GƏNCƏ OLAYINDA MÜƏMMALAR:niyə hərə bir söz danışır?

7-07-2018, 09:26   




“Dövlət qurumları bir şey deyir, cəmiyyətinsə öz versiyası var həmişə. O səbəbdən, rəsmi qurumların dediyinin doğru olub-olmadığını söyləmək çətindir. Hadisəni niyə törədiblər? Bilmirik. Arxasında kimlər durub? Bilmirik. Biri deyir, Rusiya agentidir, biri deyir İrana bağlıdır. Biri deyir, şəxsi məsələdir, terror deyil. Hamısını da deyən rəsmilərdir”,– hüquqşünas Rəşid Hacılı Gəncənin icra başısını və polis serjantını yaraladığı deyilən Yunis Səfərovla bağlı iyulun 6-da yayılan rəsmi məlumatdan danışarkən belə deyir.

Rəşid Hacılı

Hüquqşünasın qənaətincə, Azərbaycanda hüquq-mühafizə orqanları və eləcə də başqa dövlət qurumları “o qədər diqqətdən və məsuliyyətdən kənardırlar” ki, istədikləri versiyanı “uydura və çəkinmədən təqdim edə bilərlər”. Düzdür, o, cəmiyyətin buna inanmadığını düşündüyünü də söyləyir.

Gəncədən gələn ilkin məlumatlarda Yunis Səfərovun bacısını təhqir etdiyi üçün icra başçısını silahla vurduğu deyilirdi. Sonradan onun həyat yoldaşına aid olduğu iddia edilən səs yazısı yayıldı. Orda Səfərovun şiələrin haqqını qoruduğu, Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırovun həbsi ucbatından bu addımı atdığı iddia edilirdi.

Hüquq-mühafizə orqanlarının açıqlaması bu versiyaya daha yaxındır. Məlumata görə, Yunis Səfərov iki il öncə İrana gedərək, bir müddət orda yaşayıb, daha sonra Suriyada vuruşub. Onun başlıca məqsədinin Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bundan ötrü bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada qarışıqlıq, vahimə yaratmaq, hakimiyyəti zorla ələ keçirmək olduğu iddia edilir.

 

“Bu, çox təhlükəli məsələdir”

Siyavuş Novruzov

Amma hüquq-mühafizə orqanlarının yaydığı məlumatdan bir qədər öncə, hakim partiyanın icra katibi, Milli Məclisdə İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov“Yeni Müsavat”a demişdi ki, bu məsələdə dini amildən, terrordan söhbət gedə bilməz: “Bunu ortaya atanlar da Azərbaycanda məzhəb qarşıdurmasını salmaq istəyən insanlardır. Bu, çox təhlükəli məsələdir. Ona görə də bütün dindarlar, aidiyyəti strukturlar bu məsələyə münasibətini bildirməlidir. Bugünədək Azərbaycanda dini məzhəbə görə kiməsə qarşı hər hansı sui-qəsd, terror, yaxud təxribat olmayıb”.

Yeri gəlmişkən, yaralı icra başçısının qardaşı Xanlar Vəliyev Yunis Səfərovu“Ruisya agenti”kimi tanıdıb.

 

“Belə vəziyyətdə “Azərbaycana təhlükə var və bu İrandan gəlir” demək…”

 

Rəşid Hacılı Gəncədə baş verənlərin dindarlara və İrana bağlanacağının gözlənilən olduğunu deyir: “Bu gün hökumətə ən çox sərf edən budur. Birincisi, hökumətə bunun bir etiraz nümayişi olması barədə cəmiyyətdə yaranmış düşüncəni dağıtmaq lazımdır. Bu hadisənin hakimiyyətə qarşı yox, bütün cəmiyyətə qarşı olduğunu aşılamaq gərəkdir. Radikal dindarlar məsələsi buradan qaynaqlanır. Şiə və İran məsələsi isə bugünkü geopolitik duruma daha münasibdir. İran təklənib dünyada. Ən yaxın müttəfiqləri belə qoyub qaçır İranı. Rusiya da, İraqın şiə hökuməti də. Hətta ölümdən xilas etdiyi Bəşər Əsəd də… Belə vəziyyətdə “Azərbaycana təhlükə var və bu təhlükə məhz İrandan gəlir” demək bizim hökumətin imicini yaxşılaşdırmağa və dəstək qazanmasına xidmət edə bilər”.

 

“Bakı yaranmış vəziyyətdə iranpərəst qüvvələri neytrallaşdıra bilər”

Rauf Mirqədirov

Hazırda Avropada yaşayan siyasi şərhçi Rauf Mirqədirov da Azərbaycanda hüquq-mühafizə orqanlarının siyasi konyukturaya tabe olduğunu, buna görə də cinayətin gerçək səbəblərinin açılmayacağını qeyd edir: “Məsələn, Rafiq Tağının bıçaqlanamasını dini amillə bağladılar. Amma indiyədək dəqiq bilinmir ki, bunun arxasında nə durur”.

Siyasi şərhçi cəmiyyətin reaksiyasına da diqqət çəkir. O, cəmiyyətin məmura sui-qəsd edilməsinə neqativ reaksiya verməməsini xüsusi vurğulayır. Bunu da cəmiyyətin siyasi proseslərdən kənarda qalması ilə əsaslandırır və həmin səbəbdən Gəncə hadisəsinin şəxsi və ya dini motivlər əsasında baş verməsini istisna etmir.

Hərçənd, o, şiələrin hüquqlarının müdafiəsi məqsədilə belə addım atılmasına dair rəsmi versiyanı inandırıcı saymır. Rauf Mirqədirovun fikrincə, ölkədə bütün dindarların, eləcə də bütün vətəndaşların hüquqları pozulmaqdadır: “Ölkə vətəndaşı siyasi prosesdən uzaqlaşdırılıb. Bu da siyasi terrora gətirib çıxarır” söyləyənMirqədirov təəssüflə əlavə edir: “Terror zəiflərin silahıdır. Bizim ölkədə siyasi terror təhlükəsi var və xoşbəxtlikdən bu, hələlik, geniş miqyasda alınmır”.

Siyasi şərhçi bu məsələnin arxasında İranın dayanmasını istisna edir. O “beynəlxalq aləmdə təklənən” Tehranın Azərbaycanda terror aktı hazırlamasına inanmır. Ancaq Rauf Mirqədirovun ehtimalına görə, Bakı Tehranın düşdüyü durumdan yararlanaraq, ölkədəki iranprərəst qüvvələri neytrallaşdırmağa başlaya bilər.

Yeri gəlmişkən, rəsmi məlumatda adı hallanan Müsəlman Birliyi Hərəkatıda bəyanatdan az sonra Yunis Səfərovla hər hansı bağlılığı olmadığını açıqlayıb.

Əbülfəz Bünyadov

Qurumun sözçüsü Əbülfəz Bünyadov Azadlıq Radiosuna deyib: “Ola bilər, kimsə kiminsə düşdüyü vəziyyətə acıyıb hansısa addımı atır, amma bu, onun problemidir. Biz Müsəlman Birliyi Hərəkatı olaraq Yunis Səfərovu da, hər hansı terrorun bizim ayağımıza yazılmasını da rədd edirik, bütün bunlarla əlaqəmiz yoxdur. Biz onu tanımırıq, onun da bizi tanıması mümkünsüzdür”.

 

“Necə olub ki, Rusiyaya qaçıb?”

 

Rəşid Hacılı bu işdə müəmmaların, açıq sualların qaldığını deyir: “Necə olub ki, polisə hücum edib silahını ələ keçirmiş şəxs qaçıb Rusiyaya gedir? Bir müddət sonra axtarışda olmasına baxmayaraq, Azərbaycana rahatca qayıdır və yeni cinayət törədir, nə polis, nə xüsusi xidmət orqanları, nə də sərhəd xidməti bunu görə bilir?”.

İyulun 6-da hüquq-mühafizə orqanlarının yaydığı məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevi yaralayan Yunis Səfərov “əvvəlcədən planlaşdırılmış terror aktı” hazırlayıb. Onun başlıca məqsədinin Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bundan ötrü bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, vahimə yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olduğu iddia edilir.

Hələlik, Yunis Səfərovun vəkili və ya yaxınları mətbuata birbaşa açıqlama verməyiblər. APA, konkret ad çəkmədən, Səfərovun yaxınlarına istinadla onun “dini ideyaları təbliğ etdiyinə, şagirdləri aqressivləşdirdiyinə görə müəllimlikdən uzaqlaşdıldığını” yazır.

Azadliq.org

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.