Ermənistanda növbədənkənar parlament seçkilərində qalib gələn Nikol Paşinyan Türkiyə və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib. İran bir müddət əvvəl ballistik raketlərin yeni sınağını keçirdiyini təsdiq edib. İsrail Avropaya təbii qaz nəql edə bilər. “Stratfor” kəşfiyyat-analitik şirkəti 2019-cu illə bağlı proqnozların yer aldığı materialın ikinci hissəsini dərc edib.Ermənistanda növbədənkənar parlament seçkilərində qalib gələn Nikol Paşinyan Türkiyə və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verib. Paşinyan Türkiyə ilə münasibətlərin normallaşması ilə bağlı yeni bir addım atmayacağını açıqlayıb.
“Türkiyə ilə münasibətlərimiz Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. Ermənistanla Azərbaycan arasındakı münaqişə Türkiyə ilə Ermənistanın münasibətlərinə də təsir edir. Əvvəl də açıqlamışdım. Türkiyə ilə ilkin şərt olmadan münasibətlər qurmağa hazırıq. Ümid edirəm Türkiyə də buna hazırdır”, - deyə Paşinyan bildirib.
Paşinyan Qarabağ münaqişəsinin həll olunacağına ümid etdiyini qeyd edib.
“Bu problemi həll etməyə ümid edirik. Sülh yolu ilə həll variantını güclü şəkildə dəstəkləyirik”, - deyə Paşinyan Ermənistanın işğalçı tərəf olduğunu həmişə olduğu kimi gizlətməyə çalışıb.
Yaxın Şərqdə yeni hərbi ittifaq yaradılır. İttifaq ərəb dövlətlərini İŞİD, həmçinin “İran təhlükəsi”nə qarşı birləşdirə bilər. Onun MESA (Middle East Strategic Alliance) adlanacağı və NATO-nun “ərəb analoqu”nun olacağı gözlənilir.
Avstraliya hökuməti Qüdsü rəsmi şəkildə İsrailin paytaxtı kimi tanımağa hazırlaşır. Avstraliya mətbuatı Baş nazir Skott Morrisonun və Nazirlər Kabinetinin artıq qərarı qəbul etdiyini yazıb.
Məlumata görə, sözügedən qərar dekabrın 12-də açıqlanacaq, ancaq hökumət Qüdsdə səfirlik açmayacaq. Təl-Əvivdəki səfirliyin köçürülməməsinə səbəb isə bunun təxminən 200 milyon dollara başa gəlməsidir. Avstraliya hökuməti bu xərci lazım bilməyib.
Qeyd edək ki, artıq ABŞ, Qvatemala, Çexiya, Braziliya və Honduras kimi ölkələr Qüdsü rəsmi şəkildə İsrailin paytaxtı kimi tanıyıb.
İran bir müddət əvvəl ballistik raketlərinin yeni sınağını keçirdiyini təsdiq edib. Məlumatı İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Kosmik Qüvvələrinin komandanı, briqada generalı Əmir Əli Hacızadə yayıb.
“Biz raket sınaqları keçiririk. Sonuncu test buraxılışımız vacib əhəmiyyət daşıyıb. Hər il İran öz raketlərinin 40-50 buraxılışını gerçəkləşdirir. ABŞ hökumətinin reaksiyası göstərir ki, bu mövzu onlar üçün çox vacibdir”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə ABŞ Dövlət katibi Mayk Pompeo İranın yeni ballistik raket sınağının Avropa üçün təhdid olduğunu açıqlamışdı.
İsrail Avropaya təbii qaz nəql edə bilər. Bu barədə ABŞ-ın energetika nazirinin köməkçisi Frensis Fennon deyib.
Avropanın enerji təhlükəsizliyi və Rusiyanın “Şimal axını-2” layihəsinə qarşı mübarizənin müzakirə edildiyi toplantıda danışan F.Fennon Avropanın Rusiya qazı yerinə İsrail qazından istifadə edə biləcəyini bildirib: “Avropaya səfərim əsnasında Şərqi Aralıq dənizinə getdim. Hazırda İsrailin təbii qazını Misir və İordaniyaya daşıyan boru xətti işləməyə başlayıb. Bu qaz potensial olaraq Avropaya nəql oluna bilər”.
Fennon “Şimal Axını-2”nin Avropanın təhlükəsizliyinə təhdid olduğunu dilə gətirib. Buna görə də bütün ölkələri bu layihədən çıxmağa səsləyib. O bildirib ki, “Şimal Axını-2” layihəsi Rusiyanın Avropaya təzyiq göstərməsi üçün bəhanədir.
Rusiyanın özünün iki strateji raketdaşıyan Tu-160 təyyarələrini Venesuelaya göndərməsi sadəcə dövlət vəsaitinin xərclənməsidir. Bu sözləri öz Tvitter səhifəsində ABŞ Dövlət katibi Mayk Pompeo paylaşıb.
“Rusiya hökuməti öz bombardmançılarını Venesuelaya göndərib. Rusiya və Venesuela xalqları bu məsələyə belə baxmalıdırlar. İki korrupsiyaya bulaşmış hökumət xalqları əziyyət çəkdiyi bir vaxtda dövlət vəsaitini boşa xərcləyir və azadlığı tapdalayırlar”, – deyə o bildirib.
Qeyd edək ki, Rusiyanın 2 ədəd Tu-160 təyyarəsi ötən gün Venesuelaya göndərilib.
Rusiya Federasiya Şurasının informasiya siyasəti komissiyası başçısı Aleksey Puşkov isə cavabında ABŞ-a Əfqanıstan və Yaxın Şərq müharibələrində xərclənən pulları xatırladıb.
ABŞ-ın “MKİ-nin kölgəsi” adlandırılan “Stratfor” kəşfiyyat-analitik şirkəti 2019-cu illə bağlı proqnozların yer aldığı materialın ikinci hissəsini dərc edib. Bu hissədə Yaxın Şərq və Şimali Afrika ilə bağlı proqnozlar yer alıb.
Qeyd edilir ki, 2019-cu ildə bu regionlarda əsasən aşağıdakı tendensiyalar özünü göstərəcək.