Sentyabrın 7-də Tehranda Rusiya, Türkiyə və İran prezidentləri arasında növbəti görüş baş tutacaq. Bu görüşün yekunlarına dair prezidentlər birgə bəyanatla çıxış edəcəklər. Bunu Rusiya prezidentinin köməkçisi Yuriy Uşakov deyib. Tehranda Rusiya prezidenti Vladimir Putinin iranlı həmkarı Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ikitərəfli görüşləri də nəzərdə tutulub.
Artıq bütün dünyanın diqqəti cənub qonşumuza yönəlib. Xüsusilə Amerika başda olmaqla, Qərb dünyası bu görüşü daha yaxından izləyəcək. Buna səbəb də Tehran görüşündə əsas müzakirə mövzularından birinin heç şübhəsiz ki, Suriya probleminin olmasıdır. Digər tərəfdən, Qərbin hər üç ölkəyə qarşı tətbiq etdiyi sanksiyaları, eləcə də digər məsələləri prezidentlərin müzakirə edəcəyi sirr deyil.
Ekspertlər 1943-cü ildə II Dünya müharibəsi dövründə Tehranda SSRİ, Amerika və Böyük Britaniya rəhbərləri arasında baş tutan tarixi görüşün təkrarlana biləcəyini qeyd edirlər. O zamankı Tehran görüşündə İkinci Dünya müharibəsinin taleyini həll edən çox ciddi qərarlar qəbul edilmişdi. Bu tipli qərarların sentyabrın 7-də də qəbul edilə biləcəyi yönündə fikirlər səslənməkdədir. Xüsusilə Suriya probleminin həlli yolunda bu görüşün mühüm rol oynaya biləcəyi qeyd olunur.
Amma Rusiya ilə Türkiyə arasında Suriya məsələsində yaranan gərginliyin hələ də davam etməsinin İranda bəzi qərarlarına qəbuluna mane ola biləcəyi vurğulanır.
Bütün bunlardan əlavə, üç ölkə arasında Qərbin sanksiyalarına qarşı “Üçlər ittifaqı”nın yaradılmasının mümkünlüyü barədə də müzakirələr gedir. Azərbaycan ətrafında anti-Qərb koalisiyasının yaradılacağı təqdirdə, bunun ölkəmizə mənfi və müsbət istiqamətlərdə nələr verə biləcəyi yönündə müzakirələr açılıb.
Politoloq Elçin Mirzəbəyli bu görüşdə Rusiya ilə Türkiyə arasındakı gərginliyin çözüləcəyini düşünür: “Tehran sammiti hər üç ölkə üçün mühüm əhəmiyyət kəsb edir. Həm də təkcə Suriya böhranının həlli baxımından deyil və bəlkə daha çox ABŞ-ın sanksiyalarına birgə cavab vermək, iqtisadi əməkdaşlığı genişləndirmək baxımından həyati önəm daşıyır. Proseslər sürətlə inkişaf edir və bu səbəbdən hadisələrin gedişini zamana buraxmaq, vaxt qazanmaqla gərginliyin azaldılmasına nail olmaq mümkün deyil. Görüş çərçivəsində Türkiyə ilə Rusiya arasında son günlərdə İdlibin bombalanması ilə bağlı yaranmış problemin çözüləcəyini düşünürəm. Çünki hər iki dövlətin maraqları daha strateji məsələlərə fokslanmağı tələb edir. Suriya böhranının tamamilə həllinə gəldikdə isə təəssüf ki, bu mümkün deyil. Hörmətli Ərdoğanın BMT kürsüsündən səsləndirdiyi məşhur tezisə uyğun desək, ”dünya 5-dən böyük olduğu kimi" Suriya ilə bağlı prosesin iştirakçılarının sayı da 3-dən çoxdur. Buna görə də ya prosesin bütün iştirakçıları arasında uzlaşma olmalıdır, ya da qütblərdən biri sıradan çıxarılmalıdır. Hər iki versiya isə hələlik real görünmür. İndiki şəraitdə koalisiyanın yaranacağını düşünmürəm. Bu, qarşıdurmanı ən son həddə çatdıra bilər. Unutmaq lazım deyil ki, Qərb təkcə Amerikadan ibarət deyil. İran, Türkiyə və Rusiyanın ABŞ-ın müttəfiqi olan Almaniya, Fransa kimi ölkələrlə normal münasibətləri var. Digər tərəfdən, ABŞ-ın cəhdlərinə baxmayaraq, siyasi münasibətlərin lap dərinliyində Avropa İttifaqı üzvü olan dövlətlərin böyük əksəriyyəti nə Rusiyanı, nə Türkiyəni, nə də İranı özlərinə potensial təhlükə kimi görmürlər. Digər tərəfdən, Türkiyənin NATO üzvü olduğunu da unutmamalıyıq. Bu baxımdan, zirvə görüşünün daha çox revanş xarakteri daşıyacağını düşünürəm".
“Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli hesab edir ki, Tehran görüşü Suriya müharibəsini daha da alovlandıra bilər: “Bu görüşdən ilk gözləntim İdlibdə tökülən qanın dayandırılmasıdır. Bu da ilk öncə Türkiyə və Rusiyadan asılıdır. Rusiya Türkiyə-ABŞ münasibətlərinin gərginliyindən istifadə edib, İdlib məsələsində tərəfdaşı Türkiyədən güzəştlər almaq istəyir. Rusiya bilir ki, Türkiyə eyni vaxtda ABŞ və Rusiyaya qarşı gedə bilməz. Qarşı getsə də, bu, Türkiyə üçün çox çətin olacaq. Buna rəğmən Türkiyə Suriya ilə sərhəddə çoxlu zirehli texnika yığır. Göründüyü kimi, Türkiyə İdlib məsələsində israrlıdır. Rəsmi Ankara Rusiya və İranla İdlib məsələsində bir məxrəcə gəlməsə, bu, Suriya cəbhəsində yeni müharibə ocağının yaranması deməkdir. Bu müharibə ocağının yaranması ilk öncə Suriya xalqının ziyanınadır. ABŞ istəyir ki, Türkiyə ilə Rusiyanın münasibətləri korlansın. Lakin Amerika da istəmir ki, Rusiya və İranın dəstəyi ilə Əsəd rejimi İdlibdə hərbi əməliyyatlar aparsın. İdlib alınsa, əsədçilər Amerikanın nəzarətində olan kürd regionunun sərhədlərində duracaqlar. Bu da gələcəkdə Rusiya-ABŞ toqquşmasına gətirib çıxara bilər. İdlib qarşıdurması Suriyada olan bütün tərəfləri bir-birilərinə atəş açmağa məcbur edə bilər. Bu görüş çətin ki, Suriya müharibəsini bitirsin. Əksinə, bu görüş Suriya müharibəsini daha da alovlandıra bilər. Ümid edək ki, Türkiyə ilə Rusiya razılığa gələcək və İdlibdə qan dayanacaq. Məlumatlara görə, Türkiyə Rusiyaya üç tələb irəli sürəcək. Bu tələbləri Rusiya qəbul etsə, Türkiyə İdlibdə hərbi əməliyyata razılıq verəcək. İstənilən halda Suriyanın gələcəyi haqqında Türkiyə-Rusiya danışıqları gərgin keçəcək. Bütün dünyanın diqqəti bu görüşdədir. Amerika Tehranda keçiriləcək görüşün nəticəsini gözləyəcək. Anti-Amerika koalisiyasının qurulması üçün öncə İdlib düyününü Türkiyə, Rusiya və İran birlikdə açmağı bacarmalıdırlar. Hələlik isə bu görünmür. Bu ölkələr gerçəkdən müttəfiq olmaq istəyirlərsə, İdlib məsələsində bir məxrəcə gəlməlidirlər. Əks halda, Azərbaycan ətrafında anti-Amerika koalisiyasının qurulması reallığa oxşamır”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”