Gözdən əlil müalicə olunmaq istəyir
"Dünya işığına həsrətəm, gözlərim görmür. İkinci qrup əlil kimi ayda 61 manat müavinət alıram. Bu pul ailəmin dolanışığına bəs etmir".
Bunu Meydan TV-yə Tovuz rayonu, Düzqırıqlı kəndinin 49 yaşlı sakini Niyazi Seyidov deyir. Hemeralopiya (El arasında toyuq korluğu adlandırılır-red) xəstəliyindən əziyyət çəkən Niyazi, ən böyük arzusunun görmək olduğunu söyləyir:
"Gözümün müalicə olunmasını istəyirəm. Burada həkim deyir ki, toyuq korluğunun müalicəsi yoxdur. Amma mən yenə də ümidimi üzmürəm. Gündüz gəzirəm, günün şüası gözümə vuranda, heç nə görmürəm. Günəş eynəyini çıxaranda heç yeriyə bilmirəm".
Həyat yoldaşı Mənsurə İsmayılova deyir ki, Niyazinin səhhəti ilə əlaqədar, o da işləyə bilmir:
"Niyazinin gözü görmür, məcburam evdə oturum, ona qulluq edim. 61 manatla da dolanmaq olmur. 20 ildir evliyik, övladımız olmadı. Bacımın oğlunu övladlığa götürüb saxladım. O qədər imkansızıq ki, Eltacı üzərimizə sənədləşdirə bilmirik. Yoldaşımın görmə qabiliyyəti bərpa olsa, hər ikimiz də işləyib, ailəmizi dolandırarıq. 8 sot torpaq sahəmiz var. Onun 2 sotunu tikdirdiyimiz birotaqlı ev tutur. 6 sot da əkin yeri qalır. Ora da nə əkmək olar, balaca bir yerdir. Niyazinin aldığı pensiya ilə bir ay necə yaşamaq olar? Heç nə, yavan çörək yeyirik. İşığın pulunu da verə bilmirik. Ayda 70 manat yazır, çünki qaz xətti yox idi. Borc 100 manatı keçəndə gəlib, işığımızı kəsirdilər. Sağ olsunlar, rayonun imkanlı adamları kömək etdilər. Bugünlərdə qaz problemimiz həll olunacaq. Tək istəyimiz odur ki, yoldaşımın gözləri görsün".
Gözdən Əlillər Cəmiyyətindən Meydan TV-yə bildirilib ki, regionlarda əlillərin sosial vəziyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə ərazi üzrə İcra Hakimiyyətləri, Səhiyyə Nazirliyi, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əməkdaşlıq edilir:
"Quruma müraciət edən əlillərin təyinatı ilə bağlı aidiyyatı qurumlara müraciət olunub, müsbət nəticələr almağa çalışırıq. Özümüzün vəsaitimiz olmur ki, həmin adamlara dəstək olaq. Biz sadəcə olaraq, lobbiçiliklə məşğuluq".
Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının oftalmologiya kafedrasının assistenti Səriyyə Şahbazova Meydan TV-yə deyib ki, toyuq korluğu kifayət qədər yayılmış oftalmoloji pozulmadır:
"Səbəbləri isə müxtəlifdir. Anadangəlmə toyuq korluğu olan adamlarda xəstəlik irsi ötürülür və uşağın kiçik yaşlarında özünü büruzə verir. Xəstəlik A vitamini çatışmazlığı nəticəsində yaranır, nəticədə də korluğa səbəb olur. Belə xəstələr az da olsa, 30-35 yaşa kimi görürlər. Sonradan görmə qabiliyyəti tamamilə distrofiya ilə nəticələnir. Bu xəstəliklə bağlı nəinki Bakıda, hətta dünyanın heç bir yerində radikal müalicə üsulu yoxdur. Xaricdə, Amerikada və bir sıra ölkələrdə sütun hüceyrələrin köçürülməsi həyata keçirilir. Lakin onlar da elə bir effekt vermir. Yəni distrofiya olunmuş çöpcüklər yenilənərsə, xəstə elə əvvəlki kimi görmə qabiliyyətini geri qaytara biləcək. Burada 100 faizli görmədən söhbət gedə bilməz.Yalnız dəstəkləyici nələrsə etmək mümkündür. Regenerasiyaedici dərmanlar verib, görməni müəyyən qədər saxlamağa çalışmaq olur. Lakin təəssüf ki, anadangəlmə toyuq korluğu müalicə olunmur. Çünki piqment distrofiyası baş verib".