Stanislav Tarasov
regnum.ru, 27.05.2018
Vaşinqton İranın nüvə proqramı üzrə 2015-ci ildə beynəlxalq vasitəçilər “altılığının” (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa, Almaniya) imzaladığı sazişdən çıxdığını bildirəndən sonra aydın olub ki, amerikalıların Yaxın Şərqdə antiiran siyasəti dayanıqlı xarakter alır.
ABŞ Dövlət Departamenti təmsilçisi Hizer Nauert lap bu günlərdə Tehrana qarşı Vaşinqtonun öz müttəfiqlərini sürüyüb gətirmək niyyətində olduğu geniş koalisiyanın yaradılması üzrə fəaliyyətin başlandığını növbəti dəfə anons edib. Düzdür, bu koalisiyaya məhz hansı ölkələrin girə biləcəyi hələlik bildirilmir. Yəqin ki, İsrail, Səudiyyə Ərəbistanı və Fars körfəzinin digər “neft” monarxiyalarından danışmaq olar. Amma bu, amerikalılara açıqca bəs etməyəcək. Onlara Cənubi Qafqaz respublikalarını da yeni alyansın bayrağı altına yığmaq lazımdır.
Nauertin sözlərinə görə, buradan “İranın və onun yürütdüyü siyasətin yenidən formatlanması”na yönəlik fəaliyyəti həyata keçirmək asandır. Həmin bölgədə Amerika maraqlarına dirçəliş də buradandır.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə azərbaycanlı həmkarı İlham Əliyevə sıradakı fikirlərin bəyan olunduğu məktub göndərib: “Qarşıdakı aylar Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün imkanlar açacaq, bu da ABŞ və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi üçün daha yaxşı imkanlar yaradacaq”.
Bakılı politoloq Elxan Şahinoğlu bu ismarıcı mayın 28-də qeyd edilən Respublika Günü münasibətilə Trampın Əliyevin ünvanına əvvəllər göndərdiyi ismarıcla tutuşdurub. Onda Artsax Respublikası (mətndə bu cürdür-red.) (Dağlıq Qarabağ) haqda yalnız bir təklif var idi: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc tənzimlənməsini qətiyyətlə dəstəkləyir”.
Tramp indi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün “açılan hansısa yeni imkanlar”dan yazır, daha dəqiqi, eyham vurur. Bu, hələlik yalnız bir şeydədir: Ermənistanda hakimiyyət dəyişikliyi və ehtimal ki, Ağ Ev administrasiyasının bel bağladığı və Azərbaycan ekspertlərinin fikrincə, Trampın Vaşinqtonda Əliyevlə calaşdıra biləcəyi Paşinyanın səhnədə peyda olmasıdır.
Bu cür kombinasiyanın mənası iki dövlətin liderini müəyyən vaxta qədər özünə düyünləmək, başqa həmsədrlərin – Rusiya və Fransanın ATƏT Minsk Qrupunda bu yöndə fəaliyyətini buxovlamaq üçün münaqişənin nizamlanması üzrə onlara necəsə bir layihə təklif etməkdədir.
Regnum İA-da olan məlumata görə, amerikalılar münaqişə edən Bakı və İrəvanı münaqişənin təbiətini və məğzini yenidən mənalandırmağa məcbur etmək istəyərək, Moskvanı bölgədəki gerçək və potensial təsir rıçaqlardından məhrum etməkdən ötrü, hər şeydən əvvəl, Rusiyadan yan keçməklə Azərbaycandan gedən energetika resurslarının nəql marşrutunu nəzərdə tutmaqla münaqişəni geopolitik maraqlar sferasına keçirməyi sınamaq istəyirlər.
Corctaun Universitetinin Avropa və Rusiyanı öyrənmək üzrə fakültəsinin professoru Brend Şaffer yazır ki, Vaşinqton buna nail olsa, “hadisələrin inkişaf etməyə başlayacağı yeni ssenari müəyyən olunacaq”.
Gürcüstana gəlincə, bu günlərdə Gürcüstan baş naziri Georgi Kvirikaşvilini öz evində qəbul edən ABŞ vitse-prezidenti Mayk Pens bildirib ki, “Birləşmiş Ştatların bu bölgədə yürütdüyü siyasətdə Tiflisə özəl rol ayrılıb”.
Amerikalılar Amerikanın İranla nüvə sazişindən çıxmasıyla bağlı isə “Azərbaycanın da artan kürəsəl rolu” haqda bəyan edirlər. Belə ki, Vaşinqton üçün Tiflis və Bakını bir alyansa gətirmək özəl çətinlik ifadə etmir. Amma indi özgə vəzifə qoyulur: Ermənistanı Rusiyanın təsiri altından çıxarmaq – bu isə yalnız Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə Vaşinqtonun təklif etdiyi və Bakıyla İrəvanın bəyəndiyi planın Moskva tərəfindən qəbul ediləcəyi halda mümkündür.
Bu ssenarinin konkret necə gerçəkləşdiriləcəyi haqda indiyədək aydınlıq az idi, amma bu yöndə addımlar artıq atılır. ABŞ Cənubi Qafqaz və Yaxın Şərqdəki durumu İran kontekstində vahid mənzərədə birləşdirmək niyyətindədir.
Vaşinqtonun Cənubi Qafqaz dövlətlərinə indiki anda yanaşması bu qayda ilə bu bölgədə Amerikanın bütün strateji kursunun dəyişilməsi kontekstinə uyğunlaşacaq. ABŞ-ın indi Tehrana qarşı müharibəyə cürət edəcəyi başqa məsələdir. Amerikalıların İrana qarşı müxtəlif ssenarilərdə hərbi əməliyyatlarından 2000-ci illərdən danışırlar.
Tehranın nüvə proqramı üzrə sazişlərə hələlik əməl etməsi müharibənin mümkün törədiciləri üzərində ona mənəvi və siyasi üstünlük verir. Çox ehtimal ki, Vaşinqton Yaxın Şərqi və Cənubi Qafqazı gərginlikdə saxlamaq və ona xas qeyri-sabitliyi İrana yaymaq niyyətindədir – ABŞ dövlət katibi Mayk Pompeonun “Amerikanın səsi” fars xidmətinə müsahibədə dediyi kimi, “İran hökumətinin “normal dövlət” kimi hərəkət edə biləcəyi şəraiti yaratmaq” bəhanəsilə. Lakin Cənubi Qafqazda İrana qarşı “ikinci cəbhə”ni açılmasını da istisna etmək olmaz.
Tərcümə Strateq.az-ındır.