“Mahmud Məmmədov + Zeynalovlar” yeni cinayətkar qruplaşması Azərbaycana müharibə elan edir

29-06-2018, 11:14   


 


Virtualaz.org ölkənin məşhur bankının – “GünayBank”ın hesablarından onlarla milyon dolların misli görünməmiş oğurluğu ilə bağlı araşdırmalarını davam etdirir. Bankın hazırda həbsdə olan İdarə Heyətinin sədr müavini Emin Zeynalov az qala 100 milyon manatı ofşor hesablarına köçürüb. Virtualaz.org-a məlum olub ki, bank pulları ofşor hesablarına Baltikyanı ölkələrin Vaşinqtonun sanksiyaları altında olan bankları vasitəsilə çıxarıb. “GünayBank”ın müdafiəsinə atılmış Maliyyə Bazarlarına Nəzarət üzrə Palatanın bəyanatı isə heç bir etimad doğurmur, çünki Palatanın rəhbərlərindən biri olan İbrahim Alışov özü bankın Bakının mərkəzində - “Nizami” metro stansiyasının yaxınlığında yerləşən filialı vasitəsilə həyata keçirilən çirkli sxemlərin iştirakçısıdır.

İ.Alışov manatın devalvasiyasının qızğın vaxtında valyuta alqı-satqısında fəal oynayaraq, ölkədə maliyyə böhranının dərinləşməsinə xeyli “yardım” edib. Lakin bu gün söhbət lazımsız strukturun zirvəsindən nominal və infantil rəhbəri olan Rüfət Aslanlını sıxışdırıb çıxarmış Alışovdan danışmayacağıq. Bu epizod, sadəcə olaraq, bir daha sübut edir ki, maliyyə sektorundakı bir çox məmurlar nə qədər “günaha batıblar” və buna görə də, “GünayBank”ın işinin ədalətli araşdırılmasında maraqlı deyillər.

Virtualaz.org artıq yazmışdı ki, hazırda Azərbaycan DİN Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin təcridxanasında saxlanılan Emin Zeynalov atası – təcrübəli bankir Zakir Zeynalovla birgə fəaliyyət göstərib.

İbrahim Alışov

Saytımızın mənbələri iddia edirlər ki, “GünayBank”ın sahibi Mahmud Məmmədovun yaxın dostu olan Zakir Zeynalov axtarışda olan oğlunu bilərəkdən gizlədib və onu hüquq-mühafizə orqanlarına KİV-də yayımlanmış və geniş rezonans doğurmuş yazıların dərcindən 15 gün sonra təhvil verib.

Böyük Zeynalov “GünayBank” rəhbərliyi ilə əlbir olaraq, aldadılmış əmanətçilərin vəsaitlərinin mənimsənilməsi üzrə öz planını gerçəkləşdirir və bildirir ki, bank qarşısında bütün borclarını bağlayıb. Bununla birlikdə, oğlunun oğurladığı pullar hesabına alınmış daşınmaz əmlakı bankın aktivlərinə yatıraraq, aldadılmış əmanətçilərə deyir ki, pullarını bankdan tələb etsinlər. Zakir Zeynalov gözəl anlayır ki, heç kəs onun oğlu tərəfindən oğurlanmış pullarla alınmış və bankın balansına daxil edilmiş daşınmaz əmlak vasitəsilə pulları qaytara bilməyəcək.

Başqa sözlə, uzun illər ərzində ölkənin ən iri banklarından birinə rəhbərlik etmiş və adı müxtəlif maliyyə fırıldaqlarına bulaşmış Zeynalov özünün çoxmilyonluq varidatını heç kimlə bölüşmək niyyətində deyil. Bütün aktivlərini “GünayBank”ın balansına keçirməklə Zeynalov yeni çirkin oyuna başlayıb. Bank dairələrində qeyd edirlər ki, təcrübəsiz Emin təkbaşına bu böyüklükdə bank fırıldağını həyata keçirə və məşhur məmurlara məxsus olan onlarla milyon dolları xaricdəki hesablara yollaya bilməzdi. Bütün mənbələr ona işarə edir ki, bu bank fırıldağında cinayətkar qruplaşma fəaliyyət göstərib və həmin qruplaşmaya “GünayBank”ın rəhbərliyi də cəlb olunub.

 

E.Zeynalovun həbsindən sonra “GünayBank”ın bütün zərərçəkmiş əmanətçiləri DİN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə şikayətlə müraciət ediblər. Lakin əlaqələrindən və varidatından istifadə edən “Mahmud Məmmədov – Emin Zeynalov – Zakir Zeynalov” cinayətkar qruplaşması həm istintaqa, həm də zərərçəkmişlərə güclü təzyiq göstərir. Qruplaşma yaxşı məlum olan vasitələrdən – qorxutmadan, şantajdan, qarşılıqlı ittihamlardan yararlanır... Bir şey məlumdur ki, mütəşəkkil cinayətkar qruplaşma oğurlanmış pulların mənimsənilməsi naminə bütün yollara gedir.

Devalvasiyadan bir ildən bir az çox keçmiş daha öncə maliyyə bazarının həndəvərinə yaxın düşə bilməyən Mahmud Məmmədov qara bazarda valyuta spekulyasiyalarının hesabına öz bankını möhkəmləndirdi, filial və valyutadəyişmə məntəqələri şəbəkəsini genişləndirdi ki, bütün bunlar ölkədə baş verən bank və maliyyə böhranı fonunda heç bir məntiqə sığmırdı. Səs-küylü qalmaqaldan sonra M.Məmmədov var gücü ilə özünün yeni layihəsinin əsas simasını – ifşa edilmiş Emin Zeynalovu xilas etməyə çalışır. Bu azmış kimi, M.Məmmədov İbrahim Alışovun və Maliyyə Bazarlarına Nəzarət üzrə Palatanın köməyi ilə Baltikyanı ölkələrin cinayətkar maliyyə dairələri ilə əlaqələrdə adı hallanan bankının nüfuzunu xilas etmək istəyir. Virtualaz.org-un mənbələri – aldadılmış əmanətçilər istintaqa çoxsaylı yazışmaları, əlaqələri, videoyazıları təqdim etməyə hazırdırlar ki, Canik Hacıyev – Eldar Mahmudov sxemi üzrə fəaliyyət göstərən cinayətkar qruplaşmanı sona kimi ifşa etsinlər.

Aldadılmış əmanətçilər və Mahmud Məmmədovun mütəşəkkil cinayətkar qruplaşmasının və “GünayBank”ın qurbanları ədalətli araşdırmaya ümid edir və istintaqla əməkdaşlığa hazır olduqlarını bildirirlər...

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.