Azərbaycanda şiə-sünni qarşıdurması ola bilərmi?

20-06-2014, 11:19   
Azərbaycanda şiə-sünni qarşıdurması ola bilərmi?
«İraq və Şam İslam Dövləti» (İŞİD) yaraqlılarının İraqda davam edən hücumu ortaya yeni təhlükələr çıxarıb. Söhbət sünnilər və şiələr arasında yeni müharibənin başlana biləcəyindən gedir ki, bu bütün müsəlman aləminə, o cümlədən Azərbaycana da ciddi təsir edə bilər. Artıq qeyd olunan xüsusda xəbərdarlıqlar səslənir.
Şiələrin dini lideri Ayətullah Sistaninin rəhbərlik etdiyi təriqət ardıcıllarını silahlanmağa çağırması isə vəziyyəti daha da qızışdırıb. Onu da qeyd edək ki, maraqlı dövlətlərin İraq prosesinə müdaxiləsi də burada mühüm rol oynayır. Hazırda İŞİD-in arxasında duran əsas dövlətlər qismində Səudiyyə Ərəbistanı və Qətərin adı hallanır. İraq hökumətinə isə İran yardımlar edir. Bu da bir sıra ərəb ölkələri, o cümlədən Səudiyyə Ərəbistanının ürəyincə deyil. Onlar İranın regiondakı hökmranlığını qəbul etmir və regionda «şiəlik amilini» aradan qaldırmağa çalışır».
ABŞ prezidenti Barak Obama da bölgədə yaranmış təriqət ayrıseçkiliyinlən danışıb və bildirib ki, İraqa ekstremist qrupları təcili qırmaq və İraq təhlükəsizlik qüvvələrinin imkanlarını genişləndirmək üçün əlavə dəstək lazımdır: «Mən ABŞ Təhlükəsizlik Şurası ilə İraqdakı hazırkı vəziyyəti müzakirə etmək üçün görüşdüm. Son bir neçə gün ərzində iraqlı və suriyalılardan ibarət İŞİD-in böyük uğurlar əldə etdiyini görürük. Terror hücumu qarşısında İraq qüvvələrinin ölkənin şəhərlərini müdafiə etmək qabiliyyətində olmadığı məlumdur. Bu proses İraq və onun əhalisi üçün çox böyük təhlükədir. İŞİD terroristlərinin maraqlarını nəzərə alaraq deyə bilərəm ki, onlar Amerikanın maraqları üçün də təhlükə yarada bilər. Bu təhlükə yeni bir brend deyil. Biz İraqa bu kimi təhlükə ilə mübarizəyə qarşı nə qədər yardım göstərmişik».
İŞİD şiələrə olan nifrətini açıq-aydın ortaya qoyur. Nümayiş olunan videokadrlardan da görünür ki, onlar şiələrin qanını halal sayır. Çstəlik, nümayiş etdirdikləri xəritələrdə Azərbaycanı da öz «dövlətlərinin» tərkibində görürlər. Azərbaycan bəlkədə yeganə müsəlman ölkəsidir ki, burada sünnilərlə şiələr çox mehriban yaşayır. Təbii ki, İŞİD kimi terror qrupları Azərbaycan əhalisi arasında təriqət ayrılığının olduğunu bilir. Azərbaycanda çaxnaşma solmaq istəyən qüvvələrin əlində ilkin münaqişə ocağını yaratmaq üçün vasitəyə çevrilə bilər. Azərbaycanda sünni-şiə ədavəti salmaq mümkündürmü?
İlahiyyatçı Ağa Hacıbəyli açıqlamasında bildirdi ki, İraqdakı mübarizəni sünni-şiə qarşıdurması kimi qələmə vermək doğru deyil: «İraqın tarixinə nəzər salın. Bizdə olan vəziyyət onlarda da hakim olub. Yəni eyni millət müxtəlif təriqətlərə mənsubdur. Əsasən də İraqda sözügedən iki təriqət üzvləri çoxluq təşkil edib. Uzun illər mehriban yaşayıblar. Bu gün İraqda baş verənlər nəinki İslama, heç insanlığa belə sığmır. Hansısa terrorçu qruplaşma özünü sünni elan etsə də, onların əməlləri tamam başqa şeyi göstərir. İŞİD deyilən qrupun əməllərini heç ən radikal islamçılar belə qəbul etmir. Təbii ki, bəzi qüvvələr təriqət zəminində Azərbaycanda da qarşıdurma yaratmaqda maraqlı ola bilər. Ancaq bizim xalqın təfəkküründə milli birlik və dövlətə bağlılıq daha öndə gedir. Uzun illər sovetlər dönəmində yaşasaq da, öz dinimizi, milli kimliyimizi qoruyub saxlaya bilmişik. Hesab edirəm ki, Azərbaycanda təriqət zəminində qarşudurma salmaq mümkün deyil. Düzdür, parazitlər hər yerdə olduğu kimi burda da var. Fərdi şəkildə hansısa narazılıqlar ola bilər, ancaq bunun kütləvi qarşıdurmaya çevrilməsi mümkün deyil».

Məhəmmədəli QƏRİBLİ
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.