Vergi Məcəlləsində dəyişikliklər edildi
“Yeni dəyişikliklər 100 minlərlə insanın pensiya sistemindən yararlanmasına xidmət edəcək. Bu il ərzində qeyri-leqal məşğulluqla bağlı 4100 cinayət halı aşkar edilib. Ancaq görülən tədbirlər istənilən nəticəni vermir”.
Bunu Milli Məclisdə Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsi zamanı vergilər naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, “kölgə iqtisadiyyatı”nda çalışan şəxslər pensiya və sosial sığorta sistemindən kənarda qalır:
“Qeyri-rəsmi əmək haqqı və qeyri-iş yerləri nəticəsində kölgə iqtisadiyyatında çalışan işçilər faktiki olaraq sosial sığorta və pensiya təminatı sistemindən kənarda qalırlar. İşçi əmək müqaviləsi olmadan çalışdıqda və əmək haqqı rəsmi müqavilədə göstərilmədikdə sosial sığorta haqları toplanılmır, ödənişlər fərdi pensiya hesabında əks olunmur. Bu isə gələcəkdə onları layiqincə pensiya almaq hüququndan məhrum edir. Vergilər Məcəlləsinə edilən dəyişikliyin mahiyyəti qeyri-rəsmi verilən əməkhaqqlarının kölgədən çıxarılmasıdır. Bu da bir sıra sahələrin inkişafına xidmət edəcək. Eyni zamanda bankların kredit aktivliyinin yüksəlməsinə də xidmət edəcək və bank sistemində qeyri-nağd dövriyyəsinin artmasına imkan verəcək”.
Vergilər Məcəlləsinə və “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsinə əsasən, Azərbaycanda özəl qeyri-neft sektoru üzrə 8000 manata qədər əməkhaqqından gəlir vergisinin tutulmaması təklif edilir. Nəticədə özəl sektorda sahibkarlıq subyektlərində çalışan şəxslər 14 faiz gəlir vergisindən tamamilə, işəgötürənlər və işçilər isə həm də sığorta ödəmələrindən qismən azad olacaqlar. Bu zaman yalnız sosial sığorta haqqı 26 faiz tətbiq olunacaq. Bu da işəgötürənlə işçi arasında bölüşdürüləcək. İndiyədək sosial sığorta haqqının 3 faizini işçilər, yerdə qalanını isə işəgötürən ödəyrdis. Təklif edilən dəyişikliyə görə artıq işçi 10 faiz ödəməli olacaq. Yəni artıq işçi bir mənbəyə, - vergi qurumlarına 10 faiz, işəgötürən isə 16 faiz sığorta haqqı ödəyəcək.
Dövlət sektoru üzrə sosial sığorta haqlarının tətbiqi vəziyyəti bu gün mövcud olduğu kimi qalacaq. Yəni mövcud status qalır, əməkhaqqından gəlir vergisi 2500 manata qədər 14 faiz olacaq, 2500 manatdan yuxarı olduqda isə 25 faiz olacaq, 173 manatdan isə tutulmayacaq. Dövlət sektoru üzrə sosial sığorta haqlarının tətbiqi vəziyyəti də bu gün mövcud olduğu kimi qalacaq.
Həmçinin bundan sonra həm vergi, həm də sosial yığımları eyni qurum – Vergilər Nazirliyi həyata keçirəcək.
Müzakirələr zamanı əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, 2019-cu ildə 122 manatdan az pensiya alan 45 min nəfərin pensiyası 35 faiz artacaq. 73 manat sosial müavinət alan şəxslərin aylıq gəliri isə 122 manata yüksələcək. Nazir bildirib ki, gələn il həmçinin 38 min şəxsin aylıq gəliri 48 faiz artacaq:
"Gələn ildən başlayaraq Azərbaycan vətəndaşlarına pensiya təminatı avtomatlaşdırılmış qaydada aparılacaq”.
Deputat Fazil Mustafa regionlara dönüş proqramı hazırlanmasını təklif edib.
“Artıq neçə illərdir ki, regionlarda yaşayan insanlar öz ev-eşiklərini dəyər-dəyməzinə satıb Bakıya gəlir. Bu da paytaxtda əhali sıxlığının artmasına səbəb olur. Həm də insanlar normal şəraitdə yaşaya bilmirlər, gecəqondularda qalmağa da məcbur olurlar. Bu gün Bakı məhəllələr şəhərinə çevrilib. Artıq gədəbəylilər, lənkəranlılar, şəkililər və. s məhəllələr var. Bunun qarşısını almaq üçün regiona dönüş proqramı mütləq qəbul edilməlidir”.
Depuat əlavə edib ki, bölgələrdə məhsul istehsal edən vətəndaşla onun istehsal etdiyi məhsulu alan topdansatış müəssisələri arasında fərq qoyulmalıdır:
“Necə olur ki, məhsul istehsal edən, əkib-becərən vətəndaş da 2 faiz vergi ödəyəcək, onun malını alan topdansatış müəssisəsi də?! Bunun harası ədalətli oldu? Növbəti oxunuşlara kimi bu məsələ yenidən nəzərdən keçirilməlidir”.
Deputat Vahid Əhmədov bildirib ki, hazırda Əlavə Dəyər Vergisinin faizi çox yüksəkdir: “Nə üçün bütün məhsullara 18 faiz vergi tətbiq etməliyik? Ümumilikdə isə dəyişikliyi müsbət qiymətləndirirəm, iqtisadiyyatın inkişafına dəstək olacaq”.
Deputat Musa Quliyev özəl səhiyyə mərkəzlərinə vergi güzəştlərinin tətbiq olunmasını təklif edib:
“Özəl səhiyyə müəssisələri dövlətin sosial yükünü və məsuliyyətini daşıyır. Onlar vətəndaşlara xidmət edir, gəlirləri də vətəndaşların ödədikləri vəsait hesabına formalaşır. Bir sıra dövlətlərdə özəl tibb müəssisələri ya vergidən tam azad edilir, ya da güzəştli vergi tətbiq olunur. Bu baxımdan özəl tibb sektoruna vergi güzəştlərinin tətbiq edilməsi yaxşı olardı”.
Layihələr birinci oxunuşda qəbul edilib.