Pakistanın Xarici Kəşfiyyat Agentliyi (FİA) “Madam Zafira” ləqəbli azərbaycanlı “mama roza”nı ölkənin suverenliyi, sosial həyatı və İslam mədəniyyəti baxımından iki ən ciddi təhdiddən biri adlandırıb.
Virtualaz.org saytı “The News İnternational” qəzetinə istinadən xəbər verir ki, FİA özbək radikal islamçı qruplaşmasını və Azərbaycan da daxil olmaqla 4 ölkədən gələn fahişələrin ölkə üçün yaratdığı təhdid barədə hesabat hazırlayıb.
Hesabatda deyilir ki, çoxsaylı özbək və çeçen terrorçular Pakistanda fəaliyyət göstərən “Təhriki Taliban” qruplaşması sıralarında döyüşür. Paralel olaraq özbək fahişələr də Pakistanda seks ticarətini yaymaqla ölkənin suverenliyini təhlükəyə atır.
FİA bu yaxınlarda yaşları 18-24 arasında olan onlarla özbək qızın ölkəyə gətirilməsinin qarşısının alındığını bildirir.
FİA-nın hesabatında deyilir ki, Özbəkistan insan inkişafı və vətəndaş azadlıqları baxımından üçüncü dünya ölkələri sırasındadır. Əhalinin yarıdan çoxu mötədil müsəlmandır.
“Lakin bu sual açıq qalır ki, özbək terrorçuları nədən vuruşmaq üçün Pakistana gedir və nədən öz ölkələrində qalıb islami islahatlar uğrunda mübarizə aparmırlar. Hansı ki, bu ölkədə fahişəlik ən geniş yayılmış və ən gəlirli biznes hesab olunur” - deyə Pakistan kəşfiyyatı bildirir.
“Özbəkistan İslam Hərəkatının lideri Usman Qəni və xarici ölkələrdən gətirilən fahişələrin klanına başçılıq edən “Madam Zafira” Pakistana və onun mədəniyyətinə qarşı eyni gücdə mübarizə aparırlar” - FİA əlavə edir.
Hesabatda bildirilir ki, Usman Qəni hazırda Pakistanda “Taliban”ın sıralarında döyüşən özbək terrorçularının qruplaşmasına rəhbərlik edir və üçüncü imam statusundadır. Ancaq “Madam Zafira”nı fahişələrin klanının rəhbərliyində heç kim əvəz edə bilməz. O, Özbəkistan, Azərbaycan, Rusiya və Türkmənistandan Pakistana aparılan fahişələrin qruplaşmasının tək lideridir. Özbəkistan İslam Hərəkatı “Təhriki Taliban” la yaxşı əlaqələr yaradıb və hazırda Şimali Vəziristan əyalətində baza quraraq Pakistana hücumlar edir. “Madam Zafira” isə Pakistanın yüksək bürokratiyasında, yüksək çinli polis zabitləri, varlı biznesmenlər və digər sahələrdən olan nüfuzlu şəxslər arasında özünə güclü dəstək qazanıb.
FİA zabiti bildirib ki, “Madam Zafira” 4 ölkədən - Özbəkistan, Rusiya, Türkmənistan və Azərbaycandan gətirdiyi fahişələrlə işləyir, lakin onun qruplaşmasında ən çox Özbəkistandan olan qadınlar yer alır.
Pakistanda döyüşən xarici döyüşçülərin say tərkibində də belə vəziyyət hökm sürür.
Kəşfiyyatdakı mənbələr deyirlər ki, “Taliban”ın sıralarında döyüşən çeçenlər özbəklərdən təxminən iki dəfə azdır.
“Özbəkistan İslam Hərəkatının yaraqlıları ölüm saçır, amansızdır və simasızdır, yerli yaraqlılara nisbətən fiziki baxımdan sağlamdır. Özbək fahişələri isə əksinə, gözəl və olduqca cəlbedicidir” - deyə FİA zabiti bildirib.
Kəşfiyyatın hesabatına görə, özbək terrorçuları ölkənin Ravalpindi, İslamabad, Lahor, Kəraçi və Multan bölgələrində fəaliyyət göstərir. Özbək fahişələrin mərkəzləri isə iri şəhərlərdə yerləşir. Özbəkistanın İslamabaddakı səfirliyi isə FİA-nın hesabatı ilə bağlı bildirib ki, orada deyilənlərin əsası yoxdur. Çünki Özbəkistan qatı islam ölkəsidir və orada fahişəlik geniş yayılmayıb.