Bir neçə gün əvvəl Bakıda gəncin nişanlanacağı qızı amansızlıqla öldürməsi xəbəri eşidən hər kəsin qanını dondurdu. Öldürənin 21, ölənin cəmi 17 yaşı vardı. Hər ikisi həyatının bahar çağında idilər. Kim bilir, bu iki gəncin qəlbində bir-biri ilə bağlı hansı ümidlər, hansı arzular vardı?!
Şahidlərin musavat.com-a verdiyi məlumata görə, qətli törədən Elçin Qədimov ərzaq mağazası işlədirmiş. Yəni, tüfeyli həyat tərzi keçirən biri olmayıb. Nişanlısı Aytən Cəfərova da ortabab dolanan ailənin qızı olub.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, bir müddət əvvəl Aytənlə Elçin arasında münasibətlər yaranıb və gənc oğlan qıza onunla nişanlanacağını deyib. Lakin sonradan onların arasındakı münasibət pozulub və Elçin Aytənə elçi göndərməkdən imtina edib. Oğlanın bu hərəkətindən hiddətlənən Aytən Elçinə zəng edib. Bu zəngdən sonra Elçin babasından qalan tüfəngi götürərək qızgilin evinə gəlib.
Musavat.com-un əldə etdiyi məlumata əsasən, mayın 31-i axşam saat 10 radələrində qonşular Cəfərovların evindən güllə səsi eşidirlər. Nə baş verdiyini öyrənmək üçün hadisə yerinə gedəndə onları Aytənin anası qanlar içində “qarşılayıb”. Sən demə, Elçin ov tüfəngi ilə qızı güllələmək istəyərkən Aytənin anası Esmira Cəfərova özünü qabağa verib. Nəticədə ana və qızı güllə yaraları alıblar. Yaralıların hər ikisi də xəstəxanaya yerləşdirilsə də, həkimlər 17 yaşlı Aytənin həyatını xilas edə bilməyiblər.
Ana-balanı güllələyən şəxs əvvəl hadisə yerindən uzaqlaşsa da, sonradan polis bölməsinə gedib. E.Qədimov Aytənin onu söydüyünü deyərək törətdiyi dəhşətli qətlə “haqq donu” geydirib. Bundan sonrası isə hüquq-mühafizə orqanlarının işidir. Biz isə bu və buna bənzər formada törədilmiş məişət zəminində cinayətlərin pərdə arxasını analiz etməyə çalışacağıq. Ailə daxili cinayətlərin kökündə duran əsas səbəb nədir? Necə olur ki, bəzi insanlar dünənə qədər özünə doğma bildiyi adamı bu gün öldürə bilir?
Psixoloq Fərqanə Mehmanqızı sözlərinə görə, insan şəxsiyyətinin formalaşmasında ətraf mühit və ətrafdakı insanların ona münasibətinin çox böyük rolu var: “İnsanın şəxsiyyətində hər hansı bir psixoloji problemi araşdırarkən şəxsiyyətin yaranma prosesinə gedib çıxırıq. İnsanın qəddar, aqressiv, hikkəlildirsə, qarşı tərəfi anlamır və empati qura bilmirsə, səbəbi şəxsiyyətində olan problemlərdir. Binanın keyfiyyəti təməlindən asılıdır. Təməl möhkəmdirsə, bina da dözümlü olacaq. Şəxsiyyətin formalaşmasının da təməli 0-8 yaş arasında qoyulur. Əsas da 2 yaşdan sonra formalaşır. Şəxsiyyət ailənin, uşağın yaxınında olanların, ətrafın ona göstərdiyi münasibətindən formalaşır. Şəxsiyyətdə də möhkəmlik münasibətin düzgünlüyündən asılıdır. Uşağın beyni süngər kimidir. Nə görsə, götürür. Və bu götürdükləri də şəxsiyyəti formalaşdırır. Zamanla şəxsiyyət formalaşır və bərkiyir, korreksiya olunmaz hala gəlib çıxır. Ancaq o zaman korreksiya oluna bilir ki, özü-özündə mənfiləri görür və mənfilərin üzərində işləməyə başlayır. Ailə daxili zorakılıq varsa, bu zorakılıq uşağa keçirsə və uşaq zorakılığın şahidi olursa, uşağın şəxsiyyətində hər hansı travmalar qoyur. Bu travmalar aqressiya, kin, qısqanclıq, eqoizm, səbirsizlik və şiddət yaradır. Hər hansı bir aqressiyadan söhbət gedirsə, ardınca mütləq şiddət gəlir. Bütün bunlar da, əsasən də yeniyetməlik dövründən sonra şəxsdə depressiyalar əmələ gətirir. Depressiyalar da sonda qatil, cinayətkarı formalaşdırır. Belə insanların dalaşanda, əsəbiləşəndə qatil olma ehtimalı daha böyükdür. Ona görə də övlad böyüdəndə çalışmalıyıq ki, ona elə təməl qoyaq ki, gələcəyin qatili yetişdirməyək. Yaxşı ər olmaq hələ yaxşı ata olmaq demək deyil. Yaxud da yaxşı arvad olmaq, yaxşı ana olmaq demək deyil”.
Psixoloqun fikrincə, qadınlara əl qaldıran kişi uşaqlıqda döyülən oğlandır: “Cəmiyyətə baxın, insanların üzündən zəhrimar yağır. Sanki insanlar ancaq şəkil çəkdirib sosial şəbəkədə paylaşmaq üçün yaşayırlar. Heç nədən həzz almırlar. Ancaq başqa birindən üstün olduğunu göstərməyə çalışırlar. Bu da daxildəki travmalardan xəbər verir. Adam var, deyir, ”əşi, mən də uşaq vaxtı döyülmüşəm, mənə heç nə olmayıb". Necə yəni heç nə olmayıb? İşgəncəni normal qəbul edirsən. Bundan artıq sənə nə olmalıdır? İnsan hər hansı alçaldıcı sözü, zorakılığı adi hal kimi qəbul edirsə, bu, elə psixoloji problemdir. Belə uşaqlar böyüyəndə başqalarına qarşı zorakılıq edirlər. Zorakılıq yığılıb cinayətə çevrilir. Heç nə birdən-birə baş vermir. Hər ey xırda-xırda başlayır".
Mehmanqızı hesab edir ki, gələcəkdə bu kimi cinayətlərin qarşısını almaq üçün uşaqların yanında kin-küdurət haqda danışmaq olmaz: “Hər bir şəxsin formalaşmasında təməl nöqtə ailə, ailənin münasibəti və sevgidir. Uşaqda eqoistlik varsa, onu korreksiya etmək lazımdır. Bütün bunları düzgün yöndə etsək, gələcəkdə cinayətlərin qarşısını alınacaq. Çünki depressiya, psixi pozğunluğun qarşısı alınmış olacaq. Cəmiyyətdə ”mənim uşağım", “mənim balam”, “mənim övladım” və s. deyə ifadələr var. Elə bir şey yoxdur. Uşaq sənədlə sənin ola bilər, 2 yaşından sonra uşaq cəmiyyət arasına çıxır. Bağçaya, məktəbə, universitetə gedir. Övlad dünyaya gətirirsənsə, cəmiyyət üçün şəxsiyyət yetişdirməlisən".
Xatırladaq ki, 3 il əvvəl Aytac Babayeva da 17 yaşıında 20 yaşlı İzzət Hüseynov tərəfindən bıçaqlanaraq öldürülmüşdü.
Ləman MUTAFAQIZI,
“Yeni Müsavat”