Aqil Abbas: “Dərsliklərdə çoxlu sayda zərərli informasiya var”“3-cü sinif dərsliyində erotika var. Amma buna baxan yoxdur”.
Bunu Milli Məclisdə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Aqil Abbas deyib.
O, bildirib ki, bəzən dərsliklərdə ləhcə ilə yazılır.
“Sonra da deyirlər ki, insanlar niyə rusdilli məktəbə meyllənirlər? Çünki rusdilli məktəblərdə belə hallar yoxdur, orada düz əməlli dərs keçirlər. Azərbaycanda dərsliklərdə çoxlu sayda zərərli informasiya var. Bunlar haqqında qəzetlər yazır, ekspertlər deyir, amma heç bir addım atılmır”.
Onun fikrincə, dərsliklərdə mənasız şeirlər yazılır, mətnlər yayılır. “İkinci sinif şagirdinə “Dağlıq Qarabağın qayıdışına inanırsınızmı” kimi suallar verilir. Uşaq isə “yox” deyib, ata da öz uşağını döyüb”.
Deputat vurğulayıb ki, bu dərslikləri hazırlayanlar məsuliyyət daşımalıdırlar.
Deputat Əflatun Amaşov isə “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsinə dini xurafat anlayışının əlavə edilməsinin təklif edib.
O, vurğulayıb ki, bəzi ailələrdə uşaqlara əsasən də dini xurafatçılığa əsaslanan fikirlər aşılanır ki, bu da sonradan özünü zərərli şəkildə biruzə verə bilir.
“Bu baxımdan düşünürəm ki, qanun layihəsinə bu anlayışın əlavə edilməsi, dini xurafatçılığıa qarşı mübarizənin aparılmasında müsbət nəticə verə bilər”.
Qanunun əsas kimi qəbul edilməsi ilə bağlı səsvermədə yetərsay alınmayıb. Spiker Oqtay Əsədov deputatlara xəbərdarlıq edərək, səsvermə zamanı diqqətli olmağa çağırıb. Sədr, deputatların hamısının zalda olmamasına isə belə reaksiya verib:
“Deyəsən, kofe-çay verilən yeri bağlamalı olacağıq”.
İkinci oxunuşda qəbu edilən layihədə “uşaqlar üçün zərərli informasiyaya” dedikdə, zorakılığı və qəddarlığı, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu və pornoqrafik xarakterli informasiyalar nəzərdə tutulur.
Qanun layihəsində Azərbaycanda informasiya məhsulunun yaş təsnifatı da əksini tapıb. Təsnifatı müxtəlif yaş qrupuna aid olan uşaqların normaya uyğun psixi inkişafının xüsusiyyətləri nəzərə alınaraq aşağıdakı kimi aparılır:
1. “universal” – istənilən yaş qrupları üzrə dövriyyəsinə məhdudiyyət qoyulmur,
2. “6 yaşadək” altı yaşı tamam olmamış uşaqlar arasında dövriyyəsinə yol verilir,
3. “6 yaşdan” – altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,
4. “12 yaşdan” – on iki yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,
5. “16 yaşdan” – on altı yaşı tamam olmuş uşaqlar arasında dövriyyəsinə yol verilir,
6. “18 yaşdan” – uşaqlar arasında dövriyyəsinə yol verilmir.Sənəddə teleradio yayımı vasitəsilə yayımlanan informasiya məhsuluna aid tələblər də müəyyən olunub.
Belə ki, teleradio yayımı vasitəsilə yayımlanan “Universal”, “6-”, “6+”, və “12+” yaş kateqoriyalarına aid informasiya məhsullarının yayımlanmasına vaxt məhdudiyyəti qoyulmur.