Bu seçkilərlə Türkiyə yeni bir sistemə keçib. Bu dəyişiklik çox müsbət qiymətləndirilməlidir.Bu sözləri
Axar.az-a açıqlamasında analitik Vüqar Zifəroğlu deyib. O bildirib ki, Türkiyədə artıq prezident üsul-idarəsi tətbiq edilir:
“Bu da o deməkdir ki, idarəçilik sistemi prezidentin təqdimatı əsasında parlamentin təsdiq etməsi ilə formalaşacaq. Yəni parlament təsdiq etsə də, qərarnamələr prezident tərəfindən təqdim olunacaq. Ötən il Konstitusiyaya edilən dəyişikliklərə görə də artıq prezidentə daha artıq səlahiyyətlər veriləcək. Bununla da baş nazirin səlahiyyətlərinin də bir qismi prezidentə keçəcək. Bu da təbii ki, prezidentin daha çox manevr imkanları əldə etməsinə səbəb olur və idarəetmədə daha çevik və mobil bir sistemin tətbiq edilməsinə şərait yaradır. Türkiyənin iqtidarının bundan nə qədər bəhrələnəcəyini isə zaman göstərəcək. Qısacası, bu dəyişiklikləri müsbət qiymətləndirmək olar”.
Analitik vurğulayıb ki, ümumiyyətlə, indiyə qədər parlament üsul-idarəsində Türkiyə siyasi sistemi hər zaman koalision hökumət böhranları yaşayırdı:
“Bu koalisiya böhranları da dəfələrlə iqtisadi, siyasi böhranların yaşanmasına səbəb olurdu. Amma prezident üsul-idarəsi müəyyən mənada bu böhranları da aradan qaldıracaq. Əslində artıq yeni sistemə görə Türkiyə prezidenti hansısa bir partiyanın sədri və ya hansısa partiyanın təəssübkeşi də deyil. O, bütöv siyasi sistemi özündə ehtiva edən şəxs kimi fəaliyyət göstərəcək”.
Qeyd edək ki, 2017-ci ildə baş tutan referenduma əsasən, Türkiyədə artıq yeni prezident üsul-idarəsi bərqərar olacaq. Prezident Ərdoğan 2018-ci il 24 iyun seçkiləri ilə Türkiyədə yeni sistemin ilk prezidenti oldu.