ABŞ-ın Türkiyəyə qarşı yeni terror planının şifrələri - Emrah Kaya ilə ÖZƏL MÜSAHİBƏ

21-11-2018, 16:15   
 

Süleyman Dəmirəl Universitetinin Beynəlxalq Münasibətlər kafedrasının ABŞ üzrə proqramının doktoru, "Kafkassam"ın Amerika araşdırmaları və terrorla mübarizə üzrə mütəxəssisi Emrah Kayanın Publika.az-a müsahibəsi.

- Emrah bəy, daim PKK terror təşkilatına bu və ya digər formada dəstək verən ABŞ terrorçuların liderlərinin başına mükafat qoydu. Bunun arxasında hansı planlar var?

- ABŞ PKK-ya açıq şəkildə dəstək vermir, amma PKK-nın Suriya qolu olan PYD-yə dəstəyini gizlətmir. PKK-ya dəstək kəşfiyyat kanalları vasitəsilə verilir. Türkiyə ordusu tarixin müxtəlif dövrlərində PKK-nı məhv edib, yaxud məhv olmaq nöqtəsinə gətirib. Terrorçuların başı Abdullah Öcalanın həbs edildiyi və Türkiyəyə gətirildiyi dövrdə olduğu kimi. Həmin dövrdə ABŞ PKK-dan istifadə edə bilməyəcəyini anladı, bundan sonra həm Bərzani, həm də FETÖ-yə dəstək verdi. Lakin Türkiyənin səhv siyasəti olan “Həll prosesi”ndə PKK yenidən gücləndi və bu, ABŞ-a sərf etdi. Həmin dövrdən başlayaraq ABŞ İraqda Bərzanidən, İranda PJAK-dan, Suriyada PYD-dən, Türkiyədə isə PKK-dan istifadə etməyə başladı. “Həll prosesi”nin pozulmasının nəticəsində Türkiyə Silahlı Qüvvələri PKK-nın böyük bir qismini məhv etdi, terrorçuların bir qismi isə Suriyaya qaçdı. Buna görə də PKK türk torpaqlarında ABŞ-ın maraqlarına xidmət edə bilmədi. Bununla yanaşı, PKK başda Avropa İttifaqı olmaqla müxtəlif ölkələr tərəfindən terror təşkilatı olaraq tanınır. PJAK isə İrandan təsirsiz vəziyyətdədir. XXI əsr Türkiyə İnstitutunda yayımlanan Ünal Atabayın “İran-PKK Gizli Anlaşması” başlıqlı məqaləsinə görə İranla PJAK razılaşmış vəziyyətdədir. Bərzani isə referendum keçirdi, lakin bölgədəki siyasi proseslərin nəticəsində məğlub duruma düşdü. Bütün bunlara görə, bölgədə ordu ola biləcək, ABŞ-ın maraqlarına ən çox xidmət göstərəcək, terror təşkilatı olaraq tanınmayan, dünyada bir çox ölkəyə özünü qəbul etdirən, olduğu ölkədə hakimiyyətlə anlaşması olan yeganə təşkilat PKK-nın Suriya qolu olan PYD-dir. PYD terrorçu Öcalanın əmri ilə qurulub və PKK-nın içindən çıxıb. Lakin PYD-ninin dinc və sivil qətliamlarına göz yumulduğu üçün daha təmiz görünür. ABŞ özünə yeni “kukla” yaratmaq üçün bu addımı atıb. Bu addımla ABŞ PKK-nı PYD-yə çevirərək, həm terror təşkilatını nəzarəti altına alacaq, həm də PKK-nı məhv edən ölkə olaraq nüfuz qazanacaq. Lakin təkrar edirəm ki, ABŞ-ın ana məqsədi PKK terror təşkilatını PYD terror təşkilatına çevirməyə məcbur etməkdir. ABŞ-ın PKK liderlərinin başına mükafat qoyması da “əgər dediyimi istəyərək etməsəniz, buna məcbur edəcəm” mesajı verməsidir. Əgər PKK PYD-yə çevrilərsə, bölgədəki bir çox terror təşkilatının da PYD-yə qatılması ehtimalı var.


 

- ABŞ PKK-nı PYD-yə çevirməklə həm də Türkiyəni itirmək təhlükəsindən xilas olmaq istəyir?

- ABŞ PYD-ni terror təşkilatı olaraq göstərmək istəmir. ABŞ-ın Yaxın Şərqdə ən köklü müttəfiqləri Türkiyə və İsraildir. Türkiyə kimi bir ölkənin itirilməsi ABŞ üçün ciddi nəticələrə səbəb ola bilər. Misal üçün, Türkiyənin ABŞ-dan uzaqlaşaraq Rusiyaya yaxınlaşması NATO-nun bir qanadının çökməsi deməkdir. Bu həm Avropa İttifaqını, həm də ABŞ-ı çətin vəziyyətə sala bilər. Bununla yanaşı, Türkiyənin dəstəyi olmadan bölgədə heç bir planı tam şəkildə həyata keçirmək mümkün deyil. Buna görə də ABŞ Türkiyəni xüsusilə PYD məsələsində razı salmağa çalışır.

- Bu prosesin ABŞ-ın İrana qarşı hücum siyasəti ilə əlaqəsi varmı?

- Bəli, mən atılan bu addımın İranla əlaqəli olduğunu da düşünürəm. Çünki İran hakimiyyəti PKK-nın İran qolu olan PJAK-la anlaşıb. Bu da bölgədə PKK-nın İrana qarşı istifadə edilməsi kartını sıradan çıxarır. PKK PYD-yə qatılarsa, bu, avtomatik olaraq PJAK-ın da PYD-yə qatılması və İranla anlaşan terror təşkilatının sıradan çıxması deməkdir. Beləliklə, yeni bir terror təşkilatı yaradılacaq. Təbii ki, ABŞ bu kartı iki il sonra, yaxud 10 il sonra İrana qarşı istifadə edə bilər. Bunu bölgədəki proseslər göstərəcək.

- Ümumilikdə ABŞ-ın bu gedişi bölgədə hansısa yeni oyunun başlanğıcı ola bilərmi?

- ABŞ-ın məqsədi bölgəni bölmək, parçalamaq və istədiyi planları həyata keçirməkdir. Bunun ən bəsit və məlum nümunəsi Böyük Yaxın Şərq planıdır. Buna görə də ABŞ-ın bölgədə sakit dayanacağını demək mümkün deyil. ABŞ Bərzani ilə İraqda, PYD ilə də Türkiyə, Suriya və İranda qondarma “kürd dövləti”nin yaradılmasına çalışacaq. Yəni, ABŞ oynadığı oyunlara davam edəcək.

- ABŞ-ın bu siyasətinin qarşısını necə almaq olar?

- Burada əslində Türkiyənin həyati bir addım atması lazımdır. O da prezident Ərdoğanın Əsədlə görüşməsi və ona qarşı çıxmayacağına inandırmasıdır. Əgər Əsədlə razılaşma əldə olunarsa, Türkiyə, İraq, İran və Suriya ortaq hərəkət edərək PYD-ni qısa zaman ərzində məhv edə bilər. Bunun ən gözəl nümunəsi Bərzaninin referendum keçirməsi vaxtı atılan addımlardır. Əks təqdirdə, Əsəd Türkiyə qorxusuna görə PYD-nin bölgədəki varlığına qarşı çıxmayacaq. Çünki Suriya rejimi üçün PYD Türkiyəyə qarşı bufer gücdür. Digər tərəfdən, bu situasiya ABŞ-ın bölgədə uzunmüddətli qalmasına və Türkiyənin Rusiyaya daha çox minnət etməsinə səbəb olur.

Asif Nərimanlı
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.