Fazil Məmmədovu ölüm ayağına salan xəstəlik nədir? - 44 faiz hallarda içkidən yaranır...

10-12-2018, 18:04   



Fazil Məmmədovu ölüm ayağına salan xəstəlik nədir? - 44 faiz hallarda içkidən yaranır...





Xəbər verdiyimiz kimi sabiq vergilər naziri Fazil Məmmədov əməliyyat olunub.

Əməliyyat Gəncə Beynəlxalq Xəstəxanasında baş tutub. Nazir pankreatitdən əziyyət çəkib, bu səbəbdən də əməliyyat keçirib. Məlumata görə, eks-nazirin ağır xəstəliklər keçirməsinə, bundan əvvəlki əməliyyatına və bədənin ümumi zəifliyinə görə budəfəki cərrahi müdaxilə riskli olub. Həkimlər onun əməliyyat vaxtı həyatını itirə biləcəyini deyiblər. Amma əməliyyat uğurlu olub. Hazırda onun vəziyyətinin stabil olduğu deyilir.

Bəs eks-naziri xəstəxanalıq edən, ölümdən döndərən pankreatit xəstəliyi nədir? 

Hurriyyet.org Medicina.az-a istinadən bu təhlükəli xəstəliyin əlamətləri, simptomları və səbəblərini təqdim edir:

Pankreatit mədəaltı vəzin iltihabi xəstəliyi olub, ifraz etdiyi şirənin tərkibində olan fermentlərin aktivləşməsi ilə xarakterizə olunur. Normal halda bu fermentlər qeyri-aktiv halda olurlar, yalnız 12-barmaq bağırsağın şirəsi ilə qarışdıqda fəallaşırlar. Mədəaltı vəzin zədələnməsi (travma, iltihab və s.) zamanı isə fermentlər vəzinin daxilində aktiv hala keçə bilirlər.

Pankreatit geniş yayılmış xəstəlikdir, adətən cavan və orta yaşlılarda daha çox müşahidə olunur. Müxtəlif kliniki formalarda (kəskin, xroniki, reaktiv) təsadüf oluna bilər. Kəskin forma qarnın yuxarı nahiyəsində kəskin ağrılarla müşayiət olunur. Xroniki pankreatitdə isə ağrılar yeməkdən 1-2 saat sonra başlayır. Reaktiv forma isə qidanın tərkibində olan yağların həzminin çətinləşməsi ilə bağlı yaranır. Əslində mədəaltı vəzi zülalları, karbohidratları və yağları parçalamaq üçün bir neçə ferment ifraz edir. Onlar içərisində yağların parçalanmasında iştirak edən lipaza fermenti xüsusilə əhəmiyyətlidir. Yağların həzmi üçün həmçinin öd vacib komponentdir. Buna görə də öd kisəsinin iltihabı, burada olan durğunluq, öd daşları mədəaltı vəzin fəaliyyətinə mənfi təsir göstərir.
Əlamətləri

Kəskin pankreatitin əlamətləri aşağıdakılardır:

- Qarının yuxarı mərtəbəsində ağrılar öncə zəif olur və getdikcə artır

- Qarında olan ağrılar belə vurur

- Yeməkdən sonra ağrılar daha da kəskinləşir

- Ürəkbulanma

- Qusma. Qusmadan sonra sakitləşmə qeyd olunmur.

- Bəzən qarında gərginlik və ya qarının şışməsi müşahidə edilir

- Hərarətin yüksəlməsi və qaşınma

- Bəzən çox yatma, yuxululuq, zəiflik və baş ağrıları da ola bilər

Xroniki pankreatitin əlamətləri isə aşağıdakılardır:

- Qarının yuxarı mərtəbəsində ağrılar. Xroniki pankreatitin təhlükəli olmasını şərtləndirən amillərdən biri ağrıların heç də həmişə olmamasıdır. Yalnız bəzi xəstələrdə ağrılar qeyd edilir. Ağrının olmaması mədəaltı vəzinin çapıqlaşması prosesinin gizli getməsi və ağırlaşmasına səbəb olur. Ağrıların olması xəstəni həkimə müraciət etməyə məcbur edir və zamanında tədbirlər görülür.

- Həzmin pozulması. Mədəaltı vəzi şirələrinin ifrazının azalması qəbul edilən qidanın həzmini pozur. Belə halda nəcisin tam formalaşmaması, yağlı və pis iyli olması, qarında köp kimi əlavə əlamətlər törənir.

- Səbəbsiz olaraq bədən çəkisinin itirilməsi

- Yağlı və pis iyli nəcis.

Səbəbləri

Pankreatitin, xüsusilə də kəskin pankreatitin yaranmasının əsas səbəbi onun sintez etdiyi enzimlərin vaxtından əvvəl aktivləşməsidir. Mədəaltı vəzinin unikal xüsusiyyətlərindən biri odur ki, onun ifraz etdiyi enzimlər qeyri-aktiv formada olur. Çünki onların aktiv forması çox aqressiv olur və mədəaltı vəzində aktiv olmaları onun toxumasını aşındıra bilər. Odur ki, təbiət mədəaltı vəzinə enzimlərinin qeyri-aktiv vəziyyətdə sintez etmə qabiliyyəti verib. Enzimlər yalnız bağırsağa töküldükdən sonra aktivləşir və öz funksiyasını həyata keçirməyə başlayır.

Amma kəskin pankreatit zamanı mədəaltı vəzinin enzimləri aşağıda sadalayacağımız səbəblərdə elə öz daxilində aktivləşir və onu zədələyir. Xroniki pankreatitlər zamanı təkrarlanan kəskin hallar iltihabi prosesin uzun müddət qalmasına səbəb olur. Xroniki pankreatit mədəaltı vəzi toxumasının aradan qaldırıla bilməyəcək səviyyədə zədələnməsinə və birləşdirici toxuma ilə əvəzlənməsinə gətirib çıxara bilir. Bu zaman onun həm endokrin, həm də endokrin funksiyasında pozğunluq baş verir ki, bu, fərqli xəstəliklər törədir.

Pankreatitin əsas səbəbləri:

- Alkoqolizm. Son tədqiqatlardan biri göstərir ki, kəskin və xroniki pankreatit hallarının 44%-i xroniki alkoqol qəbulu səbəbindən yaranır.

- Öd daşı xəstəliyi. Öd daşı mədəaltı vəzi axarını sıxa və onun daxilində təzyiqi artıra bilir. Bu isə enzimlərin aktivləşərək vəzi parenximasına keçməsinə və onun iltihabını törətməyə səbəb olur. Odur ki, öd daşı xəstəliyi olan insanlar hətta ağrıları olmasa belə öd kisəsinin çıxarılması cərrahi əməliyyatını etdirməlidirlər. Xüsusilə də ölkəmizdə insanlar öd daşı xəstəliklərinin olduğunu bilərək cərrahi əməliyyatdan qaçırlar. Bu hallar pankreatit riskini artırır. Hətta bir kəskin pankreatit epizodu belə xroniki pankreatitin inkişafına səbəb ola bilir.

- Qarın boşluğunda cərrahi əməliyyatın aparılması. Qarın boşluğunda aparılan əməliyyatlar zamanı mədəaltı vəzi sıxılma və ya qansızlaşma üzündən zədələnə bilir.

- Bəzi dərmanlar. Bu dərmanlara aşağıdakıları nümunə göstərmək olar: azathioprine, kortikosteroidlər, sulfonamidlər, tiazidlər, furosemid, qeyri-sterioid iltihabəleyhinə dərmanlar (aspirin, voltaren və s.), merkaptopurin, methyldopa, tetrasiklin və s.

- Endoskopik Retroqrad Xolangioqrafiya. Bu prosedur zamanı süni olaraq aktiv mədəaltı vəzi enzimləri vəzi daxilinə atıla bilir və keçici kəskin pankreatit törədir.

- Siqaret çəkmə

- Qanda kalsiumun yüksək olması

- Müxtəlif infeksiyalar

- Qarın travmaları

- Mədəaltı vəzinin şişləri

- Mədə və 12 barmaq bağırsaq xorası

- Vaskulitlər kimi damar patologiyaları

- Avtoimmun proses.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.