“Ülgüclə damarlarını doğrayıb”
Niderlandın Leersum şəhərindəki mühacir kampında olan Fikrət Mahmudov adlı azərbaycanlı özünü öldürüb.
Bu barədə Meydan TV-yə onunla eyni kampda olan azərbaycanlı məlumat verib. Bildirib ki, o, öncə Almaniyadan sığınacaq istəyib. Alınmadıqdan sonra Niderlanda üz tutub:
“Niderland hökuməti ona oturum izni vermədi. Dünən axşam polislər onu Azərbaycana göndərmək üçün kampa gəlmişdilər. O isə getmək istəmirdi. Üstündəki ülgüclə damarlarını doğrayıb”.
Fikrət Mahmudovun Bakının Yasamal rayonunda qeydiyyatda olduğu söylənilir.
“Gecə ilə onu xəstəxanaya çatdırdıq. Ancaq həyatını xilas etmək mümkün olmadı, ambulansda öldü. Cənazəsi yaxın günlərdə Azərbaycana göndəriləcək”- kampdakı digər azərbaycanlı deyir.
Fikrət Mahmudov sığındığı ölkəni tərk etmək istəməyən ilk azərbaycanlı deyil. Bu ilin yanvarında barəsində Almaniyadan deportasiya qərarı çıxarılan daha bir azərbaycanlı ailə ilə polis arasında insident yaşanıb. Qərarla razılaşmayan ailə onları yataqxanadan çıxarmağa gələn işçi qrupuna qarşı çıxıb.
Ölkəni tərk etmək istəməyən ailənin başçısı polisin silahını alaraq bir neçə dəfə göyə atəş açıb. O, Miqrasiya Xidmətinin və Təhlükəsizlik Xidmətinin əməkdaşlarını girov götürüb. Polis isə hadisə yerindən qaçıb. Hadisə zamanı deportasiya edilmək istəməyən kişinin həyat yoldaşı da özünə bıçaqla xəsarət yetirib.
Bu ilin fevralında isə Almaniyanın Bavariya əyalətinin Bamberq şəhərində yaşayan 1978-ci il təvəllüdlü Azərbaycan vətəndaşı Kəmalə İmaməliyeva intihara cəhd edib. O da sığınacaq istədiyi Almaniyadan geri qayıtmaq istəməyib.
Son illər azərbaycanlıların ölkədən axınının gücləndiyi müşahidə edilir. Ekspertlər bunu ölkədəki iqtisadi-siyasi vəziyyətlə əlaqələndirirlər.
Ölkədən gedənlərin dəqiq sayı bəlli olmasa da, Almaniyaya üz tutanların çoxluq təşkil etdiyi deyilir. Elə Fikrət Mahmudovun da ilk üz tutduğu ölkə Almaniya olub.
“Legat” inteqrasiya mərkəzinin Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsindən əldə etdiyi məlumata görə, 2018-ci il yanvarın 1-dən aprelin 30-na kimi olan müddətdə 1564 nəfər Azərbaycan vətəndaşı Almaniyadan qaçqınlıq statusu istəyib. Onlardan 857 nəfərin müraciətinə rədd cavabı verilib.
“121 nəfər haqqında müsbət qərar qəbul edilib (onlardan 7 nəfərinə 16-cı paraqrafa əsasən, ailə birləşməsi ilə yaşamaq üçün icazə verilib, 61 nəfərin sığınacaq hüququ tanınıb, 17 nəfərin 41-ci paraqrafa əsasən, köməkçi müdafiə hüququ tanınıb, 36 nəfərə dözümlü yanaşılıb və ölkədən çıxarılması mümkünsüz hesab edilib). 586 nəfər haqqında isə digər prosedurlara uyğun qərar qəbul edilib. Bunlar da əsasən dublin sazişinə uyğun qəbul edilən qərarlardı. Dublin sazişinə görə, şəxs viza aldığı və ya ilk gəldiyi ölkəyə qaytarılır”- məlumatda deyilir.
Ötən ilin ilk yarısında sığınacaqla bağlı mənfi cavab alan 138 Azərbaycan vətəndaşı Almaniyadan deportasiya edilib.
“Report” agentliyi yazır ki, həmin şəxslərdən 98-i təyyarə, 40 nəfər isə quru yolu vasitəsilə Azərbaycana geri qaytarılıb.
Hava limanlarında göstərdiyi müqavimət səbəbindən üç nəfərin deportasiyası baş tutmayıb. Bir nəfərin isə səhhətində problem yaşandığı üçün onu ölkədən çıxarmaq mümkün olmayıb.
“85 azərbaycanlı Dublin Konvensiyasına uyğun olaraq Avropa İttifaqında gəldikləri ilk Şengen dövlətinə göndəriliblər. Onların 27-si 18 yaşına çatmamış şəxslər olub. Sığınacaqla bağlı mənfi cavabı alan 333 azərbaycanlı Almaniyanı könüllü olaraq tərk edib. 269 Azərbaycan vətəndaşı isə Almaniya hökumətinin həyata keçirdiyi Repatriasiya Proqramı çərçivəsində maliyyə yardımı müqabilində ölkəni könüllü tərk etməyə razı olublar. Bundan başqa, ötən ilin ilk yarısında altı azərbaycanlı Almaniya hava limanlarındakı sərhəd buraxılış məntəqələrindən, bir nəfər isə quru sərhəddən ölkəyə buraxılmayıb”.
2016-cı ildə isə sığınacaq müraciətinə mənfi cavab alan 93 azərbaycanlı ölkədən deportasiya edilib. Onların 87 nəfəri təyyarə ilə Azərbaycana, yerdə qalanları isə başqa ölkələrə göndərilib. Ötən il olduğu kimi 2016-cı ildə də hava limanlarında polisə göstərdiyi müqavimət səbəbindən üç nəfərin deportasiyası baş tutmayıb. Bir nəfərin isə halı qəfil pisləşdiyi üçün deportasiyası təxirə salınıb.
Nə qədər azərbaycanlının mühacir statusu almaq üçün Niderlanda müraciət etməsi barədə rəsmi məlumat yoxdur.