AzərTAc bildirir ki, iyunun 17-də Rusiyanın “Perviy kanal” teleşirkətinin populyar “Pust qovoryat” verilişi mayın 22-də bu ölkənin Krasnoyarsk vilayətində baş vermiş hadisəyə həsr olunub.
Həmin gün sürücü sərnişin avtobusunu istilik sistemi şəbəkəsində yaranmış qəza nəticəsində avtomobil yolundakı qaynar su axınının üstündə saxlayıb. Sürücü Vyaçeslav Yevdokimov sərnişinləri qapıları bağlı avtobusda atıb qaçdıqdan sonra üç azərbaycanlı gənc – Tural və Səbuhi Rəhimov qardaşları, Xəyyam Şirinov öz həyatlarını təhlükə qarşısına qoyaraq insanları xilas ediblər.
Verilişdə Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov, Tural və Səbuhi Rəhimov qardaşları, Xəyyam Şirinov iştirak ediblər.
Qüdsi Osmanov bildirib ki, ötən il Moskva vilayətində yaşayan qohumlarının evinə qonaq gəlmiş azərbaycanlı gənc Səmaləddin Nağıyev göldə boğulan uç rus qızını xilas edərkən boğulmuşdu. Q.Osmanov deyib: “Səmaləddin Nağıyev və bu gənclər bizim üçün nümunədirlər. Biz uşaqlarımıza məktəb partasından başlayaraq nümunəvi olmağı, ətrafda baş verənlərə laqeyd qalmamağı öyrətməliyik”.
Xatırladaq ki, avtobusda köməksiz vəziyyətdə qalmış sərnişinlərin həyatını xilas etmiş azərbaycanlı qardaşlar Krasnoyarsk şəhərinin meri Edxam Akbulatov tərəfindən “Təşəkkürnamə” ilə mükafatlandırılıblar.