Parkomatlardan yığılan pullar hara gedir?! – GİZLİ ÇƏKİLİŞ

15-05-2018, 11:15   


Parkomatlardan yığılan pullar hara gedir?! – GİZLİ ÇƏKİLİŞ
Əraziyə görə nəzarətçilərə 30 manatdan 1000 manata qədər plan qoyulur

Paytaxtın ən boş küçəsində də maşın saxlamaq olmur. Hətta bəzən gecə yarısı da maşını park edib 5 dəqiqəlik dükana düşürsən, qayıdanda bir də görürsən haradansa əliçubuqlu bir vətəndaşımız zühur edib sənə yol göstərir. Təbii umacağı var.

Xalqımın səxavətinə bələd olduğumdan bilirəm ki, çoxumuz parklanmanı nizamlayan adamları əliboş yola salmırıq. Pul verməyəndə isə eşitdiyimiz sehrli söz var: “qardaş, mən özbaşıma dayanmamışam, ha. Plan verirəm”.

Bu sözdən sonra necə plana kömək etməyəsən axı?! Amma işi oturaq olmayan adamlar var ki, bu minvalla günə 4-5 manat parklanmaya pul xərcləyir.

Plan verən vətəndaşlarımızdan biri də şərti adı Sərvər olan nizamlayıcıdır. O şəhərin müxtəlif yerlərində Bakı Şəhər İcra hakimiyyətinin işçisi kimi gəlib-gedən sürücülərə parklanma zamanı yardım edib, bəzən mübahisə edib, bəzən də kiçik bəxşişlər alıb. Sərvər deyir ki, yeni aparatlar gələnə qədər birtəhər dolanırdılar. Amma indi plan qoyublar. Planlar ərazilərdən asılı olaraq dəyişir. Və planı çatdırmayanda pulu məvacibdən tuturlar.

Sərvərlə söhbətdən sonra onun dediklərinə əmin olmaq üçün paytaxtın müxtəlif yerlərinə baş çəkdik. Müsahibim deyirdi ki, bəzən vətəndaşları qorxutmaqdan ötrü hədə təyinatlı sözlərdən istifadə edirlər. Deyəsən birincisi ilə rastlaşdıq.

Başqa bir nəzarətçi isə deyir ki, MTK-lar dayancağı baha etdiyindən yaşayış binalarının sakinləri də avtomobillərini yolda saxlayır.

Topladığımız məlumatlara görə Bakının hər rayonunda Xüsusi təyinatlı avtomobil nəqliyyatı idarəsinin sektoru var. Sektorlar ərazilərə bölünür. Ən çox planlar mərkəzdə yerləşən ərazilərdədir. Məsələn, Dəmiryol xəstəxanasının yanında 4 işçi günə 600 manat, 28 may metrostansiyası ilə üzbəüz Cəfər Cabbarlının heykəlinin yanı günə 200 manat, Malakan bağı günə 300 manat, Zooparkın yanı günə 150 manat, Tofiq Bəhrəmov stadionunun qarşısı 1000 manat civarında gündəlik plan ödəyir. 

Əraziləri bir-bir sadalasam və məbləğləri ifadə etsəm xeyli vaxt aparar. Siz ekrandakı rəqəmlərə diqqət edin. Bu qədər məbləği həftəyə, onu da aya vursaq kosmik bir hasil alınır. Bunun vergisi verilirmi?! 

Müqabilində vətəndaşlara, sürücülərə hansı şərait yaradılır?! Bax, bu suallara qəti cavab tapa bilmədik.

Düşünməyin ki, materialı qarşı tərəfin mövqeyi olmadan işıqlandırırıq. Əvvəlcə Bakı Nəqliyyat Asgentliyi ilə əlaqə saxladıq. Agentlikdən bildirdilər ki, bu xidmət hələ Agentliyin balansına keçirilməyib. Təbii ki, Bakı Şəhər İcra hakimiyyətinə zəng etmişik. Xoşbəxtlikdən dəstəyi götürüblər.

Təbii ki, oradan qəti bir cavab almamışıq. Verilən nömrələsə əsasən Xüsusi təyinatlı avtomobil nəqliyyatı idarəsinin məsul şəxsləri ilə əlaqə saxlamağa çalışdıq. Amma nömrənin biri təyin edilməmişdi. Başqa bir nömrədən isə bildirdilər ki, bura cərimə meydançasıdır. Materialın ardı var.

Orxan Məmmədli
Real TV

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.