Ərdoğan sabah gəlir – ‘’Türk saatı’’ Bakıdan başlayır

9-07-2018, 09:12   


Türkiyə lideri seçkilərdən sonra ilk səfərini yenə Azərbaycana edir; buradan NATO sammitinə yollanacaq Ərdoğanın Bakıdan Brüsselə aparacağı mühüm mesaj; Politoloq: “Türkiyə və Azərbaycan arasında hərbi ittifaq haqda sazişin vaxtı çatıb...” 

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan iyulun 9-da andiçmədən sonra xaricə ilk səfərini Azərbaycana edəcək. İyulun 10-da Şimali Kipr Türk Cümhuriyyətinə baş çəkən Ərdoğan eyni gündə, yəni sabah Azərbaycana gələcək. Şimali Kiprin dünya birliyi tərəfindən tanınmamış dövlət olduğunu nəzərə alsaq, bu, əslində elə xaricə ilk səfərin ölkəmizə edilməsi anlamı verir.

Səfər ərəfəsində R.T.Ərdoğan Türkiyə ilə Azərbaycan arasında münasibətlərinin ən yüksək səviyyədə olduğunu və daha da inkişaf edəcəyini deyib. Türkiyə prezidenti həmçinin, qeyd edib ki, yeni seçilmiş prezident qismində ilk səfərini məhz Azərbaycana edəcək. O, ölkəmizi ziyarətdən sonra 11-12 iyul tarixində keçiriləcək NATO sammiti ilə əlaqədar Brüsselə yollanacaq.

*****

Türkiyə dövlət başçısının seçkisonrası bu jesti artıq illərdir formalaşmış bir ənənə halını alıb. Ərdoğanın bu dəfə də seçildikdən sonra xaricə ilk səfərini Azərbaycana eləməsi hər şeydən öncə iki qardaş ölkənin dost-müttəfiqliyinin sarsılmazlığı, Ankara üçün Azərbaycanın məxsusi önəm daşıdığı haqda dünyaya aydın bir mesaj verilmiş olacaq. Türkiyə-Azərbaycan birliyi isə hazırda bütün əməkdaşlıq sferalarını əhatə edir və ilbəil dərinləşir. Xüsusən də energetika, təhlükəsizlik, hərbi və hərbi-texniki sahələrdə ikitərəfli əlaqələr yüksələn xətlə inkişafdadır.

Türkiyə prezidentinin budəfəki ziyarəti həm də qəliz və təhlükəli regional situasiyaya təsadüf eləməsi ilə diqqət çəkir. Bura qonşu və işğalçı Ermənistanda hakimiyyət çevrilişinin yaratdığı yeni reallıqlar, təcavüzkar ölkənin yeni populist rəhbərliyinin avantürist davranışı və təhlükəli gedişləri də daxildir. Şübhə yox ki, tərəflər bununla bağlı da vahid mövqe sərgiləyəcək və düşmən tərəfə növbəti ismarışlar göndərəcək. Söhbət həmçinin, həlli uzanan Qarabağ məsələsindən və xeyli dərəcədə artan müharibə riskindən gedir.

ÆrdoÄan Ä°lham Æliyev ile ilgili görsel sonucu

Bəzi məlumatlara görə, Bakı səfəri çərçivəsində iki ölkə arasında yeni sənədlərin imzalanması da mümkündür. Bir sözlə, budəfəki ziyarət də rutin xarakter daşımayacaq və ən azından, mühüm bəyanatlar, mesajlarla yadda qalacaq.

*****

“Ərdoğanın budəfəki səfəri tarixi xarakter daşıyacaq. Burada imzalanacaq sənədlər isə səfərin əhəmiyyətini daha da artıracaq”. Sabiq dövlət müşaviri Qabil Hüseynli mətbuata açıqlamasında belə deyib. Politoloq hesab edir ki, bununla Türkiyə Azərbaycana olan ehtiramını bir daha sübut etməklə yanaşı, Azərbaycanın Türkiyə üçün geostrateji əhəmiyyətini də ön plana çəkir.

“Bu, eyni zamanda, o deməkdir ki, bütün məsələlərdə Türkiyə Azərbaycanın yanındadır. Azərbaycanın problemi Türkiyənin problemi, Azərbaycanın uğuru isə Türkiyənin uğuru kimi qarşılanır” - analitik bildirib.

Politoloqa görə, hazırda Bakı-Ankara münasibətləri olduqca rəvan inkişaf edir: “Azərbaycanla Türkiyə arasındakı ticarətin ümumi dövriyyəsi 10 milyard dollara yaxınlaşır. Türkiyə iqtisadiyyatına ən böyük sərmayə yatıran ölkələrdən biri Azərbaycandır. Bu günə kimi Türkiyə iqtisadiyyatına 30 milyard dollardan çox sərmayə yatırılıb. Habelə, iki ölkə arasındakı ticarət dövriyyəsi ilbəil artır. Azərbaycanla Türkiyə arasında hədəf kimi nəzərdə tutulan ən mühüm məsələlərdən biri iki ölkənin hərbi-siyasi ittifaqının reallaşmasıdır. Azərbaycan uzun müddətdir Türkiyə ilə hərbi-siyasi sazişin bağlanmasına, iki ölkə arasında hərbi ittifaqın mövcudluğunu həyata keçirməyə can atır. İndiyədək Türkiyədə parlamentdə belə bir ittifaqın yaradılması üçün razılıq əldə etmək bir qədər çətin idi. Amma hazırda hakim koalisiya parlamentdə yerlərin əksəriyyətini əldə edib. Prezident üsul-idarəsinə keçid isə Ərdoğanın hakimiyyətini xeyli gücləndirib. Zənnimcə, bu səfər zamanı iki ölkə arasında hərbi-siyasi münasibətləri daha yüksək səviyyəyə qaldıra biləcək saziş imzalana bilər”.

Politoloqun qənaətincə, bu sazişin imzalanması həm ölkədə qanunvericilik səviyyəsində, həm də NATO ilə razılaşdırılmış şəkildə mümkündür: “Çünki Ərdoğan kifayət qədər müstəqil siyasət aparır. Bu siyasət nəticəsində Azərbaycan üçün çox önəmli olan belə bir sazişin imzalanmasına nail ola bilərik. Həmin saziş imzalanarsa, artıq Qarabağ sırf Azərbaycanın problemi olmaqdan çıxar və Türkiyənin də problemi kimi qəbul edilə bilər. Bu, imzalanacaq sənədin müddəalarından asılı olacaq. Güman edirəm ki, Türkiyə artıq Azərbaycanın ərazi bütövlüyü məsələsində daha qətiyyətli addımlar atmaq üçün belə bir sazişin imzalanmasına gedəcək”.

Xatırladaq ki, Ərdoğan Qarabağ problemini özünün seçki platformasına da daxil etmişdi...

*****

ilham Éliyev ile ilgili görsel sonucu

Qeyd olunduğu kimi, Bakıdan sonra Ərdoğan Brüsselə - NATO sammitinə yollanacaq. Azərbaycan prezidenti İlham Əliyevin Alyansın sammitə qatılıb-qatılmayacağı dəqiq bilinmir. Ermənistanın baş naziri Nikol Paşinyanın isə Brüsselə gedəcəyi gözlənilir. Onun Belçika paytaxtında NATO baş katibi Yans Stoltenverqlə görüşü olmalıdır. Paşinyan şübhə yox ki, ABŞ prezidenti D.Trampla şəkil çəkdirməyə də can atacaq. Amma erməni baş nazir bu səfərə Kremlin qıcıqlı reaksiyasının da fərqindədir.

“Əgər Brüssel sammitinin yekun mətnində qeyri-adi heç nə olmasa, Brüsselə gedəcəyəm”. Bunu o, 1in.am saytına açıqlamasında deyib (Axra.az). “Ümid edirəm ki, hər şey qaydasında olacaq” - o bildirib.

Qeyd edək ki, NATO-nun adətən yekun qərarlarında konfliktlər məsələsinə də toxunulur və burada dövlətlərin ərazi bütövlüklərinə dəstək ifadə olunur. Təşkilat bundan öncəki Varşava sammitində eyni addımı atmış və o zaman Paşinyan Sərkisyan hökumətini NATO-nun mövqeyinə görə kəskin tənqid etmişdi. Paşinyan Brüssel sammitinə yollansa, bu, erməni baş nazirin Qərbə ilk səfər olacaq.

Yeri gəlmişkən, sammitin proqramına əsasən, NATO-ya üzv ölkələrin liderləri iyulun 12-də Brüssel sammiti çərçivəsində Gürcüstan və Ukrayna prezidentləri - Georgi Marqvelaşvili və Pyotr Poroşenko ilə görüşəcəklər (Paşinyan onların arasında yoxdur). “Yeni Müsavat”ın məlumatına görə, bu barədə sammitin proqramında deyilir. “İyunun 12-də dövlət rəhbərləri səviyyəsində NATO Şurasının iclası keçiriləcək və orada Gürcüstan və Ukrayna prezidentləri də iştirak edəcək” - proqramda qeyd olunur. Görüş zamanı NATO baş katibi, Gürcüstan və Ukrayna prezidentlərinin birgə bəyanatı veriləcək. 

Ola bilsin, Belçika paytaxtında Ərdoğan Paşinyanla da üz-üzə gəlsin. Yaxud ayaqüstü söhbət istisna deyil. Bu zaman Türkiyə-Ermənistan sərhədi mövzusu, Qarabağ məsələsi diqqət mərkəzində ola, Ərdoğan Paşinyana  onun özünü “ağıllı aparması” üçün qiymətli tövsiyəsini çatdıra bilər. Elə Bakıdan azərbaycanlı həmkarı İlham Əliyevin mesajını da...

“Yeni Müsavat”ın analitik xidməti 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.