Bu gün Azərbaycan Ordusunun növbəti genişmiqyaslı təlimləri başlayır. İyulun 2-dən 6-dək davam edəcək təlimlərə müxtəlif qoşun növləri, bölmələr, birlik və birləşmələr, o sırada 20 min nəfərədək şəxsi heyət, 120-dək tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunacaq.
5 günlük təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla, müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsi, o cümlədən şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi, həmçinin, genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə işğal edilmiş ərazilərin azad edilməsi üzrə tapşırıqlar yerinə yetiriləcək.
Kəskin kəsişən ərazi və mürəkkəb dağlıq relyef, həmçinin radioelektron mübarizə şəraitində keçiriləcək təlimlərdə birləşmə və hərbi hissələrin qarşılıqlı fəaliyyəti, qoşunlar və atəş vasitələrinin idarə olunması, eləcə də şərti düşmənin müxtəlif diversiya fəaliyyətlərinə qarşı taktiki epizodlar icra ediləcək. Təlimlərdə silahlanmasına yeni qəbul edilmiş ən müasir silah növlərinin və hərbi texnikanın tətbiqi ilə müxtəlif poliqonlarda döyüş atışlarının keçirilməsi nəzərdə tutulub.
*****
Təlimlərin konkret yeri göstərilməsə də, şübhə yoxdur ki, bu, cəbhəyanı zona olacaq. Diqqət edildisə, hərbi təlimlər faktiki surətdə işğal altındakı ərazilərin azad edilməsi üçün bəlkə də sonuncu baş məşq rolunu oynayacaq. Təlimlər həmçinin, yekun müharibə hazırlığı qənaəti yaradır. 2018-ci ilin yarısı arxada qalsa da, bu günədək sülh danışıqlarında heç bir müsbət dinamikanın müşahidə edilməməsi, əksinə, işğalçı tərəfin daha radikal mövqeyə köklənməsi Azərbaycana artıq ayrı seçim saxlamayıb.
Bəzi xarici hərbi ekspertlərə görə, Azərbaycan əslində genişmiqyaslı təlim adı altında özünün yeni və modern hərbi qüvvələrini konflikt zonasına yerləşdirmək hədəfi də güdür. Başqa sözlə, təlimlərin məntiqi davamı elə müharibə ola bilər - geosiyasi şərtlərdən asılı olaraq ya lokal, ya da daha geniş miqyaslı.
Budəfəki böyük təlim daha bir neçə aspektdən diqqət çəkir. Məsələ ondadır ki, 5 günlük təlim iyunun 26-da Bakıda keçirilən möhtəşəm parad və həmin paradda ilk dəfə Türkiyə birləşmələrinin iştirakından cəmi bir neçə gün sonraya təsadüf edir. Bu, hər şeydən öncə işğalçı Ermənistana silsilə güc nümayişinin davamıdır.
Ermənistandakı son hakimiyyət dəyişikliyindən sonra isə İrəvan-Moskva münasibətlərində Azərbaycanın xeyrinə işləyən bir qeyri-müəyyənlik yaşanır. Səbəblər barədə yazmışıq. Gizli qərbçi olan və komandasını bütünlüklə Rusiyaya rəğbəti olmayanlardan quran baş nazir Nikol Paşinyana, eləcə də qərbyönlü sayılan prezident Armen Sərkisyana Kremldə hələ ki, inam-etimad formalaşmayıb və belə görünür, formalaşmayacaq da.
Yeri gəlmişkən, Nikol Paşinyan 11-12 iyulda Brüsseldə keçiriləcək NATO sammitinə qatılmağa hazırlaşır - hansı sammitdə ki, “Rusiya təhlükəsi” mərkəzi mövzulardan olacaq. Sammitdən bir neçə gün sonra isə Rusiyada futbol üzrə dünya çempionatı bitəcək və Putinin “əl-qolu” açılacaq. İstisna deyil ki, məhz həmin dövrdə Moskvanın Qarabağ, Ermənistan və “ərköyün” Paşinyanla bağlı hansısa hərəkətliliyi və qərarı olsun...
*****
Siyasi müşahidəçilərin fikrincə, Azərbaycan ordusu son aylar cəbhə xəttinə yaxın poliqonlarda ard-arda hərbi birləşmələr səviyyəsində intensiv təlimlər keçirməklə Ermənistanda həqiqətən panika yaradıb. Bunu düşmən ölkə KİV-lərində gedən həyəcanlı yazı və şərhlərdən də görmək olar.
Belə ki, aprel ayından başlayaraq Azərbaycan ordusunun raket-artilleriya, tank və mühəndis-istehkam bölmələri taktiki təlimlər keçirib. Təlimlər demək olar, ara verməyib və Ermənistanda bu Azərbaycanın irimiqyaslı müharibəyə hazırlaşması kimi qiymətləndirilib. Bu dəfə isə söhbət 20 minlik canlı qüvvənin, yüzlərlə tankın və digər zirehli texnikanın, o cümlədən silahlanmaya yeni qəbul edilən raket-artilleriya komplekslərinin və zərbə pilotsuz uçan aparatların tətbiqi ilə irimiqyaslı təlimlər barədə anons verilib. Gözləniləndir ki, bu təlimlər Bakıda keçirilən hərbi paradda nümayiş etdirilən yeni silah sistemlərindən pərt olan Ermənistanda müharibə təşvişini daha da artıracaq.
Üstəlik, 26 iyun hərbi paradında çıxışı zamanı prezident İlham Əliyev bir daha bəyan elədi ki, “müharibə hələ bitməyib, onun yalnız birinci mərhələsi bitib”. Bu, düşmən tərəfə aydın bir ismarışdır ki, Azərbaycan işğal rejiminə sonsuzadək dözmək fikrində deyil, böyük paralar xərcləyib aldığı, özünün istehsal elədiyi silah və döyüş sistemlərini vitrinə qoyub paslatmağa hazırlaşmır.
Bu xüsusda həm Bakıdakı hərbi parad, həm də il boyu davam edən hərbi təlimlər, o cümlədən qardaş Türkiyə ilə birgə keçirilən müştərək hərbi manevrlər işğalçıya silsilə güc nümayişi olmaqla yanaşı, savaşın uzaqda olmadığı haqda ciddi xəbərdarlıqdır. Əgər düşmən ismarışlardan nəticə çıxarmasa, günün birində hərbi təlimlər gerçək hərbi əməliyyatlara çevrilə bilər.
*****
“Hərb, yoxsa sülh” dilemması fonunda İlham Əliyevin bu yaxınlarda Rusiyaya nəzərdə tutulan səfəri də maraq kəsb edir. Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli hesab edir ki, ölkə başçısının Rusiyaya səfərindən sonra ordumuz yeni döyüş tapşırıqları ala bilər. Yəni Kremldən “dobro” verilməsi ehtimalı. Bunu o, axar.az-a açıqlamasında deyib.
Danışıqlar prosesinin artıq dalana dirəndiyini və erməni tərəfinin sülh prosesi ilə bağlı yerinə yetirilməsi mümkün olmayan ilkin şərtlər irəli sürdüyünü xatırladan politoloq deyib: “Minsk Qrupunun həmsədrləri də çox fəal deyillər. Belə görünür ki, ermənilər nəinki Dağlıq Qarabağ, hətta ətraf rayonlarla bağlı uzağa gedən ssenarilər hazırlayıblar. Bizim ərazilərdə xüsusilə də Suriyadan gələn ermənilərin məskunlaşdırılması prosesi davam edir. Aydındır ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmaq fikrində deyil, buna görə də sülh prosesinə məhəl qoymur. Qarabağ məsələsində açar rolunu oynayan Rusiya tez-tez ritorik bəyanatlar versə də, prosesdə heç bir fəallıq göstərmir. Belə olan halda məsələnin döyüş meydanlarında həll edilməsi variantı önə çıxır”.
Sabiq dövlət müşaviri bu mənada düşünür ki, ordumuzun qrafik üzrə döyüş qabiliyyətini təkmilləşdirməsi və 2-6 iyul aralığında keçiriləcək təlim-məşq prosesləri ciddi döyüş hazırlığından xəbər verir. “Hesab edirəm ki, Azərbaycan Ordusu həlledici döyüşlərə hazırlıq ərəfəsindədir”, - deyə politoloq əlavə edib.
Erməni ekspert Ara Papyan isə Azərbaycan ordusunun paradın ardınca irimiqyaslı hərbi təlimlərə başlamasına diqqəti cəlb edib. Onun sözlərinə görə, Azərbaycan ordusu təkcə Qarabağ istiqamətində deyil, Naxçıvan və Tavuş istiqamətində də qüvvə cəmləşdirir. “Təhdid bu baxımdan daha da artıb. Azərbaycan cəmiyyəti deyəsən müharibəyə başlamağa hazırdır” - Papyan deyib. Onun qənaətincə, əgər ordu irimiqyaslı təlimlər keçirirsə, növbəti mərhələ müharibə ola bilər. Çünki təlimlərdən müharibəyə keçmək asandır.
Azərbaycan Ordusunun əsas hədəfi də təlimlər yox, torpaqların azad edilməsidir. Özü də tezliklə...
“Yeni Müsavat”ın analitik xidməti