Rusiya müstəntiqləri Rusiya ərazisini Ukrayna tərəfindən atəşə tutulması faktı ilə əlaqədar yoxlamalara başlayıblar.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İstintaq Komitəsinin nümayəndəsi Vladimir Markin bəyan edib.
“Ukrayna ərazisində, Doljansk rayonu ətrafında döyüşlər nəticəsində Rusiya Federasiyasının ərazisi atəşə məruz qalıb”, deyə Markin bildirib.
Daha sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin Rostov vilayəti üzrə nümayəndəsi Vasili Malayev RİA Novosti agentliyinə Novoşaxtinsk keçid məntəqəsinin Ukrayna ərazisindən minaatanlardan atəşə tutulması barədə məlumat verib. Onun sözlərinə görə, atəş nəticəsində dağıntılar qeydə alınıb, əhali arasında zərərçəkən olmasa da, bir gömrük əməkdaşı xəsarət alıb.