Bakının qızıl fürsəti - Ağ Evin seçimi

21-05-2018, 09:07   


Tramp ABŞ-a birinci kimi dəvət edəcək – prezident İlham Əliyevi, yoxsa Paşinyanı? Azərbaycana qarşı erməninin yeni məkrli hədəfi: işğalçının bir əlindən Rusiya, o birindən Amerika tutsa...

Ermənistanın yeni baş naziri Nikol Paşinyan Rusiya və Qərb (ABŞ) arasında təhlükəli “ikili oyun” aparır. Bir yandan, o, Kremlə sadiqlik bəyanatları verirsə, digər yandan, müstəsna olaraq, qərbpərəst kadrları yüksək vəzifələrə gətirir. Müdafiə, xarici işlər, ədliyyə nazirləri bu qəbildəndir. Son olaraq o, Təhlükəsizlik Şurasının sədri postuna qərbpərəst Armen Qriqoryanı qoyub. Bundan əlavə, amerikalı məşhur mütəxəssis Daron Acemoğlunu iqtisadçı məsləhətçi kimi dəvət edib - hərçənd sonuncu bu təklifi isti qəbul etməyib.

Ötən həftəsonu İrəvanda Amerika səfiri Riçard Millzlə görüşən Nikol Paşinyan Vaşinqtondan “islahatlar, demokratiyanın inkişafı, korrupsiya ilə mübarizə və insan haqlarının müdafiəsi üçün” dəstək istəyib. Öz növbəsində Millz ərz edib ki, Ağ Ev “sadalanan hədəflərə çatmaq və Ermənistanı Amerika sərmayələrinə  cəlbedici eləmək” üçün kömək göstərməyə hazırdır.

1 in.am nəşrinin şərhçisi Sərkis Arsruni isə bir az da uzağa gedərək ABŞ prezidenti Donald Trampın artıq Paşinyanı qəbul etməsinin vaxtı çatdığını yazıb. “Yeni Müsavat”ın məlumatına görə, o, hətta bu görüşün Trampa “şərəf gətirəcəyini” (!) iddia edərək ona minnət qoyub. Sən demə, işğalçı ölkə “demokratiya yönündə sıçrayış” edibmiş. Müəllifə görə, nədən Qazaxıstan və Özbəkistan prezidentləri Ağ Evə çağırılaraq qəbul edilir, amma erməni “məxməri inqilab”ın lideri Paşiyan yox?  

Trump ile ilgili görsel sonucu

Sitat: “Əlbəttə ki, Vaşinqtonun Mərkəzi Asiya ölkələrinə marağı geosiyasi məzmuna malikdir və NATO-nun əfqan kampaniyası ilə sıx bağlıdır. Ancaq istənilən halda, Özbəkistan prezidenti Mirzyayev ölkəsində siyasi və iqtisadi mülayimlik yaratmağa başlamasaydı, yəqin ki, Vaşinqtonda qəbul olunmazdı. Ermənistanda son baş verənlər geosiyasi çalara malik deyildi, amma ölkənin demokratikləşməsinin geridönməzliyi, beynəlxalq nüfuzunun kəskin artması kontekstində radikal və sıçrayışlı idi. Bu üzdən baş nazir Paşinyanın Ağ Evdə qəbulu hətta ABŞ prezidentinə əlavə şərəf gətirərdi”.

Erməni şərhçi daha sonra yazıb: “Əgər Ermənistanın yeni hökuməti ölkənin artan nüfuzunu maddiləşdirə bilsə və nəzərə alsaq ki, İrəvan həm Tehran, həm də Vaşinqtonla isti münasibətlərə malikdir, o zaman Ermənistan İran ətrafında yaranmış böhranın önlənməsində ciddi rol oynaya bilər. Ola bilsin, bu təklif indi nəzəri görünəcək, ancaq məxməri inqilab və yeni regional reallıqlar daha fəal və təşəbbüsçü xarici siyasət üçün əsaslar yaradır”.

*****

Kreml ile ilgili görsel sonucu

İşğalçı ölkə ABŞ və İran arasında vasitəçi olacaqmış - üstəlik, Amerikadan ciddi dəstək ala-ala. Doğurdan da iştah diş altında imiş... Guya Ermənistanda demokratik inqilab baş verib. Ancaq “demokratik inqilab”ın lideri Paşinyan kurtkasını kostyuma dəyişən kimi Soçiyə qaçıb Putinə biət elədi, ona sədaqət andı içərək Ermənistanın Rusiya orbitində, Avrasiya Birliyində, KTMT-də (“Rus NATO-su”nda) qalacağına, Kremlin cızığından çıxmayacağına söz verdi, üstəlik, “aramıza heç kim girə bilməz” dedi.

Odur ki, sual ortaya çıxır: Rusiya ilə soyuq savaş dövrünü yaşayan Amerikaya Kremlə sadiq erməni başçını Ağ Evə dəvət eləmək çoxmu lazımdır? Kremldə də elə bunu gözləyirlər ki, Paşinyanın ayağı büdrəsin və dərhal ondan qurtulmaq ssenarisini işə salsınlar. Maraqlı olacaq. Baxaq görək Kremlin yanında və siyasi orbitində olub da necə qərbpərərst, “islahatçı Saakaşvili” olmaq olar.

*****

PaÅinyan ile ilgili görsel sonucu

Yeri gəlmişkən, artıq ölkədə Paşinyanın islahatlarına şübhə eləməyə başlayıblar. Hətta bu xüsusda o, tənqidə tuş gəlməkdədir - ələlxüsus yerli qərbyönlü KİV-lər tərəfindən. Məsələn, bəllidir ki, Paşinyan bütün siyasi məhbusları buraxacağını bəyan etmişdi. Lakin baş nazir olandan sonra sözünü tutmadı və bildirdi ki o hakim deyil, məhkəmənin yerinə qərar verə bilməz.

“Etirazçı hərəkatın lideri ikən o, uca səslə bəyan edirdi ki, Ermənistanda siyasi məhbuslar dərhal azad edilməlidir. ”Qısa müddətdə siyasi dustaqlar azad olunmalıdır. Daha bir neçə gün gözləyin və biz bu məsələləri həll edəcəyik", - deyə Paşinyan aprelin 26-da “Azadlıq” radiosunun efirində söyləmişdi. Ancaq Jirayr Səfilyanın, bir çoxları - hansılar ki, Serj Sərkisyan dönəmində siyasi baxışlarına görə həbs olunmuşdular, - hələ də azadlıqda deyillər. Niyə? Axı, məntiqlə, yeni hakimiyyət əvvəlki rejimlı mübarizə aparanları, siyasi baxışlarına görə əziyyət çəkənləri azad etməli idi. Cəmiyyətin bir əsas gözləntisi də bu idi. Bu nə inqilabdır ki, öncəki rejimlə mübarizə aparanların qapısını açmır?" “Yeni Müsavat” xatırladır ki, sitat armenianreport-dakı məqalədəndir.

*****

Sözsüz ki, Azərbaycanın əlinə işləyən bir gəlişmədir. Bu fonda Bakı böyük Cümhuriyyət əfvi ilə Amerikanın da siyasi məhbus saydığı dustaqları azad edərsə, düşmən ölkədən bir addım qabağa düşmüş olar, işğalçı ölkədəki “demokratik inqilab”ın onun xeyrinə yaratdığı yeni təbliğati effekti xeyli balanslaşdırmış olardıq.

Ümid edək ki, Paşinyanın demokratik islahatlar arzusu da puç olacaq. Hər necə olmasa, Ermənistan Rusiyanın vassalı olaraq qalır və azad olmayan ölkədə, xüsusən də Rusiyadan asılı satellit ölkədə dərin islahatlar aparmaq mümkün görünmür. Bu xüsusda Bakının islahatlar üçün əslində daha böyük şansı, fürsəti var.

Belə ki, siyasi məhbusların azad olunmasının ardınca erkən və demokratik parlament seçkilərinin keçirilməsi ölkəmizin Qərb, ABŞ yanında beynəlxalq imicini xeyli yaxşılaşdırar, xaricdə erməni çevrələrinə bağlı məkrli dairələrin, “sapı özümüzdən olan baltalar”ın əleyhimizə əks-təbliğat arqumentini kəsərsiz edərdi. Yekun etibarilə Qarabağ məsələsində də daha uğurlu mövqeyə çıxmış olardıq.

Ä°lham Æliyev Obama ile ilgili görsel sonucu

Onu da xatırladaq ki, eks-prezident Barak Obama 8 illik prezidentliyi dövründə nə Azərbaycan, nə də Ermənistan prezidentlərini Ağ Evə dəvət etməyib. Heç olmasa, Dağlıq Qarabağ məsələsinə görə buna getməyib. Tramp üçünsə belə imkanlar qalır. Hələlik o, yalnız İlham Əliyevə və Nikol Paşinyana seçkilərlə bağlı təbrik məktubları ünvanlamaqla kifayətlənib. Məktublarda Qarabağ məsələsinə də toxunub. Görəsən, Ağ Evə o, birinci kimi dəvət edəcək?

*****

Heç şübhəsiz ki, vassal Ermənistanla müqayisədə balanslı siyasət yürüdən və əlverişli geosiyasi mövqeyə malik Azərbaycan Amerika üçün qat-qat böyük dəyərdədir. Bura həm də ölkəmizin Avropa üçün energetik önəmi daxildir. Ancaq unutmaq olmaz ki, mənfur qonşular Azərbaycanın bu önəmini işğalçı ölkənin demokratik imicini yaratmaqla neytrallaşdırmağa girişiblər. Bununla da Qarabağ məsələsində yeni və daha effektli təbliğati rıçaq əldə etməyi hədəfləyiblər: antitezis də belədir ki, dünya Qarabağı niyə sivil ermənilərə yox, antidemokratik Azərbaycana verməlidir?

armenia erevan pashinyan ile ilgili görsel sonucu

Paşinyanın əsas məkrli planı isə təxminən belədir: Ermənistanın bir əlindən Rusiya, o birindən ABŞ-ın tutmasına nail olmaq. Yəni Rusiyadan təhlükəsizlik qarantı, ABŞ-dan isə “islahat” oyunu qarşılığında böyük maliyyə-siyasi dəstək almağı düşünürlər. Azərbaycan üçün ən xoşagəlməz vəziyyət bu ola bilər və Bakı situasiyanın bu cür inkişafını pozmağı bacarmalıdır.

*****

“Demokratik işğalçı” anlayışı mövcud olmasa da, biz gərək XXI əsrin reallıqlarını, “yazılmayan qanunları”nı unutmayaq. Ən azı xristian amili, erməni lobbisi faktoru bu təbliğatda sövq-təbii onların xeyrinə işləyir. Nəzərə alsaq  ki, torpaqlarımızın savaş yolu ilə azad edilməsi üçün də ölkəmizin yetərli demokratik imici vacibdir, o zaman Azərbaycan demokratikləşmə məsələsində Ermənistandan daim bir addım öndə olmaq zorundadır.

Buna potensialımız artıqlaması ilə var. Ən azından, 100 illiyinə hazırlaşdığımız Cümhuriyyət ənənələrinə, hazır “resept”ə və böyük dəyişikliyə start verən dövlət başçısının israrlı iradəsinə sahibik...

“Yeni Müsavat”ın analitik xidməti

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.