AZTV işi üzrə araşdırmalar yekunlaşdı
"Bu işdə çox şeylər var, hamısı bir-bir açılacaq. Arif Alışanov Eldar Mahmudovla şərik idi. Tək onunla yox. Arif, Eldar, Alı Qocayev, Həsrət Pirməmmədov... Bunlar hamısı bir idilər. Arif gəlib deyirdi ki, Eldar Mahmudov filan yeri almaq istəyir. Bir gün də gəldi ki, iqamətgahla (Şamaxının kəndində prezident üçün tikilmiş ev) üzbəüzdəki yeri istəyir. Dedim, nə danışırsan?”, - AzTV sədri Arif Alışanovu öldürmək məqsədilə dəstə yaratmaqda ittiham olunan Şücayət Əkbərov bunları iyulun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində danışıb.
Şücayət Əkbərov Arif Alışanov və yaxınlarını – qızı Nigar Alışanova, bacısı oğlu Dəyanət Cəfərov və sürücüsü Hacı Babayevi öldürmək məqsədilə yaradılmış dəstənin üzvləri kimi təqdim olunan Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovla bilrikdə məhkəmə qarşısına çıxarılıb. İyulun 6-da keçirilən məhkəmə prosesində Şücaət Əkbərovun vəkili İmanqulu Həsənov AzTV sədri və onun qızının gəlməməsinə bir daha etiraz edib.
Vəsatət qaldırıb ki, bu adamlar heç olmasa, canlı videobağlantı yoluyla təqsirləndirilən şəxslərin və onların vəkillərinin suallarını cavablandırmalıdırlar: "Biz onların məhkəmədə iştirakının təmin edilməsi üçün 8 vəsatət vermişik, heç birini təmin olunmayıb. Onların istintaqa ifadələri elan oldu, amma özləri gəlmədiyindən bizim suallarımıza cavab almaq imkanımız məhdudlaşdırılmış oldu. Ona görə də zərərçəkmiş qismində tanınan bu şəxslər texniki vasitələrin köməyindən istifadə etməklə, canlı videogörüntü vasitəsilə də olsa, ifadə verib, suallarımızı cavablandırmalıdırlar”.
Arif Alışanovun vəkilləri, həmçinin məhkəmədə iştirak edən sürücüsü və bacısı oğlu vəsatətə etiraz ediblər. Təqsirləndirilən Qoçalı Cəbiyevin vəkili isə vəsatətin təmin olunmasının vacib olduğunu söyləyib. Bildirib ki, məhkəmə müdafiə tərəfinin heç bir vəsatətini təmin etmir, rədd qərarını da əsaslandırmır: "Biz belə olan halda, həm ittiham tərəfi ilə, həm də məhkəmənin özü ilə çəkişmək məcburiyyətində qalırıq. Necə ola bilər ki, müdafiə tərəfinin bütün vəsatətləri əsassız olsun? Yəni bu qədər vəkilin hamısı savadsız oldu ki, bir dənə də əsaslı vəsatət verə bilmədi?”
Təqsirləndirilən Şücaət Əkbərov da deyib ki, mütləq Arif Alışanov gəlməlidir: "Həftədə beş dəfə Şamaxıya gələ bilirdi, bura gələ bilmir? Mən bu adama 7 milyonluq torpaq almışam. Gəlsin bura, ona deyiləsi sözlərim, suallarım var. Suallarım həm də şərikləri Eldar Mahmudov, Alı Qocayev, Həsrət Pirməmmədov haqda olacaq...” Hakimlər vəsatəti təmin etməyib. Vəkil müvəkkili Şücaət Əkbərovun səhhətində ciddi problemlər olduğunu vurğulayaraq, onun bu durumda həbsdə saxlanmasının mümkün olub-olmaması haqda suala cavab tapılmasını, bu səbəbdən tibbi ekspertiza keçirilməsini istəyib. Vəsatət təmin olunmayıb.
Digər təqsirləndirilən Zöhrab Şirinov həbs olunarkən DİN-in Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində məruz qaldığı işgəncələr nəticəsində səhhətində kəskin problemlər yarandığını söyləyib: "Möhkəm ağrılarım var. Məni bir adam yoxlamadan necə yazıblar ki, sağlamam? Videogörüntüdən də başa düşmək olur ki, orada müstəntiq məni dindirəndə hansı vəziyyətdə olmuşam. Heç onda danışdıqlarım da yadımda deyil”.
Vəkil İmanqulu Həsənov məhkəməyə dindirilməsini istədikləri əlavə şahidlərin siyahısını təqdim edib. Həmin şəxslərdən biri də Şücayət Əkbərovun ikinci həyat yoldaşı Lalə olub. "Arif Alışanov həmişə bizə gələndə Lalə evdə olurdu. O, bütün söhbətlərin şahidi olub. Hətta Alışanovun özü ilə gətirib, dağda öldürdüyü qızı da Lalə tanıyırdı”, - Şücayət Əkbərov bildirib.
Məhkəmə əlavə şahidlərin dindirilməsi barədə vəsatəti də təmin etməyib. Vəsatətlərin təmin olunmamasına görə hakimlərə etirazını bildirən Qoçəli Cəbiyev təhqir xarakterli ifadələr səsləndirib. O, hakimləri söydüyünə görə məhkəmə zalından uzaqlaşdırılıb. Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub. Prokuror bildirib ki, növbəti məhkəmədə çıxış edəcək. Növbəti məhkəmə iclası isə iyulun 10-na təyin olunub. İttihama görə, Şücaət Əkbərov Arif Alışanovun əmlaklarını ələ keçirmək üçün onu öldürmək qərarına gəlib və bu məqsədlə adamlar cəlb edib, onlara 600 min manat pul vəd edib. Həmin şəxslərdən Müsabi Namazov sonradan bu işdən imtina edib. Ona görə də Qoçalı Cəbiyev tanışı Zöhrab Şirinovu tapıb, ona 100 min manat vəd olunub.
Plan hazırlanıb ki, Arif Alışanov bacısı oğlu Dəyanət Cəfərovla birlikdə maşınla Çuxuryurd-Şamaxı şosesində olanda, onları yüksək sürətlə vurub dərəyə salsınlar. Plan baş tutmasa da, Şücaət Əkbərov vəd etdiyi 100 min manatın bir hissəsini Zöhrab Şirinova verib. Təqsirləndirilən şəxslər ittihamı qəbul etmir, bunların böhtan olduğunu deyirlər. Şücaət Əkbərov bildirib ki, Arif Alışanovun bir çox qanunsuz əməllərini, o cümlədən gənc qızın qətlini bildiyinə görə AzTV rəhbəri onu təcrid etmək istəyir. AzTV sədrinin vəkili Zaur Abbasov məhkəmədə bildirib ki, bu, Arif Alışanova atılmış böhtandır.