Bakıda sərnişin daşıma: Tamamilə kriminallaşmış sahə... “SƏNİN BAŞINI QOYUN BAŞI KİMİ KƏSƏRƏM…”

7-06-2018, 11:57   

 

Bakıda sərnişin avtobusu sürücüləri arasında zəngin kriminal keçmişə malik olanlar, yol hərəkəti qaydalarını dəfələrlə kobud şəkildə pozub qəzalar törədənlər, hətta ölümlə nəticələnən qəzalara səbəb olanlar barədə faktlar vaxtaşırı olaraq gündəmə gəlir. Bu, sərnişindaşımada keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qoyub getdiyi bədnam irsin ancaq bir tərəfidir.

Virtualaz.org saytı kriminal jarqonlarla danışıb sərnişinə 20 qəpik kimi baxan, tez-tez bir-birləri ilə ötüşən və yolda, sərnişinlərin gözü qarşısında daha çox adam götürmək uğrunda əlbəyaxa davalara girən, ağzınadək dolu sərnişinlə yol hərəkəti qaydalarını kobud pozan, qapılardan sallaşan sərnişinlərlə avtobusu yüksək sürətlə idarə edən sürücülər-ümumən bu sahədəki problemlər barədə dəfələrlə yazıb, amma belə görünür ki,  vəziyyət dəyişmir. Sərnişindaşıma sahəsində vəziyyəti düzəltmək üçün yaradılan Bakı Nəqliyyat Agentliyi də bu sahədə vəziyyəti köklü şəkildə dəyişməyə hələlik nail olmayıb, birmənalı şəkildə demək olar ki, sərnişindaşıma sahəsində vəziyyət tamamilə kriminallaşıb. Həm də sözün əsl mənasında. Bunu 66 saylı marşrut üzrə işləyən avtobuslardan birinin sürücüsünün sərnişinlərdən biri tərəfindən çəkilən və “Xəzər TV”-də yayımlanan görüntüləri də təsdiq edir.

Görüntülərdə sürücü sükan arxasında telefonla danışır və  kimisə kriminal jarqonlarla hədələyir: “3 dəfə srokum olub, ölümlə yatmışam. Sənin başını qoyun başı kimi evin içində tərsinə kəsərəm. Mənim üçün fərq eləmir….”

Bu görüntülər yayımlanandan sonra həmin sürücü Azad Yaqubov  işdən çıxarılıb, marşrut xəttini işlədənlər isə onun kriminal keçmişə malik olduğunu bildiklərini təsdiqləməyiblər. Deyiblər ki, həmin sürücü işə qəbul edilərkən əvvəllər məhkumluq yaşadığı barədə məlumat təqdim etməyib.

Qeyd edək ki, ötən il 20 sərnişinin xəsarət alması ilə nəticələnən  qəzadan sonra 175 saylı avtobusun sürücüsü Kamran Ağayevin soyğunçuluq kimi ağır cinayət əməlinə görə bir neçə dəfə məhkum həyatı yaşadığı bəlli olmuşdu. Ardınca piyada ölümünə görə yeni həbsxanadan çıxan və çıxar-çıxmaz da 39 saylı marşrutda işə düzələn sürücünün yenidən qəza törətməsi, dayanacaqdakı gənc qadını vurması səs-küy yaratmışdı. Daxili İşlər Nazirliyi isə 3 min avtobus sürücüsündən 461-nin məhkumluq həyatı yaşadığını açıqlamışdı.

Ekspert Azər Allahverənov deyir ki, məhkumluq həyatı yaşamış şəxslər islah olandan sonra istənilən sahədə çalışa bilərlər. Amma sürücü işə götürülərkən bu hal xüsusi diqqətdə saxlanılmalıdır. Çünki onlar gün ərzində yüzlərlə insanla ünsiyyətdə olurlar. Elə ola bilər ki,  keçmişdə yaşadığı arzuolunmaz hadisə sürücünün həyatında, davranışında iz buraxa bilər.

“Bu çox həssas bir məsələdir, çünki cəmiyyət islah olmuş vətəndaşı da təcrid edə bilməz”,- Allahverənov əlavə edib.

Sürücülər işə qəbul edilərkən sağlamlıq və məhkumluqla bağlı arayış gətirirlər. Ekspert deyir ki, keçmiş məhkumlar da işləməli, ailələrini dolandırmalıdırlar. Qanun da onların işləməsini  qadağan etmir: “Sürücülər həssas qruplarla işləyirlər, ona görə də sürücünün psixi sağlamlığı yoxlanılmalıdır”.

Allahverənovu sözlərinə görə, bəzən sürücü ilə sərnişin arasında mübahisə yaranır. Buna görə də sürücü istənilən vəziyyətdən çıxış yolu tapa bilməlidir. Daşıyıcılar sürücü işə qəbul edərkən onun etik davranışına, işi keyfiyyətlə yerinə yetirməsinə xüsusi diqqət verməlidirlər: “İnternetdə yayılan, sürücünün sükan arxasında telefonla danışığından bəlli olur ki, o, qaydalara riayyət etmir. Sükan arxasında telefonla danışır, həm də təhlükəsizlik kəməri taxmayıb. Belələri dərhal avtobusdan kənarlaşdırılmalıdırlar”.

Ekspertin fikrincə, agentlik də öz növbəsində məhkumluq həyatı yaşamış sürücüləri nəzarətə götürməlidir. Bundan əlavə, məhkum olub-olmamasından asılı olmayaraq bütün sürücülər mütləq agentliyin təşkil etdiyi kurslara cəlb edilməlidirlər.

Yol hərkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə deyir ki,  qanunda keçmiş məhkumlar üçün qadağa və ya məhdudiyyət yoxdur. Buna görə də əsas məsuliyyət daşıyıcıların üzərinə düşür. Daşıyıcılar sürücü işə götürərkən xüsusilə həkim nəzarətindən keçməsinə önəm verməlidirlər. “Sürücü etibar etdikləri xəstəxanada müayinədən keçməli, psixi durumunun normal olub-olmadığını yoxlamalıdırlar. Sonra sürücü kursa cəlb edilməlidir”, -Hüseynov bildirib.

Ekspertin fikrincə, xuliqanlıq edən, narkotik alverçisi və aludəçisi olub, yaxud  şəxs əleyhinə cinayət törədənlərin sərnişin avtobusunun sürücüsü kimi işə götürülməsi arzuolunan deyil. Belələri geniş əhali qrupları ilə təması olmayan başqa sahələrdə işləsələr daha münasib olar.

Doğrudur, qanun keçmiş məhkumların işləməsini qadağan etmir. Amma söhbət insanların təhlükəsizliyindən gedirsə qətllərə, zorlamalara, quldurluğa, narkotik alverinə və digər bu kimi ağır cinayətlərə görə uzun illər məhkumluq həyatı yaşayanların həbsxananı tərk edən kimi sərnişin daşımaqla məşğul olması nə dərəcədə düzgündür? Belələrinə işlədikləri avtobusda hər gün yüzlərlə, minlərlə sərnişinin təhlükəsizliyini etibar etmək hansı ağla, məntiqə sığır? Digər tərəfdən söhbət üstəlik yol hərəkəti qaydalarını kobud pozan, ölümlə nəticələnən qəzalar törədənlərin heç cəzasını da çəkib qurtarmadan yenidən avtobus sükanı arxasına keçməsinə imkan yaradanlar məsuliyyət daşımırmı?

Cavabsız suallar da sərnişindaşımada hökm sürən problemlər kimi çoxdur...

Ülviyyə Xudiyeva

Virtualaz.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.