Bakı və İrəvan üçün ortaq “Yol xəritəsi” - ABŞ-ın sensasion planı

10-12-2018, 09:57   

Nikol Paşinyana seçim üçün ayrılan vaxt bitir; Ağ Ev Azərbaycan və Ermənistanla bağlı hərəkətə keçir – iddia; Vaşinqton müharibə astanasında olan iki tərəfi ortaq məxrəcə gətirib bölgədə möhkəmlənə biləcəkmi?.. 

Ermənistanda 9 dekabr kritik parlament seçkiləri arxada qaldı. Ona görə “kritik” ki, bu seçkilər ən azı, iki mühüm suala aydınlıq gətirməlidir: 1. Ermənistanın xarici siyasət kursunda ciddi dəyişiklik olacaqmı? 2. Dekabrın 9-dan sonra, böyük ehtimalla, legitim rəhbər statusu qazanacaq Nikol Paşinyan Qarabağ məsələsində hansı yolu tərcih edəcək - hərbi qarşıdurma, yoxsa sülh variantını?

Bəllidir ki, bu iki məsələ təkcə Ermənistanın deyil, Azərbaycanın, Rusiyanın və Qərbin (ABŞ və Avropanın) da diqqət mərkəzindədir. Ona görə ki, həlli uzanan Qarabağ konflikti və İrəvanın üstünlük verəcəyi xarici siyasət kursu  bölgədə təhlükəsizliyə, həmçinin qlobal güclərin regional maraqlarına bilavasitə təsir edən iki ciddi faktordur.     

*****

Maraqlıdır ki, Ermənistanda seçkilərə sayılı günlər qalmış ABŞ-ın özəl analitik şirkəti “Stratfor” (“kölgə kəşfiyyatı”) sensasion sayıla biləcək hesabat yayıb. Hesabatda Tramp administrasiyasının Rusiyanı çəkindirmək üçün 2019-cu ildə Şərqi Avropa, Mərkəzi Asiya və Güney Qafqazda öz təsirini gücləndirməyə yönəlik addımlar atacağı bildirilir.

âStratforâ ile ilgili görsel sonucu

Bizi, əlbəttə ki, ən çox Azərbaycan və Ermənistanın yerləşdiyi Güney Qafqaz maraqlandırır. Təhlildə deyildiyi kimi, Ağ Ev yaxın vəzifə qismində əsas diqqəti Kremlin bölgədəki müttəfiqlərinə - KTMT hərbi bloku (“Rus NATO-su”) və Avrasiya İqtisadi Birliyi üzvlərinə, öncəliklə də “ən zəif bənd” kimi Ermənistana və onunla münasibətlər yaratmağa yönəldəcək.

Amerikalı analitiklər hesab edirlər ki, ABŞ administrasiyası artıq Moskvanın yaxın müttəfiqlərini ondan qoparmaqla onun zəiflədilməsinin zəruriliyini dərk edib və bu yöndə uğur qazanacağına ümidlidir. Sitat: “Ermənistan bu yaxınlara qədər Rusiyanın ən yaxın müttəfiqi sayılırdı. Amma orada ”məxməri inqilab" baş verdi. Amerikalılar bundan istifadə edib dərhal öz emissarları Con Boltonu İrəvana göndərdilər. Ermənistanın yeni lideri (Paşinyan - “YM”) Boltonun Amerikanın İrəvana silah sata biləcəyi haqda təklifinə belə reaksiya verib: “Hökumət bu məsələdə heç bir məhdudiyyətlərlə bağlanmayıb. Əgər ABŞ-dan yaxşı təklif olsa, biz onu müzakirə etməyə hazırıq”. Bundan əlavə, KTMT baş katibi Yuri Xaçaturova və “Qazprom-Ermənistan” şirkətinə qarşı cinayət işi qaldırılıb. İrəvanla Moskva arasında münasibətlər dərhal gərginləşib".

*****

PaÅinyan ile ilgili görsel sonucu

Bu münasibətlərin seçkilərdən sonra daha da  kəskinləşəcəyi gözlənilir. Çünki Ermənistanın yeni hökuməti ilə Moskva arasında 8 aydır açıq qalmış, strateji əhəmiyyətli mövzular var və müttəfiqlik münasibətləri indi ən sərt sınaqlardan keçməlidir. Çox şey isə yəqin ki, N.Paşinyanın seçkilər və “məxməri inqilab” zamanı verdiyi vədləri nə dərəcədə tutacağı ilə bağlı olacaq.

Artıq seçkilər bitdiyi üçün Paşinyanın düşünmək və seçim etmək üçün vaxt limiti də bitib. Odur ki, indi hamı gözləmədədir - həm erməni toplumu və Moskva (Putin), həm də işğalçı ölkə ilə müharibə vəziyyətində olan qonşu Azərbaycan və Qərb (ABŞ).  

Ancaq aydındır ki, forpost Ermənistanı Rusiyadan qoparmaq asan deyil. Birinci ona görə ki, qərbyönlü Paşinyan əlində  güclü “Qarabağ kartı” olan Kremlin qəzəbinə gəlməkdən ehtiyat edir. Bunu ciddiyə alan erməni lideri xeyli vaxtdır ona çalışır ki, onun bir əlindən Rusiya, o birindən isə Amerika (Qərb) tutsun.

Lakin inqilabdan ötən 8 ay bunun mümkünsüzlüyünü ortaya qoyub. Moskva açıq, bir qədər də qəzəbli şəkildə işarə vurub ki, “bu variant” keçməyəcək. Yəni Paşinyan artıq legitim hakimiyyət başçısı kimi, ya tezliklə seçim eləməlidir, ya da hər şeyi olduğu kimi saxlamalıdır. Sonuncu halda o, öz xalqına verdiyi vədlərə xilaf çıxmış olacaq, müxalifətin əlinə isə özünə qarşı güclü kontur-arqument verəcək - bunun bütün nəticələri ilə birgə...

*****

USA ile ilgili görsel sonucu

Söz yox ki, ABŞ bölgədə Ermənistanı öz tərəfinə təşviq eləməklə burada balansı geridönməz şəkildə öz xeyrinə dəyişmək istəyir. Çünki Gürcüstan çoxdan qərbyönlü kurs götürüb. Azərbaycanı isə Ermənistandan fərqli olaraq, Rusiyaya hansısa müqavilə, öhdəlik bağlamır. Azərbaycan KTMT-nin və Avrasiya İqtisadi Birliyinin üzvü deyil, Rusiyanın forpostu da deyil. Deyildiyi kimi, Moskvanın əlində Ermənistana qarşı güclü Qarabağ rıçaqı var. 

Bakı isə İrəvandan fərqli olaraq, xarici siyasət kursunu çoxdan şaxələndirib və balanslı siyasət aparır. Yəni Azərbaycan Qərb üçün, ABŞ üçün daha açıq ölkədir, özünün əlverişli geosiyasi mövqeyi və qiymətli enerji resurslarına ilə perspektiv əlaqələr baxımından daha böyük imkanlara və üstünlüklərə malikdir. Bunu Ağ Evdə də, Konqresdə də bilirlər. Avropanın Rusiyadan enerji asılılığının azalmasında ABŞ-ın Azərbaycana verdiyi önəm bunun bariz sübutudur.

Keçən həftə ABŞ müdafiə nazirinin müavininin müşaviri Laura Kuperin başçılıq etdiyi nümayəndə heyətinin Bakı səfəri ikitərəfli əlaqələrin daha bir perspektivini açmış oldu - hərbi-texniki əməkdaşlıq. Bu mənada Kuperin səfəri əslində Azərbaycan və Ermənistan Amerika silahları təklif edən Boltonun ziyarətinin davamı kimi qəbul oluna bilər. 

Politoloq Elxan Şahinoğlu da qəzetimizə açıqlamasında Bakının Amerika silahları almasını mümkün hesab edib: “Prezident İlham Əliyev dekabrın 4-də ABŞ-ın müdafiə nazirinin müavininin müşaviri Laura Kuperin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. İlham Əliyev görüşdə Azərbaycanla ABŞ arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Qarşılıqlı səfərlərin, o cümlədən ABŞ prezidentinin milli məsələlər üzrə müşaviri Con Boltonun və digər rəsmilərin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafındakı rolunu vurğuladı. İlham Əliyev Amerika ilə müdafiə sahəsindəki əməkdaşlıqdan məmnundur. O, ABŞ-ın Cənub Qaz Dəhlizinə verdiyi dəstəkdən də məmnundur. Növbəti mərhələdə Azərbaycan ABŞ-dan hərbi texnika alacağı istisna deyil. Bəlkə də Laura Kuperin Bakıya səfəri məhz hərbi əməkdaşlığı genişləndirmək məqsədi daşıyır. Bunu onunla görüşdə müdafiə naziri Zakir Həsənov da qeyd etdi. Zakir Həsənov onu da bildirdi ki, ABŞ-ın qabaqcıl hərbi təhsil müəssisələrində təhsil alan azərbaycanlı zabitlərin sayının artırılması qərara alınıb”.

*****

Göründüyü kimi, ABŞ-la Azərbaycanın sıx yaxınlaşmaq imkanları böyükdür. Lakin Amerika Azərbaycanla birgə Ermənistanı da bu prosesə qoşmaq istəyirsə, - buna şübhə yox, - o zaman İrəvanın çəkindiyi “Qarabağ kartı”nı Rusiyanın əlindən almaq və Türkiyəni də prosesə cəlb eləmək üçün Bakı ilə İrəvanı Qarabağ məsələsində ortaq məxrəcə gətirmək barədə düşünməlidir. Əks təqdirdə, Ermənistanı Rusiyadan uzaqlaşdırmaq mümkünsüz olacaq. Demək, Vaşinqtonun Güney Qafqaz planı da, yeni “Yol xəritəsi” də fiaskoya məhkumdur.
 

“Yeni Müsavat”ın analitik xidməti

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.