Rəsul Quliyev Musavatı "yıxıb-sürüdü"- Qarşılıqlı ittihamlar

19-06-2014, 17:34   
Rəsul Quliyev Musavatı "yıxıb-sürüdü"
Sabiq spiker, hazırda ABŞ-da mühacir həyatı yaşayan Rəsul Quliyev Hafta.az-a müsahibəsində son günlərdə baş verən hadisələrlə bağlı danışıb

Müsahibəni təqdim edirik:

- Müxalifətin yeni birliyi yaranır. Buna münasibətiniz necədir?

- Açığı, müxalifətin hər hansı yeni birlik yaratması cəhdindən xəbərim yoxdur. Hesab edirəm ki, müxalifətin istənilən konfiqurasiyada birlik yaratması demokratiyanın əleyhinə işləyən addımdır. Onların demokratiya uğrunda “apardığı mübarizə” imitasiyası artıq konveyr şəklini alıb. Hər seçkidən sonra deyirlər ki, yaratdığımız birlik Azərbaycan xalqının problemlərini həll edəcək, bu il dönüş ilidir. Lakin heç bir nəticə yoxdur. Bir daha üzümü onlara tutub deyirəm ki, Allah xatirinə, çıxın-gedin. Artıq uşaqlarınız da böyüyüb, acından ölməyəcəksiniz. “Siyasətdən gedirik” birliyi yaradın.

- "Müsavat" partiyasının qurultayı gecikdirməsini və göstərdikləri səbəbləri doğru hesab edirsinizmi?

- Bu məsələ artıq anektoda çevrilib. Sovetlərin başçısı Xuruşşov 1962-ci ildə “İndiki nəsil kommunizmdə yaşayacaqdır” (ağlını itirmiş bir adamın şüarı - R.Q.) demişdi. "Müsavat"ın qurultayı barədə deyə bilərəm ki, indiki nəsil bunu görməyəcək. Partiya liderlərinin bu səviyyədə yalançı olması təəssüf doğurur. Açıq və mərd-mərdanə “Biz çoxluğun qəbul edəcəyi lider tapa bilmirik, qorxuruq ki, qurultay keçirsək, zəif partiyamız parçalana” desinlər. Məgər heç bir seçimli təşkilata bir üzvünü belə seçdirə bilməyən partiyanın 1000 nəfərlik qurultay keçirmək cəhdi bu tədbiri təxirə salmağa cəhd etmək deyilmi?

- Cəmil Həsənlini siyasi kadr kimi necə qiymətləndirirsiniz?

- Hörmətli alim Cəmil müəllim gərək, birincisi, seçkilərə getməzdi. İkincisi, seçkilərdən sonra bəyanatlar vermədən sakitcə öz işi ilə məşğul olmalı idi. Ancaq bu belə olmadı. Onun “Mən prezidentəm” bəyanatları, sözün əsl mənasında, Molla Nəsrəddinin lətifələrinə bənzəyir. İdarəçilikdə heç bir təcrübəsi olmayan insanların necə prezident olmaq həvəsinə düşməsi Azərbaycanın möcüzələrindən biridir. Cəmil müəllim gərək əvvəl dekan olmağa cəhd edib kiçik bir kollektivdə idarəçilik təcrübəsi toplayardı. O, tarixçi olduğu üçün anlamalı idi ki, heç bir təcrübəsi olmayanın prezident olması ancaq inqilabi yolla mümkündür. Hesab edirəm ki, onun təşvişə düşməsi və hələ 4 il də özünü prezident hesab etməsi özünün şəxsi problemidir. Bir gün bir xarici “Mən prezidentəm” deyən Cəmil müəllimdən ölkə başçısını göstərib soruşacaq ki, bəs bu kimdir? O da çox ehtimalla cavab verəcək ki, bu mənim opponentim olub. Müvəqqəti prezident təyin etmişəm.

- Qarşıdan Əbülfəz Elçibəyin ad günü gəlir. Qeyd edəcəksinizmi?

- Mən, ümumiyyətlə, uşaqlar istisna olmaqla ad günlərini qeyd etmirəm.

- Rəsul bəy dünya çempionatını izləyirmi? İzləyirsə, hansı ölkəyə azarkeşlik edir?

- Bəzi oyunlara baxıram. Ancaq konkret azarkeşlik etdiyim ölkə yoxdur. Braziliya, Argentina, Almaniya, İspaniya, Hollandiya, İngiltərə, İtaliya kimi favoritlərlə yanaşı, ABŞ komandasının da oyunlarına imkan olanda baxıram. Çox ehtimal ki, Braziliya və ya Argentina dünya çempionu olacaq. Sözsüz ki, almanlar və italyanlar da çempion olmaqda şanslıdırlar.

- Artıq siyasi səhnədən silinməkdə olan Milli Şuranın seçki ərəfəsində üzvü olmuş şəxs kimi onun məğlubiyyətinin və uğursuzluğunun məsuliyyətini bölüşürsünüzmü?

- MŞ 2013-cü ilin avqustundan sonra artıq ölmüşdü. Sadəcə olaraq ölmüş bir təşkilatın “aqoniya” vəziyyətində olması uzandı. Burada da qeyri-adi bir şey yoxdur. 2005-ci ildə “tabutuna axırıncı mıx vurulmuş” müxalifətin “aqoniyası” 9 il uzandı. Hələ bu “aqoniya”nın nə qədər davam etməsini söyləmək çətindir. Çox ehtimal ki, liderləri qocalıb-ölənə qədər bu proses çəkəcək. Avqust qərarından bir neçə saat keçmiş qeyd etdişdim ki, MŞ bununla da tarixi səhv etdi və əhəmiyyətini itirdi. Dəfələrə bu şuranın işində artıq iştirak etmədiyimi bildirdim. Buna baxmayaraq, “seçilmiş prezident” məni MŞ “üzv"lüyündən azad etdi. Belə bir qeyri-ciddi təşkilatın süqut etməkdən başqa çarəsi ola bilərdimi? Mən bir çox məsələlərdə məsuliyyət daşıyıram və zaman-zaman onları qeyd edirəm.Yeganə MŞ-nın süqutuna heç bir məsuliyyət daşımıram.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.