“Azərbaycanın gələcəyini Mehriban xanımda görürəm”

4-09-2018, 09:24   
 
[media=//www.youtube.com/watch?v=watch]

“Heydər Əliyev hakimiyyətə gəlməsəydi, məni həbsdə öldürəcəkdilər”

“Rəhmətlik Qatır Məmməd birdən başladı danışmağa…”
Hacı Əbdül Azərbaycan siyasətinin ən maraqlı və ziddiyyatli adamlarından biridir. Milli Azadlıq Hərəkatı başlayandan tutduğu mövqe etibarilə hər zaman ölkə siyasətinin gündəmində dayanan siyasi xadimlərdən biri olub. Qurduğu “Tövbə” Cəmiyyəti zamanın “Qardaşlıq” Cəmiyyəti ilə birlikdə Milli Azadlıq Hərəkatının və onun rəhbərlərinin əleyhinə fəaliyyət göstərmiş, dövrün irticaçı hökumətini – Ayaz Mütəllibovun anti-milli hakimiyyətini qorumağa yönəlmişdi. Buna görə də Hacı Əbdül və onun təşkilatı yaddaşlarda hər zaman mənfi emosiyalarla assosiasiya olunub.
Hacı Əbdülün adı bir çox tarixi hadisələrdə keçib. Hərəkatın və mitinqlərin dağıdılmasında rol alıb. 1991-ci ilin avqustunda AXC-nin qərargahına basqında və sonra hərəkat liderlərinin döyülməsində onların rolu olub. O zaman yaxşı yadımdadır. Biz AXC-nin qərarı ilə imtahandan yenicə çıxmış və Türkiyəyə göndərilməyə hazır gözləyirdik. Hər gün AXC-nin qərargahına gəlir, proseslərdə aktiv iştirak edirdik. Avqustun 21-dən sonra idi. QKÇP-nin baş verməsi ilə gündəm dəyişmiş, vəziyyət yenə gərginləşmişdi. Mən “Tövbə” və “Qardaşlıq” Cəmiyyətlərinin AXC-nın qərargahına hücumunu gözlərimlə gördüm. Silahlı adamlar Əbülfəz Elçibəyin otağına doluşanda, biz bir tələbə yoldaşımla (o, indi ölkənin məşhur həkimlərindən biridir) “Azadlıq” qəzetinə xəbər vermək üçün ora göndərildik. O zaman “Azadlıq” qəzeti AXC-nin “sovetski”dəki qərargahının yaxınlığında yerləşirdi. Bizi ora göndərdilər ki, mətbuat gəlib yazsın və məsələni ictimailəşdirsin. Qaranəfəs dayanmadan “Azadlıq” qəzetinin redaksiyasına qaçdıq və olanları xəbər etdik. Qəzetdəkilərin verdiyi reaksiyanın bizi çox heyrətləndirdiyini yaxşı xatırlayıram və bu haqda “Elçibəyin imtahanı”nda geniş yazmışam.
Hə, mənim Hacı Əbdüllə ilk tanışlıqlarımdan biri o idi. Biz geri qayıdanda görüş bitmişdi və mitinq başlayırdı. Mitinq başlayan kimi ilk çıxışçı olan Bakı və Kəndlər Birliyinin sədri Nəsir Ağayevə hücum oldu və başladı. Sabir Rütəmxanlının başını yardılar, Pənah Hüseynin qolunu qırdılar, Vurğun Əyyubu döydülər, əllərinə keçənləri əzib keçdilər. Əbülfəz Elçibəy isə əsl hədəfdi. Onu bayıra çıxaranda digərləri kimi polis maşınına aparmağa imkan vermədik. O böyük kütlənin içində mən və atam da vardıq və Əbülfəz bəyi çiynimizə alıb qərargahın yanındakı yolla yuxarı qaldırdıq və bir qırmızı “07” ilə göndərdik. Atamın ağ köynəyi Elçibəyin başından tökülən qıpqırmızı qanla boyanmışdı. Yadımdadır ki, atam o köynəyini yudurtmaq istəmirdi. ““Azadlıq” muzeyi qurulacaq, bu köynəyi ora verəcəyəm” deyirdi…
Sonra Hacı Əbdülün adı Xızı rayonunun icra hakimiyyətinin başçısı vəzifəsinin təyinatında keçdi. Orada zamanın dəliqanlı Daxili İşlər naziri İsgəndər Həmidovla qalmaqal yaşadı. Sonra Heydər Əliyevin diqqətinə gəldi, Naxçıvanda Heydər Əliyev hirslənib ünvanına nələr demədi. Bir az keçdi Azərbaycan “hacıleyləyin nağılı”nı dinlədi və indiyə qədər də bu məşhur söhbət dillər əzbəri olaraq qalır. Sonra da “Tövbə” Cəmiyyəti, Hacı Əbdülün zaman-zaman məşhurları şallaqlaması, indi deputat olan “Vəhdət” partiyasının sədri Tahir Kərimlini tövbə etdirməsi, Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibovu dəstəkləməsi və nəhayət, birinci vitse-prezident Mehriban Əliyevanın yanında, səfində yer alması. Bax belə, bugünkü müsahibimizin ömrünə bu boyda hadisələr sığışıb və biz onunla müsahibəyə gələndə bütün bu suallarımıza cavab almağı düşünürdük.
Mən ilk dəfə idi ki, onunla həmsöhbət olurdum. Açığı, ilk müsahibə olmasına baxmayaraq, bir-birimizi tanıyırdıq. Elə ilk zəngimlə razılığını verdi və hiss etdim ki, “Qaynar Qazan” izlədiyi bir verilişdir. Görüşəndə və söhbətləşəndə isə haqqında yaradılan obrazdan fərqli bir adamla qarşılaşdım. Tarixi hadisələrə münasibətindən aydın olur ki, heç o zamanlar da bilərəkdən və istəyərəkdən iştirak etməyib hadisələrdə. Bəzən zorən olub bəzi olaylar. Bunlar haqda diqqətli tamaşaçı və oxucu müsahibədən özlərinə lazım olanı götürəcəklər. Amma onun qürbətdə yaşayan mühacirlərimizin ölkəmizə qayıtmasında göstərdiyi münasibət məni həqiqətən kövrəlti. Hacı Əbdül o insanlardan danışanda göz yaşlarını saxlaya bilmədi və ağladı… Mən bunu müsahibə boyu hiss elədim və Hacının ürəyiyumşaq insan olduğu və mərhəmət dolu hisslərlə yaşadığının şahidi oldum. Ömrünün bu yaşında içində mərhəmət hissinin hələ də qaldığı insanların olması və onların Mehriban Əliyevanın komandasında yer alması bəlkə kimlərəsə yaşıl işıq ola bilər, bəlkə kiminsə qapısı açılar. Hər halda ilk ağlıma gələn də bu kontektdə siyasi məhbusllar oldu.
Hacı Əbdülün müsahibəsi çox maraqlıdır. Xüsusilə, 1991-ci ildə baş verən vertolyot qəzası haqqında dedikləri şəxsən məni heyrətləndirdi və açığını deyim ki, mən o hadisə haqqında ilk dəfədir Hacının dedikləri istiqamətdə məlumatlar alırdım. Onun dedikləri doğrudursa və həqiqətdirsə, o zaman Azərbaycanın son 30 illik tarixi yenidən və silbaşdan yazılmalıdır. Hələ Hacının onu öldürmək planları haqqında danışdıqları lap tükürpədicidir.
Xüsusilə, gəncliyində sevdiyi qızdan və onun Heydər Əliyevin köməkçisi olduğundan, sonunda Hacının anasının Heydər Əliyevlə görüşünü təşkil etdiyindən danışması da maraqlı hadisədir. Onun sevdiyi və müəyyən səbəblərdən həyat qura bilmədiyi bir qız, zaman gəlir ki, onun bir növ həyatını xilas edir – nə qəribə bir tale!
Hacının Əbülfəz Elçibəyə yaxşı və dost münasibəti olub. Onu çox istəyib. Ayaz Mütəllibovla da həm hakimiyyətdə, həm də Moskvada qaçqın olanda yaxşı münasibətləri olub və onun müdafiəsində yaxından iştirak edib. Heydər Əliyev zatən onun həyatında müstəsna insan olub. Çünki “Heydər Əliyev hakimiyyətə gəlməsəydi, məni öldürəcəkdilər” deyir. Üstəlik, gənclik sevgisi də Heydər Əliyevin köməkçilərindən biri olub. Bunlar artıq tarixdə qalıb. Maraqlıdır ki, Hacı Əbdül bu gün birinci vitse-prezidentin komandasında da önəmli adamlardan biridir. Açıqca onun haqqında danışır, “Azərbaycanın xilaskarı odur” deyir, Mehriban Əliyeva onun məscidini təmir edir və Hacı onun təbliğatını aparır, qurur və s. Ən əsası isə odur ki, Hacı Əbdül deyir ki, kim mənim əleyhimə danışırsa elə bil, Mehriban Əliyevanın əleyhinə danışır. Bu, çox böyük iddiadır və əsas olmasa kimsə belə bəyanatlar verə bilməz. Hələ Hacı Əbdül kimi təcrübəli adamlar əsla.
Qonağımız illər boyu ən maraqlı və qalmaqallı olaylarda baş rollardan birini oynayan Hacı Əbdüldür. “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül…

Əvəz Zeynallı
“Qaynar Qazan”
I hissə
Azərbaycanın gələcəyini Mehriban xanımda görürəm

– Əziz tamaşaçılar, “Qaynar Qazan” izləyiciləri, bugünkü qonağımız Azərbaycan ictimai-siyasi həyatında müstəsna rol oynayan siyasi, dini, ictimai şəxslərdən biri Hacı Əbdüldür. Xoş gəlmisiniz, Hacı.
– Salam, xoş gördük.
– Uzun müddətdir, sizinlə “Qaynar Qazan”da görüşmək istəyirdik. Necəsiniz?
– Şükür Allaha. Yaxşıyam, sağ olun.
– Biz məsciddə görüşmək istədik, amma deyəsən orada təmir var idi.
– Bəli, təmir işləri gedir.
– Təmiri kim aparır, Hacı?
– Mehriban xanım – birinci vitse-prezident aparır.
– Təbrik edənlər də var. Emin Ramiz təbrik edib ki, məscidin təmiri mübarək.
– Sağ olsunlar.
– Mehriban xanım şəxsən məsələ ilə maraqlanır?
– Şəxsən, özləri edir.
– Mehriban xanımla görüşürsünüz?
– Görüşmürük, amma münasibətlərimiz yaxşıdır.
– Madam ki, Mehriban xanım mövzusu ilə başladıq, elə onunla bağlı bəzi suallarım var.
– Buyurun.
– Əvvəlki seçkilərdə də, indiki seçkilərdə də siz açıq şəkildə Mehriban xanımı dəstəklədiniz. Bunun səbəbi nədir?
– Səbəb çoxdur, lap çoxdur. Amma qısaca deməli olsam.
– Çoxu da deyə bilərsiniz. Yəni qısaca yox, rahat vaxtımız var.
– Əsas səbəb odur ki, mən şəxsən Azərbaycanın gələcəyini, xalqımızın gözəl yaşayışını, müstəqilliyimizin daimi olmasını, torpaqlarımızın yenidən özümüzə qaytarılmasını – bunların hamısını edə bilən bir şəxs kimi Mehriban xanımı görürəm. Çünki hər şey hamımızın gözünün qabağındadır. Keçmiş illərdə baş verən hadisələrdən isə danışmağa dəyməz. Nə olar ki xanımdır, aslanın erkəyi, dişisi olmaz. Mənim nəzərimdə minlərlə kişidən artıqdır Mehriban xanım. Bəzi kişilər onu öz üstünə götürməsin, amma çox kişilərdən hər sahədə – istər siyasi sahədə, istər Azərbaycanı dünyaya tanıtmaq cəhətdən üstündür. Azərbaycanı bu vaxta qədər dünyaya Mehriban xanım kimi açıq-aydın, müsbət tanıtdıran hələ ikinci bir şəxs yoxdur. Heç mən inanmıram ki, bundan sonra da olsun. Eyni zamanda, bu xanım xalqının da qeydinə qalır, ona bir ana məhəbbəti göstərir. Belə bir ictimai xadim olan yerdə başqalarını dəstəkləmək olmaz. Yəni nə olsa yalandır, düzü budur.
Mən Ayaz Mütəllibovun “Xocalı” faciəsində günahı yoxdur

– Sizin zaman-zaman siyasi həyatda müəyyən yolunuz olub. Məsələn, uzun illər Ayaz Mütəllibovu dəstəkləmisiniz. Düzdürmü?
– Bəli.
– Ondan peşimanmı oldunuz? Deyəsən, Ayaz Mütəllibovla sizin münasibətləriniz sonda kəskinləşdi, eləmi?
– Yox, mən, əvvəla, bir şeyi deyim ki, çoxusu onu tamamilə dərk etmir. Mən Ayaz Mütəllibovu müdafiə eləməmişəm.
– Amma Hüquqlarını Müdafiə komitəsinin sədri olmusunuz.
– Mən haqqı müdafiə eləmişəm. Haqqı – yəni “Xocalı” faciəsində Ayaz Mütəllibovun zərrə qədər günahı yox idi. Mən bu yöndə deyirəm. “Xocalı” faciəsində Ayaz Mütəllibovun zərrə qədər günahı olmayıb. 1993-cü ildə Məkkədən qayıdanda Ayaz Mütəllibovu ziyarətə getmişdim. Ayaz Mütəllibov hakimiyyətə gəldi, mən ziyarətə getdim. Ziyarətdə olanda hadisələr baş verdi, dəyişikliklər oldu, Elçibəy hakimiyyətə gəldi. Mən gələndə məni təyyarə meydanında tutdular.
– Həccdən qayıdanda? Onda artıq Əbülfəz Elçibəyin hakimiyyəti idi?
– Bəli. Məni tutdular, Daxili İşlər Nazirliyinə apardılar. Oğlumla getmişdim, adamdan xahiş elədim ki, həcc paltarındayam, burax məni, gedim evə, evdə gözləyirlər.
Məkkədən gələndə məni həcc libasında tutdular  və dedilər ki…

– Onda Daxili İşlər naziri İsgəndər Həmidov idi?
– Bəli. Dedim, buraxın, sabah gəlim, qaçası deyiləm ki. Dedilər, yox, belə göstəriş var ki, səni buradan aparaq Daxili İşlər Nazirliyinə. Məni apardılar.
– Yəni həccdən gəldin, evlə görüşmədən sizi birbaşa həbsə apardılar? Niyə?
– Mən elə onu soruşurdum ki, qardaş, burada nə var ki aparırsınız? Məndən bir sual soruşdular. Sən niyə Məkkədən qayıtdın? Ona görə səni həbs edirik. Sən Məkkədən qayıtmamalı idin. Mən dedim, mən ziyarətə getmişəm, vətəndən qaçmamışam.
– Elə bilirdilər ki, qaçmısınız?
– Bəli. İkincisi də ki, mən niyə qaçmalıyam?
– Onda “Tövbə” cəmiyyəti var idi?
– Bəli, “Tövbə” cəmiyyəti 1985-ci ildə yaranıb.
– Cəbhəyə – Xalq Hərəkatına qarşı xüsusilə sərt olduğunuz üçün həbs ediblər?
– Mən heç kimə qarşı sərt olmamışam. İndi onlar hakimiyyətdə deyil ki. Mən haqlı söz demişəm. Bu gün də haqq deyirəm. Məni assalar da, haqq deyəcəyəm. Yəni mən nəyin düz olduğunu hesab edirəmsə, nədə haqq görürəmsə, onu deyirəm.
– Suallarımız o qədər çoxdur ki və o qədər maraqlı şəxsiyyətsiniz ki. Bunların hamısını bir-bir verəcəm, bizdə Mehriban xanımla bağlı suallar var, onları da verəcəm. Siz deyirsiniz ki, mən Məkkədən gələn kimi məni həbs etdilər. Sizin İsgəndər Həmidovla xüsusi münasibətləriniz olub? Dost olmusunuz, düşmən? Hətta Fuad Yusifov deyir ki, İsgəndər Həmidovun onu döydüyü doğrudurmu? Siz İsgəndəri döyübsünüz, yoxsa o sizi? Məncə siz güləşçi olubsunuz.
– Bəli, mən indi də güləşçiyəm.
– Cavanlıqdan da münasibətiniz olub?
– Bəli, olub. Cavanlıqda dost olmuşuq.
Heydər Əliyev hakimiyyətə gəlməsəydi, məni həbsdə öldürəcəkdilər

– Bəs sonra nə oldu ki?
– Mən sizin sualınıza elə bir cavab verim ki, bu, heç kimin  bilmədiyi bir cavab olsun. Mən uzun müddətdən sonra həbsdən qayıtdım, yenə deputat idim. Deputatlıqda fəaliyyət göstərirdim. İsgəndər Həmidovun azadlığa buraxılması üçün imza toplayırdılar. Mənə də gəlib dedilər ki, imza atarsanmı? Yuxardan birinci imzanı mən atdım. Çünki onunla cavanlıqdan dost olmuşuq. Hətta o məni həbs etmiş olsa da. Heydər Əliyev cənabları hakimiyyətə gəlməsəydi, məni həbsdə öldürmüşdülər.
– Elçibəy hakimiyyətində?
– Bəli, onun özü də açıq iş idi.
– Heydər Əliyevin də sizə münasibəti sərt olub axı.
– Heydər Əliyev hakimiyyətə gəlməyindən 2 gün sonra məni azad elədi. Və dəmiryolu xəstəxanasının baş həkimi ilə danışdı, yer təşkil elədi, dedi ki, bu adamı müalicə edin. Yoxsa mən ölmüşdüm.
– Yəni siz Elçibəy dövründə həbsxanada idiniz. Deyirsiniz ki, sizi öldürəcəkdilər?
– Öldürəcəkdilər nisyə idi, öldürmüşdülər məni. Əgər mən bu gün sağamsa, ibadət edirəmsə, uşaqlarımın üstündəyəmsə, az-çox kiməsə yaxşılığım dəyirsə, mən bunun üçün birbaşa Heydər Əliyevə minnətdaram.
– Çox maraqlıdı. Bəs Heydər Əliyev Naxçıvanda sizin haqqınızda bir şeylər demişdi, niyə demişdi onları?
– Əvvəla, mən sizə bir şeyi nəzərə çatdırım ki, Heydər Əliyev cənablarının mənim haqqımda Naxçıvanda dedikləri mən deyiləm. O, mənim üçün deyir, o sözlər mənə aiddir, amma o, mən deyiləm.
– Deyirsiniz ki, yanlış informasiya veriblər?
– Bəli, yanlışdır. Əvvəla, mən maştağalı deyiləm. İkincisi, mən ömrüm boyu narkotika qəbul etməmişəm. Heç gül satmamışam, nəinki gül alverçisi, mən heç gülləri bilmirəm.
– Bəs siz haralısınız?
– Mən Xızır rayonundanam, Xanəgah kəndindənəm.
“Hacıleylək”  deyərkən nəzərimdə birbaşa Heydər Əliyevi tutmuşdum

– Dağlısınız?
– Bəli, dağlıyam. Amma o deyir ki, maştağalıdır. Maştağada da Hacı Əbdül var, rəhmətə gedib. Hətta o Məşədi Əbdül idi, həmişə harasa gedəndə deyirdi ki, mənə Hacı Əbdül deməyin. Mən Məşədi Əbdüləm. Rəhmətliyə informasiyanı səhv veriblər. İkincisi də, o, məni azad elədi. Azad edəndən sonra hamı düşünürdü ki, onun mənə, mənim də ona münasibəti pis olub.
– Bu azad edəndən sonra dediniz, ona gələcəyik. Azad edəndən sonra nə oldu? Amma sizin bir “hacıleylək” söhbətiniz də var axı. Məhşur “hacıleylək” söhbətiniz var. Cavid Musazadə də burada deyir ki, bir vaxt deyəndə ki, “hacıleylək gəlib sizi bir-bir dənləyəcək”, heç kim dillənmirdi. Bəs bu “hacıleylək” kim idi?
– Mən “hacıleylək” deyərkən nəzərimdə birbaşa Heydər Əliyev tutmuşdum. Onun əvvəlində mən deyirəm ki, Həbəşistanın KQB-nin sədri var idi. Amma onun əvvəlini deyirəm. Hamı onu götürdü qoydu, o da gəlib bir-bir bunları dənlədi. Və bu gün siz nəzərinizdə istədiyiniz ki var, qəbul eləmirsiniz heç kəsi. Həbəşistanın başına gələn hadisə sizin də başınıza gələcək. Gələcək və sizi bir-bir dənləyəcək. Böyüklərin bir məsəli var. Deyir ki, zalımı müdafiə edən zülmə məruz qalar. Bu gəlməli idi, bu olmalı idi. Çünki bir qrup insanlar Xocalını zorla Ayazın boynuna qoydular, hakimiyyətdən aparmaq üçün. Onun burada günahı yoxdur. Bizim onla münasibətimiz var da demək olardı, yox da. Görüşmürük də.
– Gələndən sonra heç getməmisiniz?
– Görüşmüşük. Yəni oğlu rəhmətə gedəndə bir olmuşuq.
– Amma o Azərbaycana gələndən sonra getmək, evində söhbət etmək olmayıb.
– Təsadüfi hallarda.
– Ayaz Mütəllibov etibarsız adamdırmı, Hacı?
– Mən onun haqqında etibarsız deyə bilmərəm. Çünki mən ondan görməmişəm.
– Amma, məsələn, hakimiyyətin sərt dönəmlərində siz onu o qədər müdafiə etdiniz. Yəni bir “sağ ol”a dəymədimi?
– Mən onu müdafiə eləməmişəm, mən haqqı müdafiə eləmişəm. Ona görə də mənə heç bir təsiri yoxdur. Əgər onun yerinə bir gavur olsaydı, yenə də deyəcəkdim ki, bu işi o görməyib. Yəni burada mənə qarşı etibarsızlıq görməmişəm. Mən onu müdafiə etməmişəm. Haqqı müdafiə eləmişəm və onun burada günahı yoxdur.
“Qaynar Qazan” vasitəsilə dövlət başında duranlardan xahiş edirəm…

– Amma burda onla bağlı bir Ağasif Şakiroğlunun bir sualı var: “İndi özünü kim sayır? Mütəllibovçu, yoxsa Heydər Əliyevçi?”
– Mən yenə də deyirəm ki, heç vaxt Mütəllibovçu olmamışam. İslam çox incə dindi. Mən bunu İslami xəttlə elə xırdalayaram ki, adamın ayağı yerə yapışar. Mən haqqı müdafiə eləmişəm, Mütəllibovçu olmamışam. Heç vaxt olmamışam. Bu gün də deyiləm. O imza toplanması çox maraqlı bir hadisə idi, Əvəz müəllim. Mən bu gün də bütün vətəndən didərgin düşənlərin vətənə qayıtmasını istəyirəm. Bu, hamımızın vətənidir, onların da vətənidir. Bir an özümüzü kənarda təsəvvür edək. Kənardan vətənə baxaq. Onu gərək görəsən, hiss edəsən, yaşayasan. Mən sizin bu “Qaynar Qazan” vasitəsilə dövlətdən, dövlət başında duranlardan – hamısından xahiş edirəm ki, elə şərait yaratsınlar ki, vətəndən gedənlər qayıtsınlar. Onlara bir amnitsiya versinlər, keçirsinlər onları.
– Yəni tutmasınlar. Qayıtsınlar, amma tutmasınlar.
– Tutmasınlar.
– Sözünüz ölkədə keçir. Mehriban xanımın yanında sözünüz hörmətə malikdir, mən bilirəm.
– Sağ ol. Mən sizin “Qaynar Qazan” vasitəsilə hamıya müraciət edirəm. Dövlət başında duranlara, sözü keçənlərə, yəni ixtiyarı olanlara. İmkan versinlər, türmədə amnitsiya verdikləri kimi bunlara da versinlər. Qoy bunlar da vətənlərinə qayıtsın. Anaları, bacıları var. (Kövrəlir… Danışa bilmir…)
– Sağ ol, Hacı. Duyğulandınız. Məni də kövrəltdiniz.
– Qayıtsınlar. Bundan böyük cavab ola bilməz.
– O dövrə qayıdaq. Deyirdiniz ki, Heydər Əliyev gəlməsəydi məni öldürəcəkdilər. Niyə, Hacı? Kim?
– Bu məsələ haqqında danışım. Məni 18-ci kamerada saxlayırdılar.
– Bayılda, eləmi?
– Bayılda. Bizimlə üzbəüz 13-cü kamera var idi. Bizim kamerada yatanların hamısı tövbə etmiş uşaqlardı. Namaz əhli idi. Mənim işim o idi. İstər həbsdə, istər bayırda cavanlara düz xətt göstərmək. Bu gün də istəyirəm ki, bizim o cavan qızlarımız ki narkomaniya ilə məşğuldular, olmasınlar. Həbsdə 13-cü kameranı təmizləyirdilər. Bəzəyib düzəldirdilər. Bizə çox maraqlı idi. Oranı kim üçün hazırlayırdılar. Kamera hazır oldu. Bir də gördüm, gəldilər ki, Hacı, sənin yerini 13-cü kameraya dəyişdiririk. Deməli, mənim üçün idi.
Dəfələrlə rəisə yazmışdım ki, heç olmasa bir süpürgə ver…

– Maraqlıdır.
– Günlərin bir günü, 1 həftə, 10 gün. Bir süpürgə vermişdilər ki, oranı süpürək. Üfunət idi, göydən yerə hörümçək toru var idi. Heç o “kormuşka”nı açmırdılar ki, hava dəyişsin. Boğulurduq içəridə.
– Tək qalırdınız?
– Tək idim. Günlərin bir günü həkimlər kameraları yoxlayırdılar bir-bir. Bizim kameranı açanda açmağı ilə bağlamağı bir oldu. Üfunət vurdu onları. Dedim, görürsünüz, 1 saniyə qala bilmirsiniz, amma məni burada öldürürsünüz. Sözüm onda yox. Getdilər. Dəfələrlə rəisə yazmışdım ki, heç olmasa bir süpürgə ver, buranı süpürək. Dedilər ki, o vaxt deputat olanda parlamentdə nə üçün Bayılda həbsxana üçün süpürgə istəmirdiniz. Məzələnirdilər… Nə isə, Əvəz müəllim, gecənin bir aləmi, boğuldum. Boğuldum, qapını sındırdım. Açdılar, hava aldım.
– Pəncərə də bağlı idi?
– Bəli, başımı çıxartdım, hava aldım bir az, həkimə apardılar. Həkim gəldi, baxıb gördülər ki, indi ölə bilərəm. Qaz buraxmışdılar içəri, ona görə boğuldum. Məni xəstəxanaya apardılar. Mənim bütün səs tellərim şişmişdi.
– Səsiniz o vaxtdanmı belə oldu?
– Bəli. Səs tellərim şişmişdi və iynə ucu qədər nəfəs ala bilirdim. Bəlkə də nəfəs alsam, tutular, boğulub ölərdim. Həkimlər baxdı. Sözüm onda yox. Mən bir kamerada yatırdım, Şahvələd deyə bir siyasi dustaq var idi, o birində yatırdı…
– Mən də indi ona gələcəkdim. Səbirə Mahmudova soruşur ki, Ağdam komandirlərindən Yaqub Rzayevin – Qatır Məmmədin məhbəsdə qonşusu olduğunu eşitmişəm. Onun ölümü necə baş verdi? Qəsd idimi?
– Gözəl sualdır, saxlayaq o sualı bir az sonraya…
– Olar.
– Biz bir yerdə qalırdıq. Mən idim, Qatır Məmməd idi, Şahvələd id, bir də Vaqif Hüseynov – KQB-nin sədri.
– O da sizinlə yatırdı?
– Bəli, bir yerdəydik.
Rəhmətlik Qatır Məmməd birdən başladı danışmağa…

– Üzr istəyirəm, təxminən neçənci il idi?
– 1992-ci ilin axırı idi. Deməli, hörmət əlaməti olaraq bizdən xahiş edirdilər. Bir 30 dəqiqə ümumi dustaqları xəstəxananın koridorunda gəzməyə buraxırdılar. Yarım saatdan sonra içəri. Gecənin bir aləmi gördüm ki, hansısa bir “dejurnı” açıb bizi buraxdı ki, “keçin, bir az söhbətləşin”. Bu, mənə çatmırdı. Çünki mən bilirdim ki, cavan vaxtımda dövlətin kəşfiyyatçıları restoranda işləyən ofisiantlar idi. İndi bilmirəm, ama o vaxt elə idi. Taksi şoferlərinin əksəriyyəti idi, tramvaylardaki konduktorlardı. Bunların bir çoxu dövlətə işləyirdilər. Çünki bütün hadisələr bunların yaxınlarında olur. Ofisant orada yeyib-içənləri görür. Yəni bunları bilirdim. Sonra deyəndə ki, bunları belə ayırırlar, mən şüphələnirdim. Qatır Məmmədlə söhbət edəndə gəlib yanımızda dayanırdılar. Söhbətlərimizə qulaq asırdılar. Elə bu günün özündə də məni tanıyan dostlarım, yoldaşlarım bilirlər ki, mən həmişə onlara deyirəm ki, əgər bir sözü dövlət qarşısında deyə bilməyəcəksənsə, iki nəfər danışanda da danışma. Üçüncü nəfər də var. Sabah onun hesabını səndən soruşarlar. Danışma. Rəhmətlik Qatır Məmməd birdən başladı danışmağa ki, Hacı vertolyotu mən vurmuşam.
– Hansı vertolyotu?  Nə danışırsınız?
– Bəli. Deyir, mən vurmuşam, biz vurmuşuq. Bu belə danışanda mən şokdaydım ki, nə danışır? Dedi, Tamerlan Qarayev bizə zəng elədi ki, bir erməni vertolyotu filan vaxtı oradan keçəcək, siz onu vurursunuz, birini də sağ buraxmırsınız. Hamısını vurursunuz.
– Dəhşətli söhbətdir…
– Dəhşət hələ sonrasıdır. Deyir, vertolyot gəlib keçəndə biz onu vurduq. Vertolyot dağın döşünə birtəhər özünü yetirəndə uzaqdan bunları gülləyə tutduq. Başladıq vurmağa. Gəldik gördük ki, özümüzünkülərdir.
– Siz nə danışırsınız, Hacı?!
– Dedim ki, Qatır Məmməd, sən nə danışırsan? Dedi, Hacı, mən o qədər şey bilirəm ki, buradan çıxandan sonra hamısını danışacağam. Dedim, sən bu danışıqla buradan çıxa bilməzsən. Qardaş, danışma, belə şeyləri burda danışma. Mən bunu deməyə məcbur oldum.
Qatır Məmməd belə dedi…

– Allah, Allah, mən şokdayam.
– Dedi, mən buradan sağ çıxsam, çox şey bilirəm, çox şey danışacam. Bizi təzədən öz yerimizə saldılar. Fikir götürüb məni ki, bu nə danışır?
– Hacı, təkrarlamağa belə ehtiyat edirəm. Sizin dediklərinizi 25-30 ildən sonra təkrarlamağa belə ehtiyat eləyirəm ki, Qatır Məmməd deyir ki, biz eləmişik…
– Belə deyir, bəli. Qatır Məmməd rəhmətlik belə dedi. Mən dedim, danışma. Dedi, buradan çıxsam, çox şey danışacam. Deməli, bizi saldılar yerimizə. Səhərisi gün günorta vaxtı yenə hamımızı çıxartdılar. Baxdım, Qatır Məmməd yoxdur. Nəzarətçiyə dedim ki, bəs Qatır Məmməd haradadır? Dedi, xəstədir, yatır. Dedim, 2 dəqiqə onunla görüşsəm olar? Olar dedi. Getdim yanına. Dedim, nə olub. Dedi, sən mənə dedin ki, danışma. Mənim başıma hadisə gəldi. Dedi, səhər-səhər nəzarətçi gəldi ki, həkim səni çağırır. Həkim də cənub zonasındandır, adı Arifdir, hündür oğlandır. Deyir, məni çağırdı, mənə dedi ki, xəstəxanaya yoluxucu xəstəlik yayılıb, istəmirik ki, siyasi dustaqlar xəstələnsinlər. Sizə iynə vuracağıq. Qaldırdım qolumu, vurdu. Gəlmişəm, ölürəm. Dedim, necə yəni? Deyir, Hacı, ölürəm. Yenə otağa saldılar. Heç o otağa keçmədik. Gördüm, nəzarətçi gəldi ki, həkim səni çağırır. Məni çağırırdı. Getdim.
– Deyəsən, sizə də bir iynə məsələsi olub axı?
– Ora gəlib çıxırıq.
– Çünki mənə bir adam yazmışdı ki, Hacıdan iynə məsələsini soruş. Orda onu öldürmək istəyirdilər.
– Bax, elə həmin söhbətdir. Dedi ki, Hacı, xəstəxanaya xəstəlik yayılıb. Bəs biz siyasi dustaqlara iynə vururuq ki, onlar xəstələnməsinlər. Dedim ki, həkim, mən Ala Yaqub deyiləm. Xəbərim var axı. Onun boynuna şər atdınız, düzünü Allah bilir. Nəyi satdı, nəyi də aldı, bu ermənilərlə əlaqə saxladı, ya nə etdi, bimirəm. Çağırıb ona iynəni vurdunuz, onu orada öldürürsünüz. İndi istəyirsiniz ki, məni vurub öldürəsiniz? Mənim günahımı deyin. Deyin ki, sən millətə qarşı bu cinayəti törətmisən, mən qolumu özüm qaldırım, deyim, vur. Mən camaatı ağlım kəsəndən tövbəyə çağırmaqdan, düz yolu təqlid eləməkdən,  haqqı deməkdən başqa heç nə eləməmişəm. Sən birini de, mən qolumu qaldırım, iynəni vur. Bu gördü ki, mən bilirəm, vəziyyətdən xəbərdaram. Əgər onu mən bilməsəydim, mən indi çoxdan ölmüşdüm. Dedi ki, Hacı, qaldır qolunu, indi nəzarətçiləri çağıraram, burarlar qolunu, iynəni vuraram. Gördüm, bu düz deyir. Orada kim məndən xəbər tutacaq, kim mənim vəziyyətimi biləcək? Kim biləcək ki, Ala Yaqub nədən öldü? Kim biləcək ki, mən niyə öldüm? Sadəcə deyə bildim ki, ay Allah, özün kömək ol.
– Allah Allah. Elə bil dəhşətli filmə baxıram.
– İlahi, özün kömək ol. Ürəyimdə “Allahu Əkbər, Allahu Əkbər” deyirdim. Bu yavaş-yavaş ayağa qalxır. Mən “Allahu Əkbər” də deyə bilmirəm. Sadəcə “Allah” deyirəm. Tək ümidim Allahadır. Bu siyirtməni çəkdi, iynə çıxartdı. Qarşıma keçdi. Mən də ayağa qalxdım ki, əgər mənə zorla iynə vursa, mən də müqavimət göstərəcəyəm. Nə qədər gücüm varsa. Mən ona necə baxıram, bir Allah bilir. O məndə nə görür, bir Allah bilir. Çatanda mənə, iynəni yerə vurdu. Dedi, Əbülfəzin də, İsgəndərin də var-yoxu belə-belə olsun. Otur. Əvəz müəllim, mən oturdum. Oturmağımla elə bil ki, bir vedrə suyu mənim başıma tökdün. Bütün bədənim su oldu. Mən alnımın, başımın tərini yığa bilmirəm. Silirəm, yenə gəlir. Bütün bədənim su içindədir. Bu mənim vəziyyətimi gördü. Belə stolun üstündə balaca samovarı var idi. Açdı, oradan bir stəkan çay süzüb mənim qabağıma, bir stəkan da öz qabağına qoydu. Baxdım ona, baxdım, ürəyimdən keçdi ki, iynədən qurtardıq, keçdik çaya. Mən buradan nə vaxt salamat çıxaram? Çayı içmədim. Gördü ki, çayı içmirəm, ancaq tərimi təmizləyirəm. Götürdü çayımı içdi. Dedi, Hacı, qorxma iç. Bir az içdim. Dedi, Hacı, get, ürəyin nə vaxt istəsə, de ki, həkimi görmək istəyirəm, gəl, söhbətləşək. Ürəyimdə dedim ki, mən hələ buradan bayıra çıxım, ölsəm də bura gəlmərəm. Çıxdım, gəldim, uzandım. Bax məni belə öldürürdülər, Allah qoymadı.
– Bəs Qatır Məmməd necə? Orada öldü?
– Bəli. Mən kameraya gəldim. Elə uzanmışdım, öz fikrimdə idim ki, ay Allah, nə yaman qurtardım. Birdən qışqırıq qopdu ki, Qatır Məmməd öldü.
– Deməli, bu, sizin şahidliyinizlə, gözünüzün qabağında olub.
– Mənim şahidliyimlə, mənim gözüm görə-görə onu buradan apardılar.

I hissənin sonu
“Qaynar Qazan”da yaddaşlarda qalanlar:
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.