Nazirliyin mətbaut xidmətindən ANS PRESS-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətinin direktoru cənab Aleksandr Fomini və "Rosoboroneksport" Açıq Səhmdar Cəmiyyətinin baş direktoru cənab Anatoli İsaykini qəbul edib.
Müdafiə naziri qonaqları salamlayaraq, iki ölkə arasında hərbi sahədə mövcud olan əməkdaşlıq və qarşılıqlı inamın güclənməsinə xidmət edən fəaliyyətləri qeyd edib, dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələri xüsusi vurğulayıb.
Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan Müdafiə naziri, Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə olduğunu bildirib.
Qonaqlar səmimi qəbul üçün minnətdarlığını bildirib, Azərbaycanla Rusiya arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq imkanlarının geniş perspektivlərə malik olmasını diqqətə çatdırıblar.
Sonra Azərbaycan-Rusiya hərbi və hərbi-texniki sahədə mövcud əlaqələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.