Çingiz Hüseynov Azərbaycan Yazıçılar Birliyindən çıxdı

19-06-2014, 11:15   
Çingiz Hüseynov Azərbaycan Yazıçılar Birliyindən çıxdı
Moskvada yaşayan azərbaycanlı yazıçı Çingiz Hüseynov Azərbaycan Yazıçılar Birliyindən (AYB) çıxdığını elan edib.

O, “Azadlıq” radiosuna göndərdiyi istefa ərizəsində yazır: - Azərbaycan Yazıçılar Birliyinə!

1959-cu ildə Azərbaycan Yazıçılar İttifaqına üzv olmuşam və bu günədək həmin qurumun varisi Azərbaycan Yazıçılar Birliyinin üzvü olaraq qalmışam. Müstəqillik dönəmində AYB qurultaylarının hamısına dəvət olunsam da, sonuncu, XII qurultaya dəvət olunmadım. Qəribədir, hər il AYB üzvlərinin latın qrafikası ilə çap olunan əsərlərinnin arasında mənim – digərlərini demirəm – “Fətəli fəthi” tarixi romanım da yoxdur. Nəzərə alaq ki, AYB məni rəsmən öz sıralarından çıxardığını elan etməyib, hələ də AYB üzvü sayılırdım. Onu da deyim ki, AYB rəsmiləri 85 illiyimdə mənə təbrik teleqramı belə göndərmədilər... Göstərdiyim səbəblərə görə artıq özümü AYB üzvü kimi hiss etmirəm – Azərbaycan Yazıçılar Birliyindən istefa verirəm. “Media forum” saytı bildirir ki, Çingiz Hüseynov 1929-cu il aprelin 20-də Bakıda doğulub. 1952-ci ildə Moskva Dövlət Universitetini bitirib. SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb, namizədlik dissertasiyası müdafiə edib. 1955-ci ildən SSRİ Yazıçılar İttifaqında milli ədəbiyyatlar üzrə məsləhətçi olub, daha sonra Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin nəzdindəki İctimai Elmlər Akademiyasında sosialist mədəniyyəti kafedrasının müdir müavini işləyib.

1947-ci ildən Moskvada yaşayan Çingiz Hüseynovun ilk mətbu əsəri 1955-ci ildə işıq üzü görüb. Çingiz Hüseynov “Məhəmməd, Məmməd, Məmiş”, “Fətəli fəthi”, “Ailə sirləri”, “Doktor N”, “İgra direktoriyası” kimi məşhur romanların müəllifidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.