ÇABAHARDAKI TERROR AKTININ ARXASINDA KİM DURUR? –Tehran barmağını hazırda asılı olduğu Körfəz ölkəsinə tuşlayır

10-12-2018, 13:30   
















Ruhullah Fəqihi

“Middle East Eye”

 

Ötən Cümə axşamı, dekabrın 6-da İranın liman şəhəri Çabaharda polis mərkəzinin qarşısında intihar hücumu iki polis məmurunu ölümü və 40-dan çox adamın yaralanması ilə nəticələnib.

Hücuma görə məsuliyyəti yerli “Ənsar əl-Fürqan” qrupu öz üzərinə götürüb. Yenilənmiş ABŞ sanksiyaları kontekstində bu terror aktı iranlıları hücumun motivləri barədə düşünməyə vadar edib.

 

Strateji liman

Umman körfəzinin ağzında, demək olar ki, Omanın paytaxtı Məsqətlə qabaq-qənşər olan Çabahar azad ticarət zonası və İranın ən cənub şəhəridir.

İranın yeganə okean və dərin su limanı Sistan-Bəlucestan əyalətinin paytaxtı Zahedanın yaxınlığında yerləşir.

Çabahardan cəmi 170 kilometr şərqdə, Pakistanda başqa bir liman şəhəri, Qvadar ticarət məqsədləri üçün Çin tərəfindən inkişaf etdirilir. Həm də Hindistanın etirazına baxmayaraq.

Hindistan Çabaharı daha da inkişaf etdirmək, Mərkəzi Asiya və Avropa ölkələrini əhatə etməkdə rəqibini kənarlaşdırmaq üçün ABŞ sanksiyalarının icrasından imtina etmək istəyir.

2016-cı ilin may ayında Hindistan, İran və Əfqanıstan üç ölkə arasında tranzit və nəqliyyat dəhlizinin yaradılmasına dair müqavilə imzalayıb.

Hindistanın baş naziri Narendra Modi bildirib ki, Dehli İran limanını inkişaf etdirmək üçün 500 milyon dollara qədər sərmayə qoyuluşu və malların Əfqanıstandakı Zərənc sərhəd şəhərinə çatdırılması üçün Çabahardan Zahedana uzanacaq 500 kilometrlik dəmir yolunun qurulmasına kömək edəcək.

Layihənin ilk mərhələsi – Şəhid Behişti limanının genişləndirilməsi 17 ölkənin yüksək vəzifəli şəxslərinin qatıldığı mərasimdə, 2017-ci ilin dekabrında prezident Həsən Ruhani tərəfindən açılıb.

Sistan-Bəlucestan əyalətinin Liman və Dəniz Təşkilatının baş direktoru Bəhruz Ağayinin sözlərinə görə, Şəhid Behişti limanından tranzit Pakistan limanları ilə müqayisədə daha ucuzdur.

İran Çabaharı iqtisadiyyatı üzərində dolaşan ABŞ sanksiyalarının kabusunu zəifləmə vasitəsi, Avropa ilə Hind okeanı arasında rentabelli ticarət-nəqliyyat dəhlizi kimi görür. Lakin Çabahar layihəsi həm də qonşu və daha uzaq ölkələrlə iqtisadi əlaqələri genişləndirmək üçün əlverişli bir yol kimi qəbul edilir və Birləşmiş Ərəb Əmirliklərindən olan asılılığı azaldır.

İqtisadi analitik Sahib Sadiqi deyib: “Dərin su limanları böyük yük və okean gəmilərini idarə edə bilər… Çabaharın inkişafı ilə BƏƏ-nin İrandan yük daşıma vasitəçiliyi də dayanacaq”.

Sadiqi əlavə edib ki, inşaat tamamlandıqdan sonra Çabahar, BƏƏ və Səudiyyə Ərəbistandakı Cəbələli və Damamı izləyərək 3-cü dərin su limanı olacaq. Odur ki, hər iki Körfəz müttəfiqi İrana qarşı çıxır.

Türkiyə və Qətər də bölgədə port layihələri üzərində işləyirlər.

İsrailin “Jerusalem Post” qəzetinin rəyincə, BƏƏ yüz milyonlarla dollar itirəcək, İranla BƏƏ, Körfəz və Qərb müttəfiqləri arasında münaqişə baş verdiyi halda, BƏƏ-nin ticarət yolları ümumən bağlanacaq.

 

Körfəzin o biri tayı

Mövcud geosiyasi və iqtisadi paylara əsasən, terror aktının ipucları ölkədən kənara çıxır. Sistan-Bəlucestan əyalətində fəaliyyət göstərən sünni militan qrupu “Ənsar əl-Fürqan”ın arxasında duran ölkələr var.

Bazar günü, dekabrın 9-da “Fars” Xəbər Agentliyi bildirib ki, İran polisi terrorla əlaqədar 10 nəfəri həbs edib.

Tehran bir neçə dəfə əsas regional rəqibi olan Səudiyyə Ərəbistanı və ABŞ-ı Sistan-Bəlucestandakı hərbi qrupları maliyyələşdirilməkdə günahlandırıb, Riyad və Vaşinqton isə ittihamları rədd edib.

Bir sıra ərəb ölkələri, o cümlədən Küveyt və Qətər terroru qınayıb, amma həm Səudiyyə Ərəbistanı, həm də BƏƏ məsələyə səssiz qalıb.

İran xarici işlər naziri Cavad Zərif Çabahardakı hücuma görə BƏƏ-yə şübhəsini açıq bildirib.

Xarici İşlər Nazirliyi Yaxın Şərq şöbəsinin sabiq baş direktoru Qasim Mühibəli, həmçinin “Ərəb ölkələri” və Pakistanın Çabaharda terrorçuluqdan istifadə edərək, investorları dayandırmaqda və limanın inkişafını yavaşlatmaqda ittiham edib. Bu fərziyyəni İran hökumətinə yaxın “Ettelaat” qəzeti də təkrarlayıb.

Ötən Cümə günü, dekabrın 7-də Hindistan prezidenti Ram Nath Kovind deyib ki, rəsmi Dehlinin Çabahar layihəsində iştirakı “iki ölkə arasında yaxşı əməkdaşlığın əlaməti”dir. İranın Dəniz və Liman Təşkilatı idarə heyəti sədrinin müavini Hadi Haqşenas isə bildirib: “Biz bütün gücümüzlə Şəhid Behişti limanının infrastruktur layihələrini davam etdirəcəyik”.

Analitik Sadiqi terror hücumlarının Sistan vilayətində təhlükəsizlik və müdafiə tədbirlərinin gücləndirilməsinə təkan olacağını açıqlayıb.

“Son hücum Çabaharda etibarsızlığa səbəb ola bilərdi, ancaq İran, Hindistan və Əfqanıstan üçün layihə çox əhəmiyyətli olduğundan heç bir geri çəkilmə baş verməyəcək”.

 

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.