MÜHAFİZƏKAR DÜŞƏRGƏNİN YENİ QURUM ƏTRAFINDA BİRLƏŞMƏK CƏHDİ –Həsən Ruhaninin rəqibləri indidən növbəti prezident seçkilərinə hazırlıq görür

19-12-2018, 10:34   

Ruhullah Fəqihi

“Əl-Monitor”

 

İranın sərt siyasət tərəfdarları (sərt tənzimçiləri) və mühafizəkarlar 2020-ci ilin parlament və 2021-ci ilin prezident seçkilərindən əvvəl yeni bir qrup qurmaq naminə manevr edirlər. Bu, düşərgələr arasında fərqlərin aradan qaldırılmasına gətirib çıxaracaq.

2017-ci ildə, prezident seçkiləri ərəfəsində sərt tənzimçilər və mühafizəkarlar “İslam İnqilabı Qüvvələrinin Xalq Cəbhəsi” (fars dilində olan ixtisarı CAMNA) adlı qrup yaratdılar. Qrupun adı 1979-cu il İslam inqilabının sütunlarına sadiq qalmayan rəqiblərinə təsir göstərmək cəhdi idi.

CAMNA çox mühüm mühafizəkar və sərt partiyalardan ibarət idi. Bununla yanaşı, İslam Koalisiyası Partiyası da daxil olmaqla, bir sıra partiyalar onu tənqid edirdilər. Ayətullah Məhəmməd Təqi Misbah Yəzdinin başçılıq etdiyi nüfuzlu “Dözümlülük Cəbhəsi” də CAMNA-ya qoşulmadı.

2017-ci ilin prezident seçkilərinin əvvəlində CAMNA kimin namizədliyinin irəli sürülməsinə qərar vermək üçün daxili səsvermə keçirib. Məhəmməd Baqir Qalibaf (Tehranın sabiq bələdiyyə başçısı) və din xadimi İbrahim Rəisiyə prezidentliyə namizəd olmaq üçün CAMNA-nın dəstəyi verilib. Ancaq bu iki şəxs CAMNA-nı tanımaq istəməyib və dəfələrlə bildiriblər ki, seçkilərdə iştirak etmək qərarlarının CAMNA ilə əlaqəsi yoxdur.

Qrupda fikir ayrılığı olduğundan digər mühafizəkar namizəd – Mustafa Mirsəlim (İslam Koalisiyası Partiyasının üzvü) CAMNA-nın istəyi ilə namizədliyini Rəisinin lehinə geri çəkmək çağırışına məhəl qoymayıb.

Nəhayət, Rəisi lehinə namizədliyindən imtina edən Qalibaf da CAMNA-nın qərarına əhəmiyyət verməyib, bunu mühafizəkar düşərgənin tətbiq etdiyi təzyiqlərlə olduğunu dilə gətirib.

2020-ci ilin parlament seçkilərinə təxminən bir il qalmış “Birlik Şurası” adı ilə yeni bir qrup formalaşıb. Şuranın formalaşması və funksiyası gizli tutulur, lakin Məclis sədri Əli Laricani ilə yaxınlığı olan “Mosalas” jurnalı Şura haqqında bəzi təfsilatları açıqlayıb.

Laricani son 6 ildə Ruhaniyə dəstək verdiyi üçün mühafizəkar düşərgədən kənarlaşdırılıb. Əslində, mühafizəkarlar Laricaniyə Ayətullah Əkbər Haşimi Rəfsəncaninin təsis etdiyi mötədillər düşərgənin sütunu olaraq baxırlar.

Mühafizəkarın böyük hissəsi Şuraya qoşulub və onun məqsədi yalnız seçki deyil, ehtimal ki mühafizəkar düşərgənin ümumi mərkəzi olmaqdır.

Analitik Nasir İmaninin sözlərinə görə, strategiya və uzunmüddətli planlar da daxil olmaqla, Şuranın siyasəti müəyyənləşdiriləcək. “Birlik Şurası prinsipçiləri uğurla səfərbər etməyə çalışır”.

Şuranın bir neçə iclası Rəisi, Qalibaf, keçmiş nüvə danışıqçısı Səid Cəlili və üç dəfə prezidentliyə namizəd Möhsün Rzai də daxil olmaqla, mühüm mühafizəkar şəxslərin iştirakı ilə keçirilib. Ancaq kütləvi informasiya vasitələrinə heç bir məlumat verilməyib.

Əhəmiyyətli olan budur ki, “Dözümlülük Cəbhə”si də Şuraya qatılıb. Qrup CAMNA-nın açıq düşməniydi, 2017-ci ilin seçkilərində Rəisinin arxasında durmuşdu.

Görünür ki, yeni mühafizəkar qurum yaxınlaşan seçkilərdən əvvəl düşərgədəki mübahisələri həll etməyə hazırlaşır. Şura uğurlu olarsa, CAMNA da daxil olmaqla, digər mühafizəkar qruplar ehtimal ki, ləğv ediləcək və ya ən azı Şuraya qatılacaq. Amma Qalbafa yaxın bir şəxsin ifadələri Şuranın məqsədlərinə çatmadığını göstərir.

Onun müşaviri Hüseyn Qurbanzadə, Rəisi və digər konservativ şəxslərlə birlikdə Şuranın iclaslarında iştirak etdiyini təsdiqləyib və toplantıları “məsləhətləşmələr” adlandırıb.

İlkin məsələlərlə bağlı fikir ayrılığı artıq şiddətlənib və Şuranın fəaliyyəti öləziyib. “Nameh News” saytının yazdığına görə, Şura noyabrın 4-də ilk açıqlamasını yaymalı idi, amma bu plan gözlənildiyi kimi irəli getməyib.

Bir sözlə, mühafizəkar düşərgədə ciddi fikir ayrılıqları və qarşıda çətin bir yol var.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.