Sərdar Turqut,
“Habertürk”ün Vaşinqton təmsilçisi, 14 dekabr 2018-ci il
Fəratın şərqilə bağlı Türkiyə öz strateji həmlələrini etməyə başlayarkən, buna qarşı ABŞ-dan hansı əks-həmlələrin gələ biləcəyini anlamamız üçün Vaşinqtonun bugünkü durumunun dəqiq mənzərəsini görməyimiz lazımdır.
Sizə Vaşinqtondakı mövcud durumu çatdırmaq istəyirəm.
1. İŞİD-ə qarşı mübarizədə YPG ilə birlikdə hərəkət ediləcəyinin açıqlandığı ilk gündən bugünədək ABŞ rəhbərliyi regiona yönəlik əhatəli və tutarlı bir strategiya formalaşdırmayıb.
2. Prezident Tramp siyasi baxımdan heç bir zaman Suriyaya diqqət verməyib. Bu siyasi boşluğa görə iplər CENTCOM və Müdafiə naziri Mattisin əlinə keçib. Şimali Suriya və Fəratın şərqilə bağlı qərarlar alınarkən Ağ Ev daima kənarda saxlanılıb. Pentaqon hər zaman işin içində olub. Ortada uzunmüddətli baxış və strategiya olmadığına görə, hərbçilər daima gündəlik, əməliyyat meydanının o andakı ehtiyaclarına baxaraq qərarlar alıblar. Bu gün də eyni durum davam edir.
Rusiya faktoru
3. ABŞ ortaya siyasi mövqe qoymadığına görə, Rusiya Suriyada daha güclü olaraq dövrəyə girə bilib. Ruslar konstitusiya işləyib hazırlama və siyasi addımlar atma zamanı gəldikdə nələr edilməsinin lazim olduğunu müəyyən edərək, ABŞ-a anlatmağa başladılar. Bunu iki liderin keçirdiyi zirvə görüşlərindən əlavə, Vaşinqtonla Moskva arasında qurulan gizli mexanizmlər vasitəsilə də edirlər.
4. Vaşinqtondakı qurumlar arasında yalnız Xarici İşlər Nazirliyi və Pentaqon öz daxili tutarlılığını qoruya bilib.Digər qurumlar Ağ Evdəki dağınıqlığı əks etdirirlər, eynilə onun kimi dağınıqlıq içindədirlər. Diplomatlar Suriya ilə bağlı ortaya siyasi mövqe qoyulmamasına görə narahatdırlar. Bunun bütün kozırların Rusiyanın əlinə verilməsi mənasına gəldiyini düşünürlər. Həmin kəsimə mənsub və hakimiyyət daxilində Türkiyəyə ən isti baxan şəxs olan Ceyms Cefri ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi olan kimi, hakimiyyətin siyasi mövqeyinin dəqiqləşməsini istəyən qurumlar hərbçilərin hegemoniyasına qarşı hərəkətə keçdilər.
Müşahidə məntəqələri
5. Hakimiyyətin diplomatik qanadı Suriya məsələsində Türkiyənin Rusiya ilə birlikdə təsirli olmasından son dərəcə narahatdır və bu durumun ABŞ-ı oyundan kənarda qoyduğunu vurğulayaraq, Ağ Evə təsir etməyə çalışır. Ceyms Cefrinin Astana prosesinə qarşı verdiyi açıqlamalar və İdlibdə ABŞ-ı da dövrəyə soxacaq addımlar atmağı planlaşdırması məhz bu kontekstdə dəyərləndirilməlidir.
Hakimiyyətin hərbi qanadı, Milli təhlükəsizlik müşaviri Con Boltonun da dəstəyini alaraq, sərhəddə müşahidə məntəqələri yaratmaqla əks-həmləsini bu şəraitdə etdi. Türkiyənin, təbii olaraq, əks-reaksiyasına səbəb olan bu həmlə Vaşinqtonda davam edən mübahisələr kontekstində dəyərləndirilməli və anlaşılmalıdır.
6. ABŞ hakimiyyətinin Suriya ilə bağlı mövqeyində ən aydın olan şey, Türkiyə ilə Rusiyanın artıq strateji tərəfdaş kimi hərəkət etməsindən duyulan dərin qayğıdır. Hakimiyyətin həm diplomatik, həm də hərbi qanadı bilir ki, Rusiya, Fəratın şərqini Türkiyə ilə ABŞ-ın arasının daha da pozulmasına səbəb olacaq bir yer olaraq görür və dəyərləndirir.
7. Türkiyə ilə ABŞ arasındakı hərbi rabitə kanalları heç bir zaman bağlanmayıb. Bu gün yeniləri əlavə edilərək, sıx əlaqə davam etdirilir. Hərbi əməliyyat meydanında tərəfləri qarşı-qarşıya gətirəcək hər hansı bir qəzanın olmaması üçün bütün əlaqə yolları intensiv şəkildə istifadə edilir. Diplomatlar isə Rusiyanın gözləntiləri reallaşmasın deyə, Türkiyə ilə ABŞ-ın arasının daha da pozulmaması üçün mümkün çarələr üzərində düşünürlər. YPG-nin cənuba, Deyr əz-Zor bölgəsinə çəkilməsi durumunda, Türkiyənin qayğılarının azalacağını və əməliyyata ehtiyac qalmayacağını söyləyənlər də var. Hərbçilər arasında buna qarşı çıxanlar mövcuddur.
YPG-ni regiondakı İran milislərinə qarşı təsirli güc olaraq istifadə etməyi düşünənlər də onun cənuba doğru çəkilməsi fikrinə qarşı çıxırlar.
İdlib modeli
8. ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Cefri, Türkiyənin İdlibdə Rusiya ilə birlikdə başlatdığı, sonra Almaniya və Fransanı da daxil etdiyi prosesin önəmli olduğunu və hələlik bəzi məqsədlərə nail olunmasa da, bu prosesin çox yaxın zamanda Suriyada başladılması hədəflənən siyasi və konstitusiyanın işlənib hazırlanması prosesi üçün model ola biləcəyini düşünür. Məhz bu üzdən İdlibdə ABŞ-ın da Rusiya və Türkiyə ilə əməkdaşlıq etməsinın lazım olduğu fikri hakimiyyət daxilində səsləndirilməyə başlanıb. Hakimiyyət daxilində, baş tutduğu təqdirdə, bu əməkdaşlığın daha sonra Fəratın şərqində ABŞ-Türkiyə-Rusiya əməkdaşlığına da təməl ola biləcəyi fikrində olanlar var.
9. Regionda bir kürd qurumunun yaradılması ilə bağlı Rusiya və ABŞ-ın anlaşması durumunda, bunun Türkiyəni narahat etməyəcək formada necə ediləcəyi də Vaşinqtonda üzərində baş sındırılan məsələlər arasındadır. Rusiyanın təklif etdiyi “Şimali İraq modeli”nin həyata keçirilməsinin mümkün olub-olmaması üzərində düşünüldüyünü də bilmək lazımdır.
Tərcümə Strateq.az-ındır