Nəsimi MəmmədliRusiya MDB ölkələri institutunun direktor müavini Vladimir Yevseyevin Azərbaycanı hədələyən bəyanatı məhz Rusiyanın dərin dövlət siyasətindən qaynaqlanır.
Rusiyanın bütün elm və siyasət adamlarının şüuraltında bu yanaşma gizlənir. Onlar daim Azərbaycana yad, Ermənistana isə doğma baxıblar. Ermənistanın bir dövlət kimi mövcudluğunun qarantiyası da indiyədək Rusiya olub. Qafqazda erməni dövlətini yaradan və bəsləyən Rusiyadır. Təsadüfi deyil ki Rusiya-Ermənistan münasibətləri hələ də strateji müttəfiqliyə əsaslanır.
Son vaxtlar Ermənistanda baş verən köklü siyasi dəyişikliklər iki ölkə münasibətlərində yeni mərhələ açıb. Ermənistanın xarici siyasətində Avropa İttifaqı ilə əlaqələrin intensivləşməsi, qərbin siyasi dəyərlərinin mənimsənilməsi, yeni strateji seçim müzakirələri Rusiyanın rəsmi dairələrində narahatlıq yaradıb. Hazırda Rusiyanın Ermənistana yönəlik siyasətində çaşğınlıq və qeyri-müəyyənlik var. Rusiya yüksək siyasi dairələrinə güclü təsir imkanına malik olan erməni lobbisinin fəaliyyəti də bir tərəfdən öz işini görür.
Ermənistan siyasətçiləri və ictimaiyyəti bir tərəfdən Rusiyanın zəiflədiyini görür və qərblə strateji münasibətlərə can atır, digər tərəfdən isə hətta zəifləməkdə olan Rusiyadan da öz maraqları baxımından yararlanmağa çalışırlar. Etiraf edək ki, bunu hələki çox yaxşı bacarırlar.
Müşahidələr göstərir ki Azərbaycan hökumətinin nümayəndələri Ermənistan-Rusiya münasibətlərini düzgün analiz edə bilmir və yanlış olaraq bu münasibətlərin kəskin pozulacağına ümid edir. Rusiya rəsmi dairələrində Ermənistan və Azərbaycanla bağlı münasibətlərdə iki yanaşma var. Birincisi, Ermənistanı Azərbaycanın əli ilə Dağlıq Qarabağda cəzalandırıb Rusiyaya itaətini davam etdirmək, digəri isə Azərbaycanı KTMT üzv edərək Rusiyadan tam hərbi-siyasi asılı salmaqla Ermənistanı rahatlatmaqdır.
Ermənistanı Azərbaycanın əli ilə “cəzalandırmaq” hazırda elə də asan məsələ deyil. Həm Rusiyaya həm də Azərbaycana əlavə risk gətirə bilər. Odur ki, bu plan təxirə salınıb.
Yevseyevin “Bakını “İsgəndər” raketləri ilə vurmaq” təklifini məhz indiki siyasi situasiyada təkcə sərsəm və sərxoş adamın məsuliyyətsiz bəyanatı saymıram. Bu, həm də Rusiyanın Azərbaycanı KTMT-yə üzv etməklə bağlı təzyiqinin tərkib hissəsidir. Rusiya tərəfi hesab edir ki Ermənistan hökumətindən fərqli olaraq Azərbaycan hökuməti onun təzyiqinə ciddi müqavimət göstərmək imkanında deyil və istədiyini ondan almaq daha asandır. “Dağlıq Qarabağ ətrafında Ermənistanın işğal etdiyi rayonları təhlükəsizlik zolağı” hesab edən Yevseyev işğalda olan bir rayonun da Azərbaycana verilməməsini xüsusi vurğulayıb. Rusiya rəsmiləri Ermənistan ictimaiyyətinə xoş getsin deyə bu kimi bəyanatlar verir və gələcəkdə Azərbaycanın əl-qolunu bağlamaq imkanına sahib olduqlarına işarə vururlar.
Yevseyevin bu bəyanatı beynəlxalq hüquqa zidd olmaqla yanaşı Rusiyanın işğalçı və aqressiv dövlət imicini möhkəmləndirməyə xidmət edir. Eyni zamanda Azərbaycan hökumətinə də çox aşağılayıcı münasibəti göstərmək cəhdi sezilir. Bu cür bəyanatlara müvafiq dövlət qurumlarının əməkdaşları sərt reaksiya bildirməlidir.
Rusiyanın özünü regionda jandarma kimi aparmasından və belə aqressiv siyasətindən ən böyük sosial-iqtisadi zərəri nəticədə sadə Rusiya xalqı çəkir. Rusiyanın hazırkı beynəlxalq təcridinin səbəblərindən biri də məhz belə məsuliyyətsiz bəyanatlar və addımlardır.