Respublika zülmətə qərq oldu: Mingəçevir İES-dəki yanğın təxribatdı yoxsa...?

3-07-2018, 23:38   
 

Ötən gecə ölkə zülmətə qərq oldu. anaxeber.info gecənin təfsilatını hazırlayaraq yazır ki, Mingəçevir İES-in 6-cı blokunda baş verən partlayış və yanğın buna səbəb imiş.
Respublikanın hər yerində işıqların eyni vaxtda sönməsi və yaranan panika müvafiq qurumları da dərhal ayağa qaldırdı.
Həmin blok enerji istehsalı ilə məşğul olur və paylayıcı stansiyalara enerji ötürür. Yanğın məhz bu blokda baş vermişdi.
Bəziləri Mingəçevir İES-də təxribat olduğunu istisna etmirdilər. Çünki Ermənistanın tez-tez Azərbaycanı Mingəçevir İES və SES-lə vurmaqla təhdid edir.
Rəsmi qurumlar isə blokdakı yanğını əhalinin isti hava şəraiti ilə əlaqədar kondisionerdən istifadə edərək enerji yüklənməsi ilə izah etdi.
Hadisə yerinə FHN-nin qüvvələri cəlb olunub və 6-cı blokda, yarımstansiyada baş verən yanğın söndürülüb, elektrik enerjisinin verilişi bərpa olunub.
“Azərenerji” ASC-nin sədri Etibar Pirverdiyev qəza nəticəsində bütün ölkədə işıqların sönməsi ilə əlaqədar qurumun dispetçer mərkəzinə gəlib.
Onun rəhbərliyi altında güclərin ötürülməsi prosesi həyata keçirilib. ASC Gürcüstan və ya Rusiyadan enerji mübadiləsinin aparılması və qəzanın nəticələri aradan qaldırılanadək respublikanın elektrik enerjisi ilə təmin edilməsinə çalışır. Hadisə ilə bağlı gecə saatlarında dövlət rəhbərliyi də reaksiya verib.
Prezidentin Mətbuat Xidməti məlumat yayıb ki, iyulun 2-dən 3-nə keçən gecə hava şəraitinin kəskin dərəcədə dəyişməsi, temperaturun yüksək həddə çatması nəticəsində əhalinin elektrik enerjisindən həddən artıq istifadə etməsi ilə əlaqədar Mingəçevir İES-in yarımstansiyasında cərəyan transformatoru sıradan çıxıb.
Yarımstansiyada dərhal təmir bərpa işlərinə başlanıb. Vəziyyət Azərbaycan Respublikası prezidentinin daim nəzarətindədir”.
Artıq bütün sənaye müəssisələri, hava limanı və s. strateji əhəmiyyətli məntəqələrdə də elektrik enerjisi bərpa olunub.
Gecə saatlarında iqtisadiyyat, energetika, fövqəladə hallar nazirləri açıqlamalar veriblər, hadisənin səbəbini şərh ediblər.
anaxeber.info yazır ki, bir neçə il əvvəl də bu fors-major hal baş vermişdi. Mingəçevir İES-də baş verən qəza ölkəni işıqsız qoymuşdu. Bu dəfə də eyni proses yaşandı.
Nazirlərin və dövlət rəsmilərinin reaksiyalarından da görünür ki, əhalini təşvişə salmamağa çalışıblar.
Qısa zaman ərzində yanğının söndürülməsi və mərhələli şəkildə bölgələrdə enerjinin təmin olunması göstərir ki, müvafiq orqanlar hazırlıqlı hərəkət ediblər.
Yanğın yalnız isti hava şəraitində əhalinin enerjidən çox istifadə etməsinə görə baş veribsə, rəsmilər bunun detallarını da şərh etməlidirlər.
Digər tərəfdən, təxribat versiyası varsa, hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır. Amma bu ehtimal o qədər də yüksək görünmür.
Qeyd edək ki, Energetika Nazirliyi və “Azərenerji” ASC yeni birgə operativ məlumat yayıblar. Məlumatda deyilir:
“Bir necə gündür havaların kəskin isti keçməsi ilə əlaqədar olaraq elektrik enerjisinə tələbatın kəskin şəkildə artması (təqribən 40 faiz) və elektrik avadanlıqlarının istismarında açılmalar nəticəsində baş vermiş qəzanın nəticələri aradan qaldırılır.
Elektrik enerjisi təminatı Şimal və Qərb bölgələrində tam, Mərkəzi Aran bölgəsində 60 faiz, Bakı şəhərinin Yasamal rayonunda 100 faiz, Sabuncu 30, Xəzər rayonunda 80 faiz, Binəqədi rayonunda 90 faiz, Nəsimi rayonunda 40 faiz, Nərimanov rayonunda 30 faiz, Səbail rayonunda 20 faiz və Nizami rayonunda 10 faiz bərpa olunub.
Həyati vacib əhəmiyyətli obyektlərin enerji ilə təminatı tam bərpa edilib. Qısa müddət ərzində ölkənin digər bölgələrində də enerjinin verilişi bərpa ediləcəkdir.
Hazırda vəziyyət tam nəzarət altındadır və ölkə üzrə mərhəli şəkildə elektirik enerjisinin təminatı bərpa edilməkdədir.
İlkin ehtimala görə, qəzaya səbəb Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma olub.
Əlaqədar dövlət strukturlarından yaradılmış operativ əməliyyat qrupu və Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer Xidməti bütün lazımi tədbirlərin görülməsi üçün zəruri işləri həyata keçirir”.
anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.