Təhsildə imtahan oyunu: Ceyhun Bayramov müəllim üsyanı yetişdirir?

17-10-2018, 09:10   
 

Son vaxtlar müəllimlərimiz arasında kabus kimi bir xəbər dolaşmaqdadır, bu kabusun adını sertifakiya və müəllimlərin attestasiyası adlandıra bilərik. Hələ diaqnostik imtahanın xofu canından çıxmamış müəllimlər yaxınlaşmaqda olan bəlanın konkret olaraq necə bir proses olduğundan tam xəbərsizdilər. Ortada yalnız bu qeyri-müəyyən və “kabus xəbərin” müxtəlif “qorxunc” tərəfləri şayə kimi dolaşmaqdadır. Bu xaotik vəziyyətə səbəb isə müəllimlərin attestasiyası ilə bağlı konkret heç bir sxemin ortada olmamasıdır.
Bu il iyulun 5-i prezident İlham Əliyev “Təhsil haqqında” qanunda dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Həmin dəyişikliklərdən biri də müəllimlərin sertifikasiyadan keçməsi ilə bağlıdır. Cumhuriyyet.az olaraq oxuculara bildirək ki, qanuna əsasən, sertifikatlaşdırma – dövlət ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həyata keçiriləcək.
Təhsil Nazirliyində sertifikasiya çaşqınlığı
Ortada olan xəbərlər isə qeyri-müəyyənliyi bir qədər də qatılaşdırmağa, yayılan şayələrin yaratdığı xofu bir az da mistikləşdirməyə xidmət edir. Maraqlıdır ki, işi qəlizləşdirən obyektlərdən biri məhz Təhsil Nazirliyinin özüdür. Bu qurum müəllimlərin sertifikasiyası ilə bağlı müxtəlif vaxtlarda müxtəlif mövqelərlə çıxış edib. Məsələn, hələ ötən il mövzuyla bağlı Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyevın bildirirdi ki, sertifikasiya və attestasiya diaqnostik qiymətləndirmə formatında olmayacaq: “Diaqnostik qiymətləndirmədə müəllimin ixtisas və metodiki bilikləri nəzərə alınır, amma onun peşəkarlığı ilə bağlı bütün cəhətlər nəzərə alınmır. Çünki diaqnostik qiymətləndirmənin özünün xidmət etdiyi konkret istiqaməti var. Amma attestasiyanın daha geniş formatda olması düşünülür. Attestasiya zamanı ola bilər ki, müəllim yalnız test imtahanı verməsin, o, həm də müsahibə mərhələsindən keçsin. Yaxud müəyyən müəllimlərdən bilik və bacarıqlardan başqa qabiliyyət imtahanı verməsi də tələb olunsun”. Elə həmin şəxs bu ilin aprel ayında mətbuata verdiyi açıqlamada bildirir ki, nazirlikdə müəllimlərin sertifikasiyası qaydaları hazırlanıb və qanunvericilikdə dəyişiklərin edilməsi üçün Nazirlər Kabinetinə təqdim edilib: “Qaydalar təsdiq edilsə, qanunvericilikdə dəyişikliklər olarsa, müəllimlərin sertifikasiyası keçiriləcək. Bundan sonra həmin müəllimlərlə əmək münasibətlərinin tənzimlənməsinə baxılacaq. Təbii ki, sertifikasiyadan keçməyən müəllimlər müəssisədə qalıb işləyə bilməyəcəklər”.
Üstündən cəmi bir neçə ay keçəndən sonra, müəllimlərin bu məsələ ilə bağlı ciddi narahatçılğı etiraza çevrildiyi vaxt isə Təhsil Nazirliyin adından yayımlanan bir rəsmi açıqlamanı da cumhuriyyet.az olaraq olduğu kimi diqqətinizə çatdırırıq: “son vaxtlar ümumi təhsil müəssisələrində sertifikatlaşdırmanın keçirilməsi ilə bağlı sosial şəbəkələrdə və müxtəlif kütləvi informasiya vasitələrində yayılan məlumatlar həqiqəti əks etdirmir. Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılma Qaydası” layihəsi mütəxəssislərin iştirakı ilə müzakirə olunur: “Müzakirələr başa çatdıqdan sonra yekun sənəd təsdiq üçün hökumətə təqdim ediləcək. Sertifikatlaşdırma prosesinin aparılması qaydası təsdiq edildikdən sonra prosesin nə zaman və hansı formada keçiriləcəyi ilə bağlı rəsmi məlumat veriləcək”.
Diaqnostik imtahana bir “quş”? Yaxud cavabsız suallar…
Buyurun, “Konkret istiqamətdən fərqli olan daha geniş format” deyərkən Təhsil Nazirliyinin rəsmisi nə demək istəyir, aydın oldumu, əlbəttə yox. Müsahibə hansı yollarla keşiriləcək, 150 mindən yuxarı müəllim kontingenti fərdi olaraq, yəni tək-təkmi müsahibə mərhələsindən keçəcək? Və yaxud da, ən önəmlisi, qabiliyyət imtahanı deyərkən nə nəzərdə tutulur? Bu sualların cavabsızlığı müəllimlərin qorxulu röyasını bir az qaranlıqlaşdırır.
Nazirliyin özündə belə attestasiya və sertifikasiyanın necə keçirələcəyi barədə konkret fikir yoxdu, yoxsa bu haqda müəəllimlərə heç bir məlumat verilməsin deyə bəhanə ortalığa atılır? Başqa bir tərəfdən, bu attestasiyanın nəticəsinin müəllimlərə nə dərəcədə təsir göstərəcəyi də sual altındadır. Necə ki, diaqnostik qiymətləndirmənin konkret heç bir praktik nəticəsi olmadı. Bu imtahanda maksimum bal toplayan müəllimlə ən minimal bal toplayan müəllim arasında demək olar ki, heç bir fərq qoyulmur. Yenə də ən minimal, hətta “iki” alan şagird nəticəsi göstərən müəllimlər məktəblərdə qalıb xalqın balalrına dərs deməklə məşğuldurlar. Hətta etik qaydaya görə məktəblərdə hansı müəllimin diaqnostik qiymətləndirmədən neçə bal toplaması belə gizli saxlanıldı.
O ki qaldı, 60 baldan 60, 59, 58, 57 bal toplayan müəllimlərə. onların iş həyatında yaxşılığa doğru, demək olar ki, heç nə dəyişmədi. Loru dildə izah etsək, diaqnostik imtahanda yuxarı bal toplayanlar daha çox dərs götürmək hüququ qazanıblar, lakin bu qaydaya da əməl edən yoxdu. Məktəb direktorları dərs saatlarını öz qaydalarıyla, istəklərinə uyğun olaraq verirlər. Yaxşı, heç olmasa qarşıdakı proseslərdə diaqnostik imtahanın nəticələri nəzərə alınacaqmı, yoxsa müəllimlərin bilik və bacarıqları yenidən test üsulu ilə yoxlanılacaq? Əgər belə olacaqsa, bütün ölkəni əhatə edən diaqnostik imtahan nə üçün keçirilirdi? Göründüyü kimi suallar çox, cavablar az, vəziyyət qeyri müəyyən olaraq qalır. Müəllimlər onları nə gözlədiyindən tam xəbərsizdilər.


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.