Rusiyanın regionlar naziri İqor Slyunyayev Azərbaycanın Gömrük İttifaqına və ya Avrasiya İqtisadi İttifaqına qoşulmasının “tamamilə mümkün olduğunu” bildirib.
Virtualaz.org saytı İTAR-TASS agentliyinə istinadən xəbər verir ki, nazir Azərbacanın bu ittifaqa qoşulmasına dair müzakirələrin getdiyini deyib.
“Avrasiya iqtisadi ittifaqı təkcə iqtisadi baxımdan deyil, siyasi baxımdan da strateji layihədir. Ona görə də Azərbaycanın Avrasiya İqtisadi İttifaqına və ya Gömrük İttifaqına qoşulması tamamilə real perspektivdir. Mən hadisələrin bu cür inkişafını istisna etməzdim” - deyə İqor Slyunyayev qeyd edib.
Yada salaq ki, Avrasiya İqtisadi İttifaqını bu ilin mayında Astanada Qazaxıstan, Rusiya və Belarus prezidentləri təsis edib. Rusiya Azərbaycanın da bu ittifaqa qoşulması üçün rəsmi dəvət göndərib və gözlənilir ki, bu gün Bakiya səfərə gələn xarici işlər naziri Sergey Lavrov əsasən bu məsələni müzakirə edəcək.
Xatırladaq ki, iyunun əvvəllərində Bakıda səfərdə olan Rusiya iqtisadi inkişaf naziri Aleksey Ulyukayev də Azərbaycanın Avrasiya İttifaqına qoşula biləcəyi haqda danışmışdı. Lakin Azərbaycan rəsmiləri dərhal Bakının belə niyyətinin olmadığını bildirdilər.
Bununla belə Rusiyanın ekspert çevrələrində Sergey Lavrovun Bakıya səfərinin əsas məqsədinin Azərbaycanın Avrasiya İttifaqına üzvlüyü ilə bağlı danışıqlar aparmaq olduğunu deyirlər.
Gazeta.ru internet qəzeti yazır ki, son vaxtlar Bakı ilə Moskva arasında təmaslar intensivləşib. Bakı Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında köməyinə ümid edir, Moskva isə Azərbaycanın Avrasiya İttifaqına qoşulmasında maraqlıdır.
Ekspertlər gözləyir ki, Lavrovun Bakı danışıqlarında Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunacaq. Belə ki, münaqişə regionunda son vaxtlar gərginliyin artması müşahidə olunur. Təmas xəttində atışmalar əvvəllər də olub. Lakin Rusiya ekspertlərinin qənaətinə görə, indiki gərginlik Ermənistanın ABŞ-ın Qarabağa dair bu yaxınlarda bəyan etdiyi rəsmi mövqeyi ilə bağlı ola bilər.
Rusiyanın MDB İnstitutunun Qafqaz şöbəsinin rəhbəri Vladimir Yevseyev də belə düşünür. O xatırladır ki, erməni tərəfi Amerikanın mövqeyindən narazı qalmışdı. Çünki Birləşmiş Ştatlar münaqişənin nizamlanmasının əsas şərti kimi işğal olunmuş ərazilərin geri qaytarılmasını nəzərdə tutur.
V.Yevseyevin sözlərinə görə, Rusiya son vaxtlar Qarabağa dair səylərini artırmaqla bu istiqamətdə diplomatik iş aparan Rusiya üçün problem yaratmaq istəyir. Ermənistanla sıx əlaqələri olan Rusiya ənənəvi olaraq Amerikayönümlü hesab olunan Azərbaycanla təmaslarını artırıb.
Sergey Lavrovun ardınca Rusiya baş nazirinin müavini Dmitri Roqozin Bakıya səfər edəcək. Ekspertlər bu intensiv təmasların Avrasiya İttifaqı ilə əlaqəli olduğunu deyirlər.