Yerlərdə sahibkarların “qanını içən” vəzifəlilər

14-11-2018, 10:21   


Prezidentin tapşırığına məhəl qoymayanları hansı cəza gözləyir; Fikrət Yusifov: “İqtisadiyyatın inkişafının bir problemi var ki, bu da məmur problemidir”

Azərbaycanda  sahibkarlığın inkişafı məqsədilə son illər xüsusi dövlət proqramları və sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin,  yoxlamaların aradan qaldırılmasına yönəldilmiş qərarlar qəbul edilib, tədbirlər həyata keçirilir. Ölkə başçısı da hökumətin müşavirələrində dəfələrlə məmurlara tapşırıq verib ki, sahibkarlar incidilməsin, onların fəaliyyətlərinə süni əngəllər yaradılmasın. Məsələn,  2017-ci ilin aprel ayında prezident İlham Əliyevin sədrliyi ilə Yevlax şəhərində keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsində ölkə başçısı Azərbaycanın yerli sahibkarlarına çox ciddi tapşırıq və tövsiyələr vermişdi. Dövlətimizin başçısının müşavirədəki mühüm mesajlarından biri o olmuşdu ki, artıq birmənalı şəkildə Azərbaycanda neft erası başa çatıb. Bundan sonra iqtisadi siyasətimizin əsas istiqaməti qeyri-neft sektorunun inkişafıdır.

Lakin hələ də bəzi məmurlar prezidentin tapşırıqlarına rəğmən, qanunsuz əməllərindən əl çəkmirlər. Bununla bağlı “Yeni Müsavat”a müsahibəsində deputat Əli Məsimli də danışıb. Deputat bildirib ki, bəzi dövlət strukturlarının nümayəndələri xüsusən yeni açılan və ya sahibi yenilənən obyektlərə gəlib “şirinlik” tələb edir, onun arxasınca isə “aylıq haqq” qoyurlar:

 “İmtina edəni ən müxtəlif  bəhanələrlə işləməyə qoymurlar. Bu da bir çox hallarda yenicə fəaliyyətə başlayan sahibkarın təşəbbüsünün rüşeymində boğulması ilə sonunclanır. Ona görə də bu naqisliklərin aradan qaldırılması üçün ciddi tədbirlərin görülməsini zəruri hesab edirik. Sahibkarları soyanların bir neçəsi ”iş başında" tutulub, sərt şəkildə cəzalandırılsa, başqalarına da dərs olar. Sahibkarlığa əsassız müdaxilələrin qarşısının alınması, onlardan vergidən əlavə digər haqlar tələb edənlərin sərt şəkildə cəzalandırılması ilə yanaşı, eyni zamanda prioritet sahə və istiqamətlər üzrə yeni fəaliyyətə başlayan biznes qurumları, şirkətlərin özlərinə gələnə qədər bir neçə il vergidən azad edilməsi zəruridir".

FikrÉt Yusifov ile ilgili görsel sonucu

İqtisadçı alim Fikrət Yusifov da məsələ ilə bağlı “Yeni Müsavat”a bildirib ki, qeyri-neft sektorunun inkişafı üçün bütün qərarlar qəbul olunub:

“İqtisadiyyatın inkişafının bir problemi var ki, bu da məmur problemidir. Fikir verin ki, son zamanlar nə qədər məmur işdən çıxarılıb. Halbuki onların hamısına prezident tərəfindən etimad göstərilmişdi. Bu adamlar etimadı doğrultmadıqları üçün də vəzifələrindən azad edildi. Söhbət hansısa sahəyə rəhbərlik edən birinci şəxsdən getmir. Məsələ budur ki, belə məmurlar bütövlükdə idarəçilikdə var. Onlara qarşı mübarizə aparmaq lazımdır. Prezidentin ən azı son 3 ildəki çıxışlarında bu məsələlər olduqca kəskin formada qoyulur. Eləcə də son 3 ildə məmur-vətəndaş və məmur-müəssisə münasibətlərində bir çox məqamlar nazirliklərdən, komitələrdən alınaraq, ”ASAN xidmət"ə verilib. Burada məqsəd kölgəli proseslərin, korrupsiya və rüşvətin aradan qaldırılmasıdır. Çox təəssüf ki, bu gün yerlərdə deyilən faktlar tam aradan qaldırılmayıb. Son bir ilə nəzər salsaq, nə qədər məmurun işindən azad edildiyini görərik. Prezident aqrar sektorla müşavirələrdə bir neçə dəfə çıxış edib, məmurlara xəbərdarlıq etdi. Bildirdi ki, subsidiya fermerə verilir, məmura yox. Ancaq nə fayda. Kənd Təsərrüfatı Nazirliyinin keçmiş rəhbərliyi bundan heç bir nəticə çıxarmamışdı. Axırda məcbur olub, prezident nəticəni çıxardı və naziri vəzifəsindən azad etdi. Ona görə də belə hallar üçün günahkar kimi sahəyə rəhbərlik edən şəxsi görürəm. Yerlərdə naqisliklər törədilməməsinə nəzarəti həmin sahəyə prezidentin etimad göstərib rəhbər təyin etdiyi şəxs həyata keçirməlidir".

F.Yusifov bildirib ki, prezident son illər ərzində qeyri-neft sektorunun, biznesin inkişafı üçün xeyli sayda addım atıb:“Heç bir ölkədə bu cür kəsərli addımlar atılmayıb. Diqqət edin ki, son illər nə qədər yeni qərarlar qəbul olunub, proseslər gedib. Eyni zamanda xeyli sayda xidmət sahələri alınaraq ”ASAN xidmət"ə verildi ki, rüşvət halları aradan qalxsın. Bu istiqamətdə işlər davam edir. 2019-cu ilin büdcə layihəsinə vergi islahatları paketi də əlavə olunub. Hansı ki, bu, sahibkarların, eyni qeyri-neft sektorunda çalışanların vergi yükünü kifayət qədər azaldır. Prezident bundan artıq nə etməlidir? Yerdə qalan yükü də sahəyə rəhbərlik edən şəxs doğru-dürüst çəkməlidir".

Əli RAİS,
“Yeni Müsavat”

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.