“Xarici ölkələrdə hava limanında sərnişinlərin yoxlanılması bir dəfə həyata keçirilir. Azərbaycanda isə iki dəfə. Amma hər yerdə olduğu kimi, bir dəfə olsa daha yaxşıdır”.
Bunu Modern.az-a açıqlamasında deputat Vahid Əhmədov deyib. O, Binə hava limanında sərnişinlərin girişdə də, çıxışda da yoxlanmasına münasibət bildirərkən qeyd edib ki, bu prosedura soyuqqanlı yanaşmaq lazımdır.
“Dağlıq Qarabağ kimi problemimiz var, münaqişə zonasındayıq, dələduzluq halları olur, narkotik vasitələrin qanunsuz yolla keçirilməsi faktları geniş hal aldığından yoxlamalar həm hava limanına daxil olarkən, həm də oranı tərk edərkən həyata keçirilir. Məncə, sərnişinləri bir dəfə normal şəkildə yoxlamaq da olar ki, əlavə narazılıq yaranmasın. Beynəlxalq aləmdə olduğu kimi”.
Deputat Fazil Mustafa da açıqlamasında həmkarının fikri ilə razılaşıb.
“Əslində bu, əlavə təhlükəsizlik tədbiri kimi düşünülsə də, bu qədər ağır şərtlərlə vətəndaşlara çətinlik yaratmaq doğru deyil. Hava limanında iki dəfə yoxlanış həm də, turistik məqsədlə ölkəyə gələn insanlar üçün müəyyən sıxıntılar yarada bilir. Buna görə də dünya praktikasında geniş yayılmayıb. Hava limanına girişdə yoxlamalar təbiidir, amma çıxışda yenidən yoxlama həyata keçirmək absurddur və yaxşı qəbul edilən hal deyil”.