Rusiya seçkilərə sayılı günlər qalmış İrəvanı İrəvandan təhdid eləməyə başladı; Kremlin emissarı erməni baş naziri “ştatdankənar siyasətçi” adlandırıb hədələdi; Paşinyanın yayılan səs yazısı - Moskvanın virtual güc nümayişləri nəyə hesablanıb?..
Xəbər verdiyimiz kimi, Ermənistanın baş nazir əvəzi Nikol Paşinyanla Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanın telefon danışığının səs yazısının ikinci hissəsi yayılıb. Şübhə yox ki, bu hadisədə Moskvanın “barmağı” var.
Ən azı ona görə ki, Rusiya rəhbərliyi, konkret olaraq, prezident Vladimir Putin Paşinyana, yumşaq desək, etimad bəsləmir. Xüsusən də Moskvanın iki mühüm və sadiq adamının - KTMT-nin (“Rus NATO-su”) keçmiş baş katibi Yuri Xaçaturovun və eks-prezident Robert Köçəryanın nümayişkaranə şəkildə, Kremldən xəbərsiz həbsini Putin hələ də Paşinyana bağışlaya bilmir.
Səs yazısından yalnız bir detal: telefon zəngi zamanı Vanetsyan Xaçaturovun həbsinə görə artıq onu rus kəşfiyyatçılarının ziyarət etdiyini deyib. Sitat: “Məni Rusiya Xarici Kəşfiyyat Xidməti və Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri ziyarət ediblər. Onlar deyirlər ki, biz bunu etməməliyik. Deyirlər ki, heç olmasa KTMT rəhbərliyindən adamınızı çəkib sonra həbs edin, əks təqdirdə, bu, KTMT-nin avtoritetinə zərbə vuracaq”.
*****
Diqqətçəkicidir ki, budəfəki səs yazısı düşmən ölkədə növbədənkənar parlament seçkilərinə sayılı günlər qalmış, yəni təbliğat savaşının pik həddə olduğu vaxtda, həmçinin Paşinyanın Rusiyaya növbəti səfərinə bir gün qalmış yayılıb. Bu, söz yox ki, Moskvanın virtual güc nümayişidir və öncəliklə Ermənistanda hakimiyyətə inqilab nəticəsində gəlmiş qüvvələrə Putinin “əlinin” nə dərəcədə uzun olması barədə mesajdır, işğalçı ölkə ilə bağlı məxfi məlumatları Kremlin hətta “üçüncü dövlətə” asanca ötürə biləcəyi haqda sərt xəbərdarlıqdır. Nəhayət, qərbyönlü inqilabçı hökumətin önünə atılmış “əlcək”dir.
Təsadüfi deyil ki, Paşinyan sanki bu “əlcəyi” götürübmüş kimi, son baş verənləri Ermənistan dövlətçiliyinə qarşı “elan olunmuş” müharibə adlandırıb. Bundan az öncə isə o, Rusiyanı da nəzərdə tutaraq, “hamı bizimlə gec-tez hesablaşacaq” deyə, özündənrazı şəkildə bildirmişdi.
Ancaq artıq məlum olur ki, Paşinyan indi heç özünün dövlət əhəmiyyətli danışıqlarının belə, məxfiliyini təmin etmək gücündə deyil. 8 ayda bu yöndə o, ciddi heç bir iş görə bilməyib. Bu da işğalçı ölkənin nə dərəcədə simvolik, eyni zamanda Rusiyanın ciddi nəzarətdə saxladığı ölkə olduğunu bir daha isbatlayır.
*****
“Heç bir şəkk-şübhə yox ki, bu (səs yazısının yayılması - ”YM".) Ermənistanın milli təhlükəsizliyinə açıq hədədir. Danışığın ikinci hissəsinin də yayılması həm də dövlət sisteminin, səlahiyyətli orqanların zəifliyindən xəbər verir". “Yeni Müsavat”ın məlumatına görə, bunu da qərbyönlü 1 inş.am portalında siyasi şərhçi Sərkis Arsruni yazıb.
“Başqa yandan, olduqca əlamətdardır ki, ikinci səs yazısı parlament seçkilərinə cəmi bir neçə gün qalmış yayılıb. Mahiyyət etibarilə Robert Köçəryan və Serj Sərkisyan başda olmaqla, Ermənistanın kriminal oliqarxiyası açıq hücuma keçib. Özü də hələ bilinmir ki, onların xarici havadarları var, yoxsa avtonom rejimdə hərəkət edirlər? Şübhəsiz, hakimiyyətin vəzifəsi - tezliklə bu qəsdin üstünü açmaq və cavabdehləri məsuliyyətə cəlb etməkdir. Ancaq bunu yalnız 9 dekabr seçkilərindən sonra eləmək mümkündür. Əks halda, atılan kontur-addımlar siyasi repressiya kimi qəbul oluna və seçkilərin legitimliyini şübhə altına ala bilər”, - deyə müəllif əlavə edib.
Lakin Paşinyan seçkilərdən sonra bunu bacaracaqmı? Sual həm də budur...
*****
Rusiya isə bu arada Paşinyan və tərəfdarlarını həm də İrəvanın özündən hədələməyə və qorxutmağa başlayıb. Söhbət neçə gündür Ermənistan paytaxtında öz işini davam etdirən “Lazarev klubu” adlanan və əsas hədəfi işğalçı ölkəni Rusiyanın orbitində saxlamağa hesablanmış yeni qurumun işindən gedir. Onun ilk toplantısının əsas moderatorları isə Kremlin emissarları - Dumanın komitə sədrinin müavini, bədnam Konstantin Zatulin, Kremlin təbliğat ruporlarından olan “Regnum” agentliyinin aparıcı eksperti Stanislav Tarasov, Qarabağ məsələsində sabiq vasitəçi Vladimir Kazimirov və başqalarıdır.
“Rusiya Nikol Paşinyanın simasında Ermənistan hakimiyyətinə ehtiyatla yanaşır, nəinki inamsızlıqla”. Bu sözləri İrəvanda erməni mediasına Stanislav Tarasov deyib. Onun sözlərinə görə, Paşinyan yeni, standartdan kənar siyasətçidir və Avrasiya Birliyində və KTMT-dəki həmkarları buna görə ona ehtiyatla yanaşırlar (axar.az).
“Bəli, Ermənistan Yuri Xaçaturov məsələsində ciddi səhvə yol verdi və ona qarşı cinayət işi qaldırdı. Ermənistana KTMT lazımdır, KTMT İrəvanın yeganə təhlükəsizlik qarantıdır”, - Tarasov deyib. “Ermənilər bizə elə baxır ki, sanki biz imperialistik. Əgər ermənilər azad olmaq istəyirsə, qoy azad olsunlar, bizim elə kompleksimiz yoxdur. Müasir Rusiya SSRİ deyil, imperiya da deyil. Biz abxazları və osetinləri xilas etdik. Əgər indi ermənilər istəmirsə ki, biz onlara türklərlə bağlı problemlərdə yardım edək, onda biz qatara oturub, gedərik”, - deyə o, erməniləri Türkiyə və Azərbaycanla qorxudub.
*****
Rusiyanın abxazları və osetinləri necə “xilas etdiyi”ni bütün dünya bilir. Abxazlar və osetinlərın təbii ki, heç bir müstəqil dövləti, müstəqillikləri yoxdur, ağ günə də çıxıb eləməyiblər; sadəcə, bir asılılıqdan başqa asılılığa - imperiyanın himayəsinə keçiblər. Ermənistan da 27 ildir onlarla eyni statusdadır. Başqa status isə müstəqillikdir. Müstəqilliyi qazanmaq üçün də ilk növbədə Rusiyadan qurtulmaq, eyni anda Türkiyə və Azərbaycanla barışıq, anlaşma gərəkdir. Yolu bəlli. Seçim Paşinyan və komandası da daxil, erməni xalqınındır...
Siyasət şöbəsi,
“Yeni Müsavat”