Suriyada fevral ayında 200-ə yaxın rus hərbçisinin qırılması ilə nəticələnən döyüşlə bağlı mübhəmlər hələ ortaya çıxmayıb. Lakin ABŞ mediası mövzunun üzərinə gedərək maraqlı faktların üstünü açıb.
“The New York Times” qəzeti isə baş verən döyüşün təfərrüatlarının açıqlandığı maraqlı yazı qələmə alıb. Qəzetin jurnalisti Tomas Gibbons-Neff fevral aynın 7-də Deyr əz Zor yaxınlığında olan hadisəni əldə olan rəsmi sənədlərə əsasən təsvir edib.
Məqalədə yazıldığına əsasən həmin günün əvvəlində hər hansı bir döyüş gözlənilməyib. ABŞ-ın “Delta” xüsusi təyinatlı dəstəsinin 30 əsgəri və rencerlər ərəb və kürd könüllüləri ilə birlikdə “Conoco” qaz zavodunun ətrafında qurulan istehkamda növbə çəkirlərmiş. Obyektdən təxminən 20 mil (32 km) uzaqlıqda isə “yaşıl beretlilər” və və dəniz piyadaları tağımı dronların köməyi ilə ötürülən videogörüntüləri və digər məlumatları kompüterlərdə izləyirlərmiş.
Gündüz saat 3-də Suriya gücləri (Əsəd ordusu və rus muzdluları) “Conoco” zavoduna tərəf hərəkət ediblər. Axşama yaxın isə zavod yaxınlığındakı əraziyə 500 hərbçi və 27 nəqliyyat vasitəsi cəlb olunub.
ABŞ-ın Qətərdə yerləşən Əl-Udeyd hərbi bazasında, habelə Pentaqonda oturub peyk görüntülərini müşahidə edən analitiklər bu səhnəni öncə narahatlıqla izləyiblər. Komandirlər pilotlara və yerüstü personala dərhal xəbərdarlıq edib.
“Yaşıl beret”lər və və dəniz piyadaları kiçik reaksiya qrupu hazırlayıblar. Qrupa 16 hərbi qulluqçu və 4 maşın daxil edilib.
20:30-da 3 T-72 tankı “Conoco” tərəfə hərəkət etməyə başlayıb.
22:00-da isə ABŞ əsgərləri tanklardan və digər zirehli texnikalardan ibarət kolonun zavod ətrafındakı yaşayış məntəqələrində gizləndikləri yerlərdən çıxdığını və onlara tərəf hərəkət etdiyini müşahidə ediblər. Yarım saat sonra Suriya ordusu və rus muzdlularından ibarət birləşmələr atəş açmağa başlayıb.
ABŞ kommandosu ilk yaylım atəşindən çətinliklə də olsa, səngərlərin və istehkamların köməyi ilə yayına bilib. Onlar müdafiənin yerüstündə ağırlığını öz üzərlərinə götürüblər.
Döyüşün ilk 15 dəqiqəsindən sonra hərbçilər rusiyalı həmkarları ilə əlaqə yaradaraq onlardan dərhal hücumu dayandırmağı tələb ediblər. Bu baş tutmadıqdan sonra amerikalı əsgərlər ilk xəbərdarlıq atəşini açıblar.
Daha sonra əməliyyat bölgəsinə ABŞ təyyarələri, o cümlədən F-22, F-15E qırıcıları, B-52 bombardmançıları, artilleriya dəstəyini həyata keçirə bilən AC-130 təyyarəsi, An-64 “Apaçi” helikopteri və pilotsuz uçan aparatlar cəlb olunub.
Yerüstü döyüş bölgəsinə isə xüsusi qrup göndərilib. 23:30-da qrup qarşı tərəfin artilleriya atəşi sayəsində geri çəkilməli olub.
Gecə saat 1-də artilleriya atışinin zəiflədiyi bir vaxtda dəniz piyadalarından və “yaşıl beretlər”dən ibarət komanda “Conoco” istehkamına gəlib çıxa bilib. Həmin vaxta qədər isə ABŞ aviasiyası “məsələni” səmada həll edib.
Bu vaxta qədər rusların nə qədər itki verdiyi barədə dəqiq məlumat verilmir. Suriyalı zabitlər 100 nəfərin ölümünü təsdiqləyiblər. “The New York Times”, əldə etdiyi sənədlərdə isə həlak olan muzdluların 200-300 civarında olduğunu yazır.
“Hələ bu vaxta qədər rus muzdluların niyə hücum etdiyi barədə suallar qalmaqda davam edir. Kəşfiyyat rəsmilərinin sözlərinə görə, “Vaqner qrupu” adlanan özəl hərbi birləşmə Suriyada neft və qaz mədənlərini qorumaqla mükəlləfdir. Muzdlular bu ərazilərdə təbii yataqların istismarından öz paylarını alırlarmış.
Lakin necə deyərlər, “artıq tamah baş yarar” və rus muzdluları öz acgözlüklərini canları bahasına ödəyiblər.
Musavat.com