Azərbaycanın müxalif düşərgəsində yeni ittifaqın yaradılması, yaxud da hakimiyyət əleyhdarlarının koordinasiya mərkəzində bir araya gəlməsi istiqamətində müzakirələr başlayıb. Artıq sosial şəbəkələrdə sabiq daxili işlər naziri İsgəndər Həmidovun 25 dekabr tarixində "Müxalifət zirvəsi" təşkil edəcəyi barədə məlumatlar yayılıb. Bildirilir ki, sözügedən görüşün məqsədi "Azərbaycanda ictimai-siyasi vəziyyət və müxalifətin vəzifələri" mövzusunda müzakirələr aparmaqdır. İlkin məlumata görə, zirvə görüşünə 40-a yaxın siyasətçi dəvət olunacaq.
Toplantıya dəvət olunanların ilkin siyahısı belədir: İsgəndər Həmidov, Pənah Hüseyn, Əli Kərimli, Cəmil Həsənli, İsa Qəmbər, Arif Hacılı, İqbal Ağazadə, Sərdar Cəlaloğlu, Əli Əliyev, Tural Abbaslı, İlqar Məmmədov, Qubad İbadoğlu, Mirmahmud Mirəlioğlu, Əhməd Oruc, Fuad Əliyev, Elşad Musayev, Nəsir Ağayev, Etibar Məmmədov, Arzuxan Əlizadə, Lalə Şövkət Hacıyeva, Əvəz Temirxan, Nemət Pənahlı, Rahim Qazıyev, Hacıbaba Əzimov, İlyas İsmayılov, Sülhəddin Əkbər, Sabir Rüstəmxanlı, Rafiq Turabxanoğlu, Vaqif Hacıbəyli, Qulamhüseyn Əlibəyli, Ağasif Şakiroğlu, Mətləb Mütəllimli, Eldar Namazov, Valeh İbadov, İxtiyar Şirin…
Sabiq nazir İsgəndər Həmidov deyib ki, cəmiyyətimizin demokratiyaya doğru getməsi üçün belə bir toplantının olması çox vacibdir. Onun sözlərinə görə, bütün ambisiyalar kənara qoyulmalıdır:
“İndiyə qədər belə toplantılar keçirilib, birliklər olub, amma onların əksəriyyəti cəmiyyəti tam əhatə edə bilməyib. Seçkilər öncəsi yaranan birliklərin heç biri özünü doğrultmayıb. Əgər demokratik mühitə, islahatlara nail olmasaq, heç nə əldə edə bilməyəcəyik. Birlikdə bunlara nail olmalıyıq”.
İ. Həmidov qeyd edib ki, lider funksiyası oynamaq fikri yoxdur və belə bir iddiaya düşməyəcək: “71 yaşım var. Allahın mənə nə qədər ömür verdiyi məlum deyil. Tək istəyim odur ki, millətimin güzəranı hər zaman yaxşı olsun, ərazi bütövlüyümüzün bərpası da mütləqdir.
Toplantıya qatılıb-qatılmamaq hər kəsin öz işidir. Mən bilirəm ki, qatılanlar da, qatılmayanlar da Azərbaycanı sevirlər.
Toplantı barədə dünyanın əksər yerlərinə məlumat veriləcək. Hər kəs gəlib öz fikrini deyə bilər. Hamı dinlənilməli, birlikdə sənəd hazırlanmalıdır. Narazı fikirlərə də hörmət olunmalıdır”.
İ. Həmidov bildirib ki, “Müxalifət zirvəsi"nin gözlənilən parlament seçkiləri ilə heç bir əlaqəsi yoxdur: “Əgər demokratik mühit olmasa, demokratik islahatlara gedilməsə, parlament seçkilərində nələrisə qazanmağa ümid etmək olmaz".
“...Azərbaycan sürətlə avtoritarlaşır”
Mövzu ilə bağlı fikirlərini “Reytinq”lə bölüşən siyasi şərhçi Zəlimxan Məmmədli isə deyib ki, Azərbaycan dövlətçiliyi və milli mənafeyimiz milli birliyi diqtə edir. Onun qənaətincə, bunu zəruri edən amillər torpaqlarımızın işğalı və işğalın legitimləşmə ehtimalı, demokratik dünyadan təcrid siyasəti, Rusiyanın istiqlalımız üçün təhdid dərəcəsini artırması, ölkəiçi qanunsuzluqlar, dərəbəyliklər, korrupsiya, kriminal mühitin reallığı və sair naqisliklərdir:
“Qonşu Gürcüstan və Ermənistan sürətlə demokratikləşdiyi halda Azərbaycan sürətlə avtoritarlaşır. Millət siyasi, ictimai həyatdan izolyasiya edilir. Elm, təhsil və səhiyyə dəhşətli vəziyyətdədir. Dünyanın güclü və ədalətli tərəfi bizdən uzaqlaşdırılır. Aqressiv və zora meylli düşərgənin arasına sürüklənirik. Bu problemlər milli birliyi və siyasi uzlaşmanı diqtə edir. Tək dirəniş silahımız millətimiz və onun ruhən birliyidir. Bu sahədə boşluq olarsa, müstəqil dövlət olsaq da, milli maraqlarımız tənəzzül edəcək. O baxımdan pis-yaxşı siyasi qüvvələr arsında əməkdaşlığa yönəlik təşəbbüsləri - çox naqisliklər olsa da - məqbul hesab edirəm. Bu formatda ziddiyətli, hətta barışmaz münasibətdə olan qüvvələr, qruplar olmasına baxmayaraq, nəzəri cəhətdən reallaşmasını arzulayıram. Tarixi xətalar, mənəm-mənəmliklər, destruktiv yanaşma, köhnə palan içi tökmək kimi ürəkbulandırıcı iddialar ortada olarsa, heç nə əmələ gələsi deyil. Yox, əgər təhlükələr ciddiyə alınarsa, tarixi xətalar kənara qoyularaq sağlam əməkdaşlıq mərkəzi formalaşa bilər”.
“...Böyük siyasi birlik alına bilər”
Z. Məmmədli qeyd edib ki, bəzi qüvvələrin hakimiyyətin müəyyən dairələri ilə separat əlaqələri realdırsa, həmin qüvvələr bütün resursları ilə pozuculuq edəcək: “Zaman-zaman bu şərəfsizliyi yaşamışıq. Qarabağ dərdinə səmimi yanaşılsa və ehtimal etdiyim naqisliklər olmasa böyük siyasi birlik alına bilər. Böyük birliyin əsas hədəfinin milli barış və siyasi uzlaşma olmasını arzulayıram”.
Siyasi şərhçinin sözlərinə görə, qütbləşmə Azərbaycanın milli maraqlarını daim təhdid edir: “Qütblərarası əsas aparıcı xətt islahatlar paketi olmalıdır. Biz bir şeyin fərqində olmalıyıq ki, zorən gizlədilmiş milli iradə bu əsarətdən çıxa bilməsə pisliklərə məhkumuq. Milli iradəni işğaldan azad etmək əsas hədəflərdən olmalıdır”.
“Əsas problem liderlərin iddiasındadır”
Ədalət Partiyasının sədr müavini, politoloq Mütəllim Rəhimlinin də maraqlı təklifi var. O, “Reytinq”in əməkdaşına deyib ki, hazırkı şəraitdə müxalif qüvvələrinin bir araya gəlməsi vacibdir. Onun sözlərinə görə, dünya sürətlə dəyişir və Azərbaycan bu prosesdən kənarda qala bilməz: “Artıq qonşu ölkələrdə də ciddi hadisələrin baş verdiyini görürük. Ona görə də, mühafizəkarların müqaviməti nə qədər çox olsa da, təbii tarixi inkişaf ölkəmizdən yan keçməyəcək. Zamanla biz bir çox hərakatları və qarşıdurmaları müşahidə edəcəyik. Hazırda müxalifət düşərgəsində yaranmış fəallıq da ümumi inkişafın istiqamətindən qaynaqlanır. Bunu bir növ təbii, siyasi liderlərin iradəsindən kənar hadisələr kimi qiymətləndirmək olar”.
Partiya yetkilisi hesab edir ki, bütün bunları nəzərə alaraq, uzun müddətdir parçalanmış və ölkənin siyasi həyatında iştirakı məhdudlaşdırılmış müxalifətin bir araya gəlmək təşəbbüsü alqışlanmalıdır: “Çünki cəmiyyətin siyasi şüurunun yaranmasında ən böyük yük partiyaların üzərinə düşür. Xeyli müddətdir ki, siyasi təşkilatların cəmiyyətdən zorakılıqla və məqsədyönlü şəkildə uzaqlaşdırılması traybalizmin inkişafına münbit şərait yaradıb. Azərbaycanlılar, çox təəssüf ki, bir çox hallarda millət, xalq kimi düşünməkdən daha çox tayfa qayda-qanunlarını alqışlayırlar. Azərbaycanda müxalifətin birləşməsinə olduqca çox ehtiyac var. Bu prosesin getdiyini müşahidə etməkdəyik. İndi bir təşəbbüs irəli sürülüb. Onu alqışlamaq lazımdır. Amma bu son deyil. Prosesin davamlı şəkildə olacağına ümid edirəm. Birləşməyə mane olan səbəblərin öyrənilərək aradan qaldırılmasına çalışmaq lazımdır. Bu zaman xüsusilə qeyd etmək lazımdır ki, sadə vətəndaşlar və partiyaların sıravi üzvləri arasında hər hansı barışmazlıq yoxdur. Onlar bir-birini çox yaxşı həzm edə bilirlər. Əsas problem liderlərin iddiasındadır. Kimsə öz mövqeyindən geri çəkilməsə birlik ideyasına zərbə vurmuş olur və bu davranışı ilə cəmiyyətimizə və dövlətimizə ölçüyəgəlməz ziyan gətirir. Zənnimcə, təklif edilən tədbirin hansı səviyyədə alınması əsas deyil, vacib olanı bu istiqamətdə təşəbbüsün irəli sürülməsidir”.
“Növbədənkənar seçki tələb olunmalıdır”
Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev də hesab edir ki, müxalifətin vahid mövqedən çıxış etməsinə ehtiyac var:
“Zirvə toplantısı adı almış tədbirin niyyəti bəyan edilib, təxmini heyəti açıqlanıb. Hələlik konkretlik yoxdur. Amma hələ vaxt var. Fikrimcə, təşəbbüsü qaldıranlar daha konkret işlər görməlidir. Çünki məkanı ilə əlaqədar da bəzi bəyanatlar səsləndirilib. Tədbirin məkanı, vaxtı, gündəliyi və tərkibi ilə bağlı məsələ dəqiq olmalıdır. Çünki müxalifətin əlaqələndirilməsinə çox böyük ehtiyac var. Pərakəndəliyə son qoymaq lazımdır. Belə durum yalnız iqtidara sərf edir. Əslində məğlub durumun səbəblərindən biri də münasibətlərin soyuq, hətta heç bir münasibətin olmamasıdır. Təmas yaranarsa, hansısa mülahizə yürütmək olar”.
Ə. Əliyevin fikrincə, məsələyə realist yanaşma olmalıdır: “Növbədənkənar parlament seçkiləri ilə bağlı mövqe formalaşdırıb tələb irəli sürməliyik. Müxalifətin vahid namizəd korpusu yaradılmalı, seçkiyə nəzarət mexanizmləri hazırlanmalıdır. Digər real təkliflər də müzakirəyə çıxarıla bilər. Ancaq maksimalist mövqeyə söykənsək, nəticə olmayacaq”.
“Partiya rəhbərləri məsuliyyət hiss etmirlər”
Toplantıya dəvət alanlardan biri də Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.
S. Cəlaloğlu modern.az-a açıqlamasında toplantıya qatılmağı düşündüyünü deyib: “Siyasi güclərin bir araya gəlməsi, hər hansı problemin həllində ortaq mövqe nümayiş etdirməsi çox vacibdir. Partiyaların yalnız qrup maraqları onları ayrı-ayrılıqda fəaliyyət göstərməyə məcbur edir. Amma ümummilli məsələlərdə partiyaların fərdi fəaliyyətinin mənası olmaz. Məsələn, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı partiyaların ayrı-ayrılıqda fəaliyyəti heç nəyə yaramır. Azərbaycanda müxalifətin bir araya gəlməsi ən çox eks-prezident Əbülfəz Elçibəyin zamanında, Lalə Şövkətin, Etibar Məmmədovun siyasətdə aktiv olduğu zamanlarda başa tutub. Müxalifətin bir araya gəlməsində ən çox təşəbbüs göstərən də mən olmuşam. O zamanlar siyasətçilərin bir araya gəlməsi çox asanlıqla baş verirdi. Lalə Şövkət yeganə insandır ki, öz evində ardıcıl olaraq, siyasi partiyaların toplantısını təşkil edirdi. Elçibəy özü də bir çox toplantıda iştirak edirdi. İndi isə sanki partiya rəhbərləri məsuliyyət hiss etmirlər. Az qala hamısı təkəbbürlə öz bildiyini etməyə, qrup maraqlarına önəm verməyə çalışır”.
S. Cəlaloğlu qeyd edib ki, ümummilli məsələlərdə məsuliyyət hiss etməyən rəhbərlər yenə toplantıya qatılmayacaqlar: “Vaxtilə Etibar Məmmədov Əbülfəz Elçibəyin hakimiyyətdən getməsi üçün Heydər Əliyevlə əməkdaşlıq etmişdi. Lakin 1993-cü ildən sonra toplantılarda Elçibəy də iştirak edirdi. Bunu ancaq yüksək siyasi mədəniyyəti olan, millətin və xalqın maraqlarını düşünən rəhbər edə bilər. Şərt deyil ki, bu, müxalifətin toplantısı olsun. Adını dəyişib, “Siyasətçilərin toplantısı” da qoymaq olar. Onda, bəzi şəxsləri real müxalifət olmamaqda ittiham edənlər nə deyəcək? Düzdür, Azərbaycan müxalifətində hakimiyyətin tapşırıqlarını yerinə yetirən adamlar da var. Amma onlar, real müxalifət zəif olduqda, düzgün siyasət apara bilmədikdə qalib gəlirlər. İstənilən halda, qeyd etdiyim kimi, ümummilli məsələlər müzakirə obyektidirsə, bir araya gəlmək vacibdir”.
“Cəmiyyəti dəyişikliyə hazırlamaq lazımdır”
Siyasi şərhçi Nəsimi Məmmədlinin fikirlərinə gəldikdə, o, “Reytinq”ə deyib ki, ölkəmizdə çoxsaylı müxalif mövqeli insanlar və özünü müxalifət adlandıran qurumlar var. Ancaq müxalifət təşkilatları kimi ictimai rəydə möhkəmlənmiş çox az siyasi qurumdan danışmaq mümkündür. Bu, kiminsə müxalifətçiliyinə kölgə salmaq deyil, sadəcə, mövcud reallığı ifadə etməkdir:
“Azsaylı real müxalifət qurumlarının hansısa funksional əməkdaşlığı cəmiyyətə faydalı ola bilər və vacibdir. Lakin, ucdantutma özünü müxalifət adlandıran qurumların hamısının iştirakı ilə nəzərdə tutulan birliklərin yaranması mümkün deyil və heç buna cəhd edilməsinə də dəyməz.
Ölkədəki real siyasi vəziyyətin analizi göstərir ki, belə bir təşəbbüs heç bir uğurlu siyasi nəticə doğurmayacaq. Köklü dəyişikliyə nail olmaq yolu təkcə müxalifətin vəzifəsi deyil. Nə qədər ki cəmiyyət psixoloji baxımdan dəyişikliyə səfərbər olunmayıb, siyasi qurumlar belə metodlarla onu hərəkətə gətirə bilməyəcək. Cəmiyyəti müxtəlif vasitələrlə dəyişikliyə hazırlamaq lazımdır.
Cəmiyyətdəki bütün sosial subyektlər, institutlar, fərdlər öz üzərinə düşən məsuliyyəti dərk etməsə, ölkədə mənəvi, hüquqi, sosial, siyasi böhran dərinləşəcək”.
N. Məmmədlinin fikrincə, hökumət uzun müddətdir çalışır ki, müxalifət iddiasında olan təşkilatların sayı maksimum həddə olsun. Eyni zamanda onların hamısının bir sırada olması da hökumətin marağındadır: “Siyasi psixologiya sübut edib ki, bir müxalif siyasi qüvvənin davamlı öndə olması ölkədə dəyişiklik istəyən insanların ora istiqamətlənməsi ilə nəticələnir. Hökumət hələlik bunu yalnız repressiv metodlarla edir. Çünki əlində samballı siyasi vasitə yoxdur. Odur ki, cəmiyyətin siyasi yetkinliyi aşağı olan insanlarını çaşdırmaq, onlarda tərəddüd yaratmaq üçün müxalifət adı altında çoxsaylı manipulyasiyalara baş vurur”.
N. Məmmədli qeyd edib ki, təklif olunan formada hansısa uğurlu birliyin alınacağına qətiyyən inanmır. “Bu, növbəti nəticəsiz təşəbbüslərdən biri kimi yadda qalacaq. Çünki məqsədi aydın deyil və formatı da uğursuzdur.
Birliklərin siyasi hədəfi ilk növbədə həmin siyasi qurumların öz maraqlarının təminatını əhatə etməlidir. Siyasi qurumlar öz maraqlarını kənara qoyub mücərrəd maraqların arxasınca qaçmamalıdır. Cəmiyyət görməlidir ki, bir qrup insan siyasi və digər maraqlarını təmin etməyə nail olur.
Ümumxalq maraqları, cəmiyyəti hərəkətə gətirmək kimi vəzifələr sonrakı mərhələdə olmalıdır. Bu olmasa, nə azad seçki keçirmək, nə hüquqların təminatına nail olmaq, nə də müsbət dəyişikliklərdən danışmaq mümkündür”, - deyə N. Məmmədli fikrini tamamlayıb.