Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Eldar Namazov bir ay əvvəl “Yeni Müsavat”a geniş müsahibəsində ciddi bir xəbərdarlıqla çıxış etmişdi. Təcrübəli siyasi ekspert dünyadakı və regiondakı prosesləri geniş təhlil edərkən bildirmişdi ki, vəziyyət çox mürəkkəb olduğundan Azərbaycan ehtiyatlı mövqe tutmalıdır. Ölkəmizdə son günlər yaşanan elektrik enerjisi böhranı, həmçinin Gəncə şəhərindəki sui-qəsd hadisəsi, rəsmi qurumların baş verənlərlə bağlı sensasion açıqlamaları ilə əlaqədar E.Namazova müraciət etdik.
- Eldar bəy, ötən ayın əvvəllərində qəzetimizə müsahibənizdə təhlükələrin anonsunu vermişdiniz. Bu gün ölkəmizdə baş verən son hadisələr haqqında nə deyə bilərsiniz? Hansısa təhlükəli ssenariyə start verilib, yoxsa bunlar sadəcə təsadüfdür?
- Bilirsiniz, böyük, ciddi siyasi proseslərdə heç nə təsadüfi olmur. Təsadüfi bunun detalları ola bilər. Ancaq mahiyyətcə təsadüfi hallar olmur. O müsahibədən sonra baş verən hadisələrin, demək olar, hamısı bir daha onu sübut edir ki, Azərbaycan ətrafında çox ciddi siyasi proseslər gedir. Bizim regionda baş verənlərin Azərbaycanın daxilində də təsiri çox ciddidir. Bir tərəfdən Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək imkanı indi xeyli artıb. Artıq 90-cı illərin ortalarından başlamış bu günə qədər Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün belə münbit şərait olmamışdı. Eyni zamanda, Azərbaycanın həm ətrafında, həm də ölkəmizin daxilində gedən bəzi proseslər bizimçün də çox böyük təhlükələr yaradır. Biz onları da mütləq nəzərə almalıyıq ki, bir tərəfdən dövlətçiliyimizi qoruyaq, eyni zamanda da ərazi bütövlüyümüzü bərpa edək.
- Konkretləşdirsək, “Azərenerji”də baş verənlər yalnız məsuliyyətsizliyin məntiqi nəticəsidir, yoxsa orda hansısa təxribat elementləri var?
- Hələ təqribən iki il yarım bundan əvvəl ermənilərin bəzi hakimiyyətə yaxın ekspertləri həm Qarabağla bağlı beynəlxalq təşkilatların təşkil etdiyi görüşlərdə, həm də Ermənistan mediasında hədə-qorxu ilə çıxış etməyə başladılar. Xəbərdarlıq etməyə başladılar ki, Ermənistan preventiv olaraq Mingəçevir Su Elektrik Stansiyasına zərbə endirə bilər, bu da Azərbaycanı iflic vəziyyətinə sala bilər. İddia etdilər ki, əgər bu addım atılsa, Azərbaycan heç bir hərbi əməliyyat keçirmək iqtidarında olmayacaq. Mingəçevirdə məlum hadisələr baş verəndən sonrakı gün erməni mətbuatında bu haqda məlumatlar çap olunurdu və Ermənistanın ruslardan aldığı raket sistemlərinin şəkillərini də həmin xəbərlərə əlavə edirdilər ki, “bu, Azərbaycanın zəif yeridir, həmişə istifadə edə bilərik”. Son günlərdə isə Ukrayna mətbuatında ölkənin təhlükəsizlik xidmətlərinin çox ciddi informasiyası dərc olunub ki, onlar uzun illərdir hazırlanan bir təxribatın qarşısını alıblar. Bu da ondan ibarətdir ki, Cənubi Atom Elektron Stansiya üçün son illərdə bilərəkdən köhnəlmiş avadanlıqlar alınıb, təmir işləri vaxtında həyata keçirilməyib. Həmçinin təmir üçün alınan avadanlıqlar yararsız, saxta olub. Bununla da çox böyük bir fəlakət, təxribat hazırlanırmış, həmin Atom Stansiyasında qəza baş verməliymiş. Yəni biz bütün bunları, həm Ermənistan mətbuatının hələ 2 il yarım bundan əvvəlki materiallarını, həm də Ukrayna təhlükəsizlik qüvvələrinin apardığı əməliyyat nəticəsində təxribatçı qrupun həbs olunmasını diqqətə almalıyıq. İndi təsəvvür edin, Mingəçevir İstilik Elektrik Stansiyasında bir yanğın baş verdi, bütün ölkə iflic vəziyyətinə düşdü. Prezidentin yanında keçirilən müşavirədə də məlum oldu ki, aylarla, illərlə FHN-in komissiyaları, başqa qurumlar orda vəziyyətin çox təhlükəli olması barədə xəbərdarlıq ediblər. Həmçinin nöqsanlar, zəif yerlər də göstərilib ki, hara təmir olunmalıdır. Ancaq indi bəlli olur ki, həmin xəbərdarlıqlardan da nəticə çıxarılmayıb və vaxtında avadanlıqlar dəyişdirilməyib, təmir işləri isə yarımçılıq aparılıb.
- Necə bilirsiniz, bu, sadəcə, səhlənkarlıqdır, ya məqsədli şəkildə olub?
- Bir daha deyirəm, 2 il bundan qabaq erməni mətbuatı açıq şəkildə yazırdı ki, Azərbaycanın ən zəif yeri Mingəçevir SES-dir, biz oranı vursaq, Azərbaycan iflic vəziyyətində olacaq. Həmçinin Ukrayna xüsusi xidmət orqanlarının Atom Stansiyası barədə yazdığı materiallarda qeyd olunur ki, bəzi məmurlar bilərəkdən illərlə orda təmir işlərini düzgün aparmırdılar, aldıqları avadanlıqlar da yararsız idi. Bunun da məqsədi o idi ki, gec-tez böyük bir qəza baş versin və bütün Ukraynanı iflic vəziyyətinə salsın.
“Əgər biz torpaqlarımızın azad olunmasını, daxildə sabitliyin, əmin-amanlığın qorunmasını istəyiriksə, dövlət idarəetmə sistemi saat kimi işləməlidir, dəqiq, operativ və obyektiv olmalıdır” |
- Dediklərinizdən belə çıxır ki, bizdə də eyni mövqedə olan şəxslər olub?
- Bu hadisə baş verəndə mənim ilk reaksiyam da ondan ibarət oldu ki, bu, enerji məsələsi deyil, Azərbaycanın milli təhlükəsizliyinə olan birbaşa qəsddir və bununla bağlı cinayət işi qaldırılmalı və çox ciddi araşdırmalar aparılmalıdır. Ukraynadakı hadisəni misal gətirdim. İndi Mingəçevirdəki qəzadan iki gün sonra yenə də bir yanğın baş verdi. Ondan sonra axşamüstü növbəti bir yanğın oldu. Yəni illərlə həmin stansiyada modernləşdirmə, təmir işləri elə aparılırdı ki, həmin elektrik stansiyasında bir yox, iki yox, bir çox yerlərdə qəza vəziyyəti yaratmışdılar. Bunu təsadüfi saymaq olarmı?
- Prezidentin reaksiyası çox sərt oldu. Bundan sonra nə gözləyirisiniz?
- Bu məsələlərdə mən proqnoz verməyi sevmirəm. Yəni hakimiyyətin hansı addım atacağı haqda indidən bir söz deyə bilmərəm. Şəxsən mənim yanaşmam odur ki, bu sahəyə rəhbərlik edən adamlar illərlə orda işlərini düzgün qurmayıblarsa, aldıqları avadanlıqlar yararsız olubsa, təmir işləri yarımçıq həyata keçirilibsə, bu, dövlətə xəyanətdən başqa bir şey deyil.
- Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdi necə qiymətləndirmək olar? Rəsmi qurumlar artıq xeyli sensasion məlumatlar açıqlayıb. Bu iki hadisə təsadüfən üst-üstə düşüb, yoxsa eyni mərkəzdən idarə olunur?
- Mən ilk növbədə onu qeyd etmək istəyirəm ki, həmin günlərdə Azərbaycan hakim dairələrindən bir-birini təkzib edən 3-4 versiya ortalığa atılmışdı. Hamı buna diqqət yetirdi ki, hakimiyyət tərəfindən verilən reaksiyalarla - bəzi yüksək çinli məmurların da şərhləri bura daxildir, eyni zamanda dövlət orqanlarının rəsmi məlumatları da - tanış olanda görürsən ki, bir-birinə zidd, bir-birini təkzib edən 3-4 versiya irəli sürülür. Gün-gündən də bu proseslər davam edir. Hiss olunur ki, bu prosesi müxtəlif istiqamətlərə yönəltmək üçün ölkənin xaricində də çox ciddi işlər görülür. İctimai rəyə təsir etmək baxımından da, prosesləri müəyyən istiqamətə yönəltməklə bağlı da. Hətta ermənilərin pulu ilə maliyyələşən, Azərbaycanda separatçılığı yayan təxribatçı mərkəzlər də indi bu hadisədən yapışıb öz təbliğatını qururlar və bu proseslərə müdaxilə etmək istəyirlər. Son günlərdə artıq Azərbaycanın xaricində yerləşən və ermənilər tərəfdən maliyyələşən separatçı mərkəzlərin də Gəncə olayı ilə bağlı videomateriallarını görürük. Ona görə də hətta bu hadisə təsadüfi olsa belə, ondan müxtəlif qüvvələr tərəfindən istifadə olunması artıq təsadüfi deyil.
- Baş verənlərin arxasında dayanan qüvvələr hardadır, Rusiyada, İranda, yoxsa başqa bir ölkədə? Bu barədə qənaətiniz necədir?
- Hər halda bir-birini təkzib edən informasiyalar içərisində həm İran, həm də Rusiya amili haqqında çox deyilir. Amma mən hesab edirəm ki, hələ bütün informasiyalar tam açılmayıb. Hələ müəyyən bir təxribatçı addımları da gözləmək olar. Ona görə ki, xaricdə yerləşən mərkəzlər öz təxribatçı əməllərini illərdir davam edirlər və onlar bu işlərini dayandırmayacaqlar. Ancaq mən burada vacib bir məqama da toxunmaq istəyirəm. Biz indi çox ciddi geosiyasi amillərdən və proseslərdən danışırıq. Ancaq bu proseslərin içərisində çox mühüm rol oynayan xalqın, millətin iradəsi, onun dünyagörüşüdür. Son günlər xaricdə yerləşən, Azərbaycanı parçalamağa çalışan mərkəzlərin şüarları, təbliğatı ilə tanış olarkən mən onların hamısına bir həqiqəti çatdırmaq istəyirəm. Bizim mənfur qonşularımız ermənilər bütün tarixi abidələri, tarixi mənbələri saxtalaşdırırlar və yüz illərdir bu işlə məşğuldurlar. Ancaq Gürcüstanda, bizim başqa bir qonşumuzda tarixi abidələrə yanaşma çox fərqli olub. Bizim Gürcüstan alimlərimizlə də müxtəlif məsələlərdə toqquşmalarımız, hansısa tarixi proseslərlə bağlı fikirayrılıqlarımız olub. Lakin onlar ermənilər qədər tarixi abidələri saxtalaşdırmaqla heç vaxt məşğul olmayıblar. Gürcüstanın ən qədim yazılı mənbələrində, Makedoniyalı İsgəndər dövrü haqqında olan yazılarda qeyd olunur ki, Kür çayının axarı ilə, Gürcüstandan şərqdə buntürklər yaşadığı dörd böyük şəhər və onların əhatəsi var. Buntürklər, yəni qədim, oturuşmuş, aborigen deməkdir. Hətta sovet dövründə də gürcü alimləri bu mənbələri misal gətirirdilər. Halbuki sovet tarixi elmi, Kommunist Partiyasının tam ideoloji nəzarətində olan elm iddia edirdi ki, türklər buraya 12-ci əsrdə gəliblər və burada yaşayan türkdilli xalqlar əslində qalsa türk deyillər, onlar irandilli olublar. Gürcü mənbələri isə göstərir ki, eramızdan əvvəlki dövrdən burda, Kür çayının axarı ilə 4 böyük şəhərdə aborigen türklər yaşadırdı. Burada Gəncəbasardan söhbət gedir. Gəncəbasar qədim türk torpağıdır və öz dövlətçiliyini müdafiə edən, Azərbaycanın müstəqilliyi tarixində böyük və şərəfli səhifələrini yazan bir türk diyarıdır. Kimlərsə burada ölkəni parçalamaq istəyən, müxtəlif bölgələri üz-üzə qoymağa çalışan, Moskvadamı, İrəvandamı radiolar açıb bu təbliğatı aparan adamlar bilməlidirlər ki, bunlar hamısı əbəsdir. Bu qədim türk diyarı həm harınlamış məmurun da, eyni zamanda Azərbaycanı parçalamaq istəyən, dövlətimizi içəridən dağıtmağa çalışan qüvvələrin də cavabını verməyə qadirdir.
- Məmurun güllələnməsi bir presedentə çevrilə, təhlükəli hal ala bilərmi? Vətəndaşa qarşı haqsızlığa yol verən məmura qarşı bu yolla “danışmaq” ənənəsi təhlükəli perspektivlərdən xəbər vermirmi?
- Təbii ki, biz həmişə belə üsulların, cinayətlərin əleyhinə olmuşuq və birmənalı olaraq belə hadisələr pislənməlidir. Sadəcə olaraq, hər bir hadisədə medalın iki üzü olur. Biz odlu silahdan istifadə edib hansısa məmurlardan qisas alınmasını pisləməklə yanaşı, hakimiyyətdən belə məmurlarla bağlı vaxtında ölçü götürülməsini də istəməliyik. Ümumiyyətlə, son illərdə Azərbaycanda bir neçə ciddi hadisələr baş verdi, başqa-başqa sahələrdə baş verməsinə baxmayaraq, onları birləşdirən bir amil var. Məsələn, Azərbaycanın Beynəlxalq Bankında az qala dövlət büdcəsinə bərabər olan vəsait talan edildi, sonra üstü də açıldı. MTN-də mütəşəkkil cinayət qrupu formalaşdı və illərlə iş adamlarına divan tuturdu, sonra onların üstü açıldı. Ondan sonra Mingəçevirdə qəza və Gəncədəki hadisə baş verdi. Bilirsinizmi bunların hamısını birləşdirən hansı amildir? Bu hadisələrin biri bank, digəri milli təhlükəsizlik, digəri enerji sektorunda, başqası icra və yerli camaat arasındakı narazılıq zəminində oldu. Ancaq bunları birləşdirən bir amil var. O hadisəyə gətirib çıxaran proseslər illərlə davam edirdi. MTN-də baş verənlər, Beynəlxalq Bankdakı talançılıq bir gündə baş vermədi, bu, illərlə davam edirdi. Prezidentin yanındakı müşavirədə məlum oldu ki, Mingəçevir Elektrik Stansiyası ilə bağlı illərlə arayışlar verilib ki, orda nöqsanlar, təhlükəli qəzaya səbəb ola biləcək amillər var. Gəncədə icra başçısı ilə bağlı illərlə mətbuatda materiallar gedirdi ki, insanlarla davranışı çox kobuddur, çox qəddardır, orda narazılıq var və nə isə baş verə bilər. Bunları birləşdirən amil odur ki, dövlət idarəetmə sistemində nəzarət funksiyası artıq yoxdur, hiss olunmur.
Nəzarət funksiyası olsaydı, vaxtında tədbir görülərdi. Həm MTN, həm Beynəlxalq Bank, həm Mingəçevirdə baş verən hadisə, həm Gəncədə yaranmış ab-hava ilə bağlı hadisə baş verməzdi. Nəzarət funksiyasını itirəndə məmur özbaşınalığı illərlə müxtəlif sahələrdə davam edir və hardasa partlayışlar baş verir. Bunlar hamısı Azərbaycan üçün çox böyük təhlükə yaradan amillərdir. Ona görə də mən söhbətimizin əvvəlinə qayıdıram ki, burada dövlətimizin tədbirlər görməsi çox vacibdir. Belə bir geopolitik durumda, hətta Azərbaycanın ətrafında da təhlükəli proseslər gedir, regional müharibələrə bizim sərhədlərimizə yaxınlaşır. Bizim ordumuzun qarşısında duran vəzifələr var. Ordumuz buna hazırdır, mən buna tam əminəm. Ancaq gərək arxa cəbhədə tam əmin-amanlıq olsun. Bütün bu məsələlər bizim idarəetmə sistemindəki nöqsanlarla uzlaşmır. Bu məsələdə ciddi, sistemli tədbirlər görülməlidir. Əgər biz torpaqlarımızın azad olunmasını, daxildə sabitliyin, əmin-amanlığın qorunmasını istəyiriksə, dövlət idarəetmə sistemi saat kimi işləməlidir, dəqiq, operativ və obyektiv olmalıdır. Buna nail ola bilməsək, qarşımızda duran böyük və çox mürəkkəb vəzifələri həyata keçirməkdə ya böyük çətinlik çəkəcəyik, ya da bu, mümkün olmayacaq.
Elşad PAŞASOY,
“Yeni Müsavat”