Avropa İttifaqı ilə Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi mart ayına qədər imzalana bilər. Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsi ətrafında söhbətinin detallarını açıqlayıb. İrəvan və Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma rejim arasında ziddiyyətlər getdikcə dərinləşir. Minsk Moskvanı “dərin inteqrasiya” bəhanəsi ilə Belarusu Rusiyanın tərkibinə birləşdirmək cəhdində ittiham edib. Türkiyə Prezidenti Suriyanın şimalındakı terror təşkilatları ilə bağlı ABŞ-a xəbərdarlıq edib."Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi mart ayına qədər imzalana bilər". Bunu jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu iclası çərçivəsində deyib.
Nazir müavini qeyd edib ki, Aİ-dəki seçkilərdə kimin qalib gəlməsindən asılı olmayaraq, Azərbaycan üçün əsas məsələ sazişin paraflanaraq, imzalanmasıdır: "Düşünürəm ki, Aİ-də keçiriləcək gələcək seçkilərin nəticələri Azərbaycanla bağlanacaq sazişə təsir etməyəcək. Çünki hər iki tərəf bu sazişin imzalanmasında maraqlıdır".
Azərbaycan torpaqlarının işğalı heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının Bakıda keçirilən 39-cu iclasında deyib.
Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsi ətrafında söhbətinin detallarını açıqlayıb. Lukaşenko Sarkisyanla Qarabağ müzakirəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) İrəvanda keçirilən iclaslarının birində baş tutduğunu bildirib.
Belarus prezidenti Aleksandr Lukaşenko ATƏT-in Minsk qrupunu tənqid edib.Lukaşenko Minskdə jurnalistlərə açıqlamasında Minsk qrupunun Qarabağ münaqişəsinin həlli üçün heç bir iş görmədiyini deyib.
“Minsk qrupu son illər ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün heç bir iş görməyib”, - deyə o bildirib.
“Minsk qrupu bu onilliklər ərzində Dağlıq Qarabağla bağlı heç bir şey etməyib və iki prezident oturub, “Gəlin problemi həll edək” deməsələr, vasitəçilər heç nə etməyəcəklər”, - deyə Lukaşenko qeyd edib.
Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı söylədiyi fikirlər Ermənistanda qorxu yaradıb.
İrəvan və Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan qondarma rejim arasında ziddiyyətlər getdikcə dərinləşir. Nikol Paşinyanın parlament seçkilərdindən sonra separatçı rejimdə həyata keçirməsi gözlənilən dəyişikliklər artıq rəsmiləşir.
Ermənistanda Nikol Paşinyan komandası ilə Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan, köhnə hakimiyyətə yaxın olan separatçı rejim arasında qarşıdurma davam edir. Paşinyanla separatçı rejimin “rəhbəri” Bako Saakyan İrəvanda təkbətək görüş keçirib.
Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Suriyanın şimalında 550 kilometrlik sərhəd xəttini işğal edən PKK terror təşkilatına qarşı hərəkat üçün dəqiqələri saymağa başlayıb. Hərəkatda prioritet məsələ Təl-Əbyad, Rəsul Əyn və Əyn əl-Ərəb şəhərlərinin işğaldan azad edilməsi olacaq. PKK-nın sərhəd xəttindəki bütün mövqeləri qəfil vuruşlarla yox ediləcək.
Suriya Milli Ordusu Türkiyənin Suriyada Fərat çayının şərqinə həyata keçirəcəyi hərəkata 15 min döyüşçü ilə dəstək verməyə hazır olduğunu açıqlayıb. Bu haqda Türkiyənin dəstəyi ilə qurulan müxalif Suriya Milli Ordusunun sözçüsü Yusuf Hamud bildirib.
Əməliyyatın Türkiyə və Suriya torpaqlarından eyni anda başlayacağını ifadə edən Hamud əsas cəbhələrin Münbiç, Tel Abyad ve Rəsulayn olacağını deyib.
“Sərhədlərimiz üçün təhdid yaradan İraqın Sincar və Karacak Dağı bölgəsində dünən axşam saatlarında əməliyyatlar keçirdik. Oradan bizə təhdid gələrsə, cavabı da dərhal veriləcəkdir”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının hüquq konfransında çıxışında deyib.
Suriyada Fəratın şərqinə də sülh gətirməkdə qərarlı olduqlarını deyən Ərdoğan Münbiç haqqında da xəbərdarlıq edib.
“Onlar Minbic ilə bizim diqqətimizi yayındırmaq istəyirlər. Münbiç 85-90 faiz ərəblərin yaşadığı bir yerdir. Ancaq oranı tamamilə terror təşkilatlarına veriblər. “Oranı onlardan boşaldacağıq” dedilər. Çıxartmadılar. İndi də deyirəm, siz təmizləməsəniz, biz Münbiçə girəcəyik. Mən açıq danışıram. Türkiyə Fəratın şərqindəki terror bataqlığına müdaxilə ilə bağlı kifayət qədər vaxt itirib. Bunun üçün bir günlük gecikməyə belə səbrimiz qalmadı”, - Türkiyə lideri söyləyib.
İraqın şimalında terror hədəflərinə qarşı ötən gün keçirilən əməliyyatın detalları məlum olub. Karacak Dağı bölgəsində əməliyyatda 20-dən çox döyüş təyyarəsi və pilotsuz uçuş aparatı iştirak edib.
Əməliyyatda terrorçulara aid 30-dan çox obyekt məhv edilib. Məlumata görə, Türkiyə sərhədindən 180 km aralıda olan Karacak Dağ bölgəsi ilk dəfə vurulub. Vurulacaq nöqtələr kəşfiyyat qurumları ilə koordinasiyalı şəkildə müəyyən edilib və dinc sakinlərin zərər görməməsi üçün yüksək həssaslıq nümayiş etdirilib.
Milli Müdafiə naziri Hulusi Akar əməliyyatı Hava Qüvvələri Hərəkat Mərkəzindən izləyib.
Terror və təhlükəsizlik mütəxəssisi Abdullah Ağar əməliyyatla əlaqədar maraqlı bir məqama diqqət çəkib. O, Türkiyə ordusunun cümhuriyyət tarixində ilk dəfə bu qədər dərinliklərə endiyini deyib. Mütəxəssis dağın Mosul və Kərkük arasında olduğunu qeyd edib.
Moskva “dərin inteqrasiya” bəhanəsi ilə Belarusu Rusiyanın tərkibinə birləşdirmək istəyir. Bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko Minskdə Rusiya jurnalistlərinə müsahibəsində deyib.
“Mən bu işarələri anlayıram: nefti alın, amma gəlin ölkəni dağıdın və Rusiyanın tərkibinə daxil olun. Bəziləri daha dərin inteqrasiyadan danışırlar. Və bəziləri birbaşa deyirlər ki, siz 6 vilayətlə Rusiyanın tərkibinə girməyə hazır olun”, - prezident bildirib.
Agentlik xatırladır ki, bir gün əvvəl Rusiya-Belarus İttifaq Dövlətinin Nazirlər Şurasının iclasında Rusiyanın baş naziri Dmitri Medvedev Moskvanın ümumi emissiya mərkəzi, məhkəmə və başqa orqanların yaradılmasına qədər Minsklə inteqrasiyanı dərinləşdirməyə hazır olduğunu deyib.
Rusiya Üçüncü dünya müharibəsinə hazırlaşır. Müharibə ən yaxın 6 ildə başlana bilər. Bu haqda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının informasiya təhlükəsizliyi aparatının rəhbəri Valentina Petrov bildirib.
Onun sözlərinə görə, Ukrayna son məqsəd deyil.
Ömər Dağlı