Əmək pensiyalarının hesablanma qaydası dəyişir
“Siz 200 manat maaşı təsəvvür edə bilirsiniz? Şəxsən mən təsəvvür edə bilmirəm. Bəlkə də, belə bir məvacibi olsa-olsa həkimlər, tibb işçiləri ala bilər, çünki bildiyim qədər, ən az maaş alan onlardır”.
Bunu deputat Elmira Axundova Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında “Əmək pensiyaları haqqında”, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlara dəyişiklikləri nəzərdə tutan qanun layihələri ilə bağlı çıxış edərkən deyib.
O, sosal sığorta ödənişləri ilə bağlı qanunvericilik dəyişikliyinə etirazını bildirib.
“Necə ola bilər ki, 200 manatadək maaş alanlardan yeniləndirilmiş sığorta haqları, filan tutulacaq, amma səkkiz min manat alanlardan tutulmayacaq? “Azərbaycanda məgər səkkiz min manat maaş alan var? Bəlkə siz tanıyırsınız belələrini?! Olsa da, 50-100 nəfər... Amma qəribədir ki, onlardan tutulmayacaq, amma 200 manat maaş alanlardan tutulacaq. İnanın, mən hələ təsəvvürə edə bilmirəm ki, bu gün belə məvacib olsun”, – Elmira Axundova deyib.
Deputat Aytən Mustafazadə isə deyib ki, bu gün təkcə həkimlər deyil, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşlarının əksəriyyəti 200-240 manat maaş alır.
Gəlir vergisi ləğv edilir, işçilərin sosial sığora ödənişi arırılır
Qanunvericiliyə təklif edilən dəyişikliyə görə, Azərbaycanda özəl qeyri-neft sektoru üzrə 8000 manata qədər əməkhaqqından gəlir vergisinin tutulmaması təklif edilir. Nəticədə özəl sektorda sahibkarlıq subyektlərində çalışan şəxslər 14 faiz gəlir vergisindən tamamilə, işəgötürənlər və işçilər isə həm də sığorta ödəmələrindən qismən azad olacaqlar Bu zaman yalnız sosial sığorta haqqı 26 faiz tətbiq olunacaq. Bu da işəgötürənlə işçi arasında bölüşdürüləcək.
İndiyədək sosial sığorta haqqının 3 faizini işçilər, yerdə qalanını isə işəgötürən ödəyirdi. Təklif edilən dəyişikliyə görə artıq işçi 10 faiz ödəməli olacaq. Yəni artıq işçi bir mənbəyə, - vergi qurumlarına 10 faiz, işəgötürən isə 16 faiz sığorta haqqı ödəyəcək.
Dəyişikliklərin dövlət sektoruna aidiyyatı yoxdur
İclasda çıxış edən vergilər nazirinin birinci müavini Sahir Məmmədxanov deyib ki, dövlət sektoru üzrə sosial sığorta haqlarının tətbiqi vəziyyəti bu gün mövcud olduğu kimi qalacaq:
“Aktiv vergi ödəyicilərinin 65 faizi sadələşdirilmiş vergi ödəyiciləridir. Burada baş verən qanunsuzluqlar, işçilərin qeydiyyata alınmaması, əməkhaqlarının şəffaf göstərilməməsi nəticə etibarilə bu sahəyə güzəştlərin edilməsini önə çəkir. Ttəkliflərdə bu sahə üzrə güzəştlərin 7 il olması nəzərdə tutulur. Hazırda müzakirələr gedir, ona görə də bu müddət dəyişə bilər. Dövlət müəssisələri, bütöv neft sektorunu mövcud qaydada olduğu kimi saxlayırıq. Yəni mövcud status qalır, əməkhaqqından gəlir vergisi 2500 manata qədər 14 faiz olacaq, 2500 manatdan yuxarı olduqda isə 25 faiz olacaq, 173 manatdan isə tutulmayacaq. Dövlət sektoru üzrə sosial sığorta haqlarının tətbiqi vəziyyəti də bu gün mövcud olduğu kimi qalacaq".
Həmçinin bundan sonra həm vergi, həm də sosial yığımları eyni qurum – Vergilər Nairliyi həyata keçirəcək.
Bundan sonra sahibkarların qapısını ancaq bir əl - Vergilər Nazirliyi döyəcək
Əmək və sosial siyasət komitəsinin iclasında komitə sədri Hadi Rəcəbli deyib ki, dəyişiklikdən sonra həm sahibkarların işi yüngülləşəcək, həm də sığorta və vergi yığımı bir əldən olacaq:
“Əvvəllər sahibkarların qapısını çox əl döyürdü, bu zaman bir qədər gərginlik, müəyyən neqativ hallar yaşanırdı. Ancaq bundan sonra sahibkarların qapısını ancaq bir əl - Vergilər Nazirliyi döyəcək. Bu da nəticə etibarilə həm sahibkarları əlavə gərginliklərdən, yükdən azad edəcək, həm də yığım prosesini gücləndirəcək”.
25 il sığorta stajı hamı üçün hesablanacaq
“Əmək pensiyaları haqqında” qanunun 20-ci (Qulluq stajına görə əmək pensiyasına əlavələr) maddəsinə əlavə edilən yeni – 30-cu bəndə əsasən, bu maddədə nəzərdə tutulan şəxslərin əmək pensiyalarına qulluq stajına görə əlavə hesablanarkən əmək haqqına, dövlət məvacibinə və vəzifə maaşına büdcədənkənar vəsaitlər hesabına verilən ödənişlər nəzərə alınmır.
Qanuna əlavə edilən 22-1-ci (Əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyinatı zamanı 2006-cı il yanvarın 1-dək olan sığorta stajının hesablanması xüsusiyyətləri) maddəsinə əsasən, 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu maddəyə uyğun olaraq hesablanır.
2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu maddənin tələbləri nəzərə alınmaqla aşadığıdakı qaydada hesablanır:
2019-2020-c illərdə bu qanunun 7-ci maddəsi ilə müəyyən edilən (63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var) yaş həddinə çatan sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Əlilliyi müəyyən edilən şəxsə əlliyə görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı həmin dövrə olan əmək qabiliyyətli yaş dövrünün hər ili üçün 4 ay götürməklə hesablanır.
Ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilərkən pensiyaçı olmayan vəfat etmiş şəxsin 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu qanunun 22-1 maddəsi ilə hesablanır.
Əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu maddədə göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır.
Bu maddə aşağıdakı hallarda tətbiq edilmir:
1.2019-cu ilin yanvarın 1-dək təyin edilən əmək pensiyalarının pensiya hüququ yarandığı gündən yenidən hesablanması zaman.
2.2019-cu ilin yanvarın 1-dən sonra əmək pensiyası təyin edilən şəxslərə 2019-cu ilin yanvarın 1-dən əvvəlki dövr üçün əmək pensiyasının təyin edilməsi və ya əmək pensiyası məbləğinin hesablanması zamanı.
3.Bu qanun 9-cu (Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər) maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi və yenidən hesablanması zamanı.
4.Bu qanunun 20-ci maddəsinə əsasən, əmək pensiyasına qulluq stajına görə əlavə almaq hüququ verən qulluq stajının hesablanması zamanı.
5.2019-cu ilin yanvarın 1-dək “Sosial müavinətlər haqqında” qanuna əsasən təyin edilən sosial müvanətlərin bu qanunun 22-1 maddəsi tətbiq edilərək əmək pensiyalarına keçirilməsinə yol verilmir.
Qanuna dəyişikliklərin 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.