan 12:30-dək (Cenevrə vaxtı ilə) keçiriləcək.
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edəcək.
Müzakirələrin yekunlarına əsasən mayın 17-də Azərbaycana dair tövsiyələrin qəbulu gözlənilir.