İyun ayının 14-də Gəncə şəhərində doğuşdan sonra dünyasını dəyişən uşaq həkim səhlənkarlığı ucbatından ölüb. Bu barədə körpənin atası Fərahim Eyvazov ANS PRESS-ə şikayətində bildirib. Onun sözlərinə görə, uşaq doğulandan iki gün sonra dünyasını dəyişdi.
Fərahim Eyvazov deyir ki, bu onların ikinci övladı olacaqdı. Lakin həkim səhlənkarlığı körpəni həyatdan edib.
“Həyat yoldaşım Aygün Süleymanovanın gözündə problem var. Ona görə də, o, qeysəriyyə əməliyyatı vasitəsilə azad olub. Onun müalicəsi və doğuşu Abbas Səhhət adına 1 saylı Gəncə şəhər Xəstəxanasında baş tutub. Doğuşun müayinələri USM həkimi Səidə Fərruxzadə tərəfindən həyata keçirilib. Doğuşu Ağcagül Qasımova edib. Sonradan körpənin həkimi Ağcagül həkimin gəlini, pediatr Vəfa Axundova olub”, – deyə Fərahim Eyvazov bildirib.
Doğuşdan qabaq qadında heç bir problem aşkar edilməyib. Aygün Süleymanovanın 3 kq.lıq oğlan uşağı dünyaya gəlib. Doğuşdan sonra isə uşaqda göyərmələr baş verib. Ağcagül xanım, eləcə də, Vəfa həkim bildiriblər ki, uşağın ürəyində problemlər var. Lakin həkimlər bu barədə gec xəbər tutublar. Bir neçə gün sonra uşaq dünyasını dəyişib.
“Doğuşa qədər müayinələr olub. Uşağın ürəyində problemlər olduğunu əvvəlcədən müəyyən etmək olardı. Uşaqda başqa problemlər olduğunu demişdilər və müalicə kursları yazılmışdı. Əgər bilinsəydi, əvvəldən ürəyinə görə müalicə edərdik”, - deyə Fərahim Eyvazov bildirib.
Övlad acısını dadan atanın sözlərinə görə, uşağın ölümündən sonra körpənin meyidini tibbi kespertizaya aparıblar. Ekspertiz bildirib ki, əslində körpədə ürək problemi olmayıb. Körpənin ağ ciyərlərində problem olub. Fərahim Eyvazovun sözlərinə görə, ekspertizada deyiblər ki, əgər həkimlər vaxtında düzgün müdaxilə etsəydilər körpə ölməzdi.
“Mən istəyirəm ki, səhlənkarlığa yol verib, balamın ölümünə səbəb olan həkimlər cəzalansın. Mən heç kimin düşməni deyildim ki, balamı əlimdən aldılar. Bu gün mənim övladımı öldürənlər, sabah məsuliyyətsizlik üzündən başqalarının balalarını da bədbəxt edəcəklər. İstəyirəm ki, bu barədə rəsmi şəkildə araşdırma aparılsın”, - deyə Fərahim Eyvazov vurğulayıb.
Məsələni araşdırmaq üçün Abbas Səhhət adına 1 saylı Gəncə şəhər Xəstəxanası ilə əlaqə saxladıq. Xəstəxananın həkimi Ağcagül Qasımov ANS PRESS-ə bildirdi ki, uşaqda doğuşdan sonra problem yaranıb. Körpənin ölüm səbəbini soruşduqda isə həkim öz peşə fəaliyyətini yerinə yetirən jurnalisti təhqir edərək telefon əlaqəsini yarımçıq qoydu. Ağcagül Qasımov sonradan telefon zənglərimizə cavab vermədi.
Daha sonra səhlənkarlıqda ittiham olunan pediatr Vəfa Axundova ilə əlaqə yaratmağa cəhd etdik. Xanım pediatr da, haradan və nə üçün onunla əlaqə yaratmaq istədiyimizi öyrəndikdən sonra danışmaqdan imtina etdi.
Görünür həkimləri susmağa nəsə vadar edir. Bu ya özlərini günahkar bilməkdən irəli gəlir, yaxud da, kütləvi informasiya vasitələrinə hörmətsizlikdən.
Qeyd edək ki, Fərəhim Eyvazov Müdafiə Nazirliyinin cəbhə xəttində yerləşən "N" saylı hərbi hissəsində zabit kimi xidmət edir.