Böyük Britaniya “qara pul” sahiblərinin “ovuna” başlayır

19-12-2018, 10:07   
 

Böyük Britaniya “qara pul” sahiblərinin “ovuna” başlayır

Böyük Britaniyada korrupsiyaya qarşı mübarizə qanununun ilk hədəfi Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyeva ev dustaqlığında günlərini saydığı bir vaxtda krallıq rəsmiləri daha bir qərar veriblər. Həmin qərarla krallıq ərazisində imkanlı əcnəbilərə vətəndaş olmadan yaşamağa imkan verən populyar “Tier 1" investisiya vizası proqramı dayandırılıb. offshoreview.eu portalı bu qərarın korrupsionerlərin Londona yolunu bağladığını bildirir. Bu qərar 10 il əvvəl verilsəydi, bu gün Zamirə Hacıyeva istintaq altında olmazdı və gəlirlərinin mənbəyi haqda sorğulanmayacaqdı.
Belə ki, indiyə qədər Böyük Britaniya iqtisadiyyatına müvafiq olaraq 2, 5 və 10 milyon funt-sterlinq yatıran xarici ölkə vətəndaşları işləmək hüququ olmadan bu ölkə ərazisində 2, 5 və ya 10 il yaşamaq hüququ əldə edirdi.

Bu statusu alan investor ilin ən azı 180 gününü Böyük Britaniyada olmalı idi. Müəyyən müddət sonra isə onlar vətəndaşlıq almaq üçün müraciət edə bilərdi. Zamirə Hacıyeva Britaniyada istintaqa cəlb olunandan sonra isə vəziyyət dəyişib. Öz ölkələrində milyardları qamarlayıb Britaniyaya qaçmaq həvəsinə düşmüş bəzi məmurlar planlarını dəyişməlidirlər. Pullarını artıq Britaniyaya yatırmış, transfer etmiş bəzi məmurlar isə ciddi təlaşlana bilərlər. Çünki Britaniya hüquq-mühafizə orqanlarının kompromissiz mövqeyi gec-tez onları da Zamirə Hacıyevanın durumuna gətirəcək. London məhkəməsi qarşısında dayanıb pulların mənbəyi ilə bağlı zəhlətökən, detallı sorğu-sualın obyekti olacaqlar.

Maliyyə şəffaflığı siyasətinə keçən Böyük Britaniya 2017-ci ildə kriminal aktivlər barədə qanun qəbul edib. Həmin qanun ilk dəfə Zamirə Hacıyevaya qarşı tətbiq olundu.
Xəbər verildiyi kimi, Milli Kriminal Agentliyinin ekspertləri “Tier 1" vizası ilə Böyük Britaniya ərazisində yaşayan Zamirə Hacıyevanın aktivlərinə həbs qoyub. Əgər Hacıyeva gələn ilin iyununda bu aktivlərin qanuni yollarla əldə edilmiş gəlirlər hesabına alındığını sübut edə bilməsə onlar müsadirə olunacaq.

Daha sonra Zamirə Hacıyevanın özü də Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilə bilər. offshoreview.eu bildirir ki, əgər əvvəllər hakimiyyət investorları aktivlərinin mənşəyinə xüsusi əhəmiyyət vermirdisə, indi onlar mütləq qaydada audit olunacaqlar.
Bundan əlavə, 2015-ci ilə qədər verilmiş 700 “Tier 1" vizasına yenidən baxılacaq.  Amma bütün bunlar o demək deyil ki, krallıq öz qapılarını xarici investorlar üçün bağlayır. ”Intelligent Solution Group" konsaltinq şirkətinin ekspertləri deyirlər ki, əksinə, bu qaydalar təmiz yolla pul qazanan investorların öz pullarını Böyük Britaniya iqtisadiyyatına yatırmasına və vətəndaşlıq almasına kömək edəcək. Zərbə ancaq korrupsiya yolu ilə varlananlara dəyəcək.
2019-cu ilin qızmar yayında London məhkəməsinin Z.Hacıyeva ilə bağlı verəcəyi qərar dolayısı ilə Cahangir Hacıyevə ittihamların nə dərəcədə reallıqla uzlaşdığını da ortaya qoymuş olacaq.
E.HÜSEYNOV,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.