VAŞİNQTON ÇAŞQINLIQ İÇƏRİSİNDƏ… –Trampın Suriyadan çəkilmə qərarını öncə Ərdoğan bilib

22-12-2018, 10:57   


Sərdar Turqut,

“Habertürk”ün Vaşinqton təmsilçisi, 21 dekabr 2018-ci il

 

Prezident Trampın ABŞ-ın Suriyadakı hərbi qüvvələrini sürətli şəkildə geri çəkəcəyini açıqlaması Vaşinqtondakı hakimiyyət qurumlarına bomba kimi düşdü.

Bu açıqlama eşidilər-eşidilməz qurumlar arasında intensiv telefon danışıqları başladı. Davamlı olaraq danışdığım adamları aradıqda telefonları daima “məşğul” siqnalı verirdi.

Prezidentə ən yaxın olan adamlardan tutmuş Suriyada işləri aparan qurumların rəhbərlərinədək, heç bir şəxsin belə bir açıqlama veriləcəyindən xəbəri yox idi.

 

Nazirlik açıqlama vermədi

 

ABŞ Xarici İşlər Nazirliyi elə çaşmışdı ki, nahardan sonra verilən ənənəvi mətbuat brifinqi təcili ləğv edildi. Nazirliyin mövzu ilə bağlı veriləcək suallara cavabı olmadığından bu addım atıldı.

Mətbuat nümayəndələri olaraq nazirliyi suallarla bombardman etdik, axırda çarəni Ağ Evin mətbuat katibinin verdiyi açıqlamanın yazılı mətnini eynilə yaymaqda tapdıq.

Həmin yazılı mətndə hərbçilərin geri çəkilməsinin səbəbilə bağlı yeni və mənalı bir cümlə belə yox idi. İŞİD-lə mübarizədə yeni mərhələyə keçiləcəyi deyilirdi, lakin o yeni mərhələnin nə olacağı bəlli deyildi.

 

Mettis kənarda saxlandı

 

Müdafiə naziri Mettis bu məsələdən tam kənarda saxlandı. Tramp Xarici işlər naziri Pompeo ilə, heç olmasa, bir gün öncə məsələni müzakirə etmişdi.

Hərbçilər geri çəkilmə haqqında verilən qərarı eşidər-eşitməz, onun təhlükəsiz şəkildə yerinə yetirilməsi üçün çalışmağa başladılar. Ortada bir plan yox idi, çünki sürətli şəkildə geri çəkilməyi heç kim ehtimal, təxmin etmirdi.

 

“İran şahinləri”nə zərbə

 

Milli Təhlükəsizlik Şurasında, iş yerində tam matəm havası vardı. Çünki İrana qarşı “şahin” mövqe tutan qanadın önəmli təmsilçiləri olan Milli təhlükəsizlik müşaviri Con Bolton və Suriya üzrə xüsusi təmsilçi Ceyms Cefrison iki həftə ərzində ABŞ ordusunun İrana qarşı çəkindirici ünsür olaraq Suriyada qalacağını açıqlamışdılar.

Vaşinqtondakı PYD/YPG ofisi ilə danışan qaynaqlarımsa ABŞ ordusunun Suriyadan geri çəkilməsi haqqında verilən qərarın orada panika yaratdığını söylədilər.

 

Tramp öncə Ərdoğana söyləyib

 

Keçirdiyim görüşlərdən öyrəndim ki, Prezident Tramp bu qərarını 14 dekabrda hamıdan öncə Prezident Ərdoğana söyləyib.

Ağ Evin daxili iş qaydalarını bilən mənbələrim, Trampın öz yaxın müşavirlərinə Ərdoğanın bölgəyə yönəlik qərarlı olmasından bəhs etdiyini, duruşundan təsirləndiyini və məlum qərarı onunla telefon danışığından sonra daha rahat şəkildə verdiyini vurğulayırlar.

 

Qeyri-müəyyənlik var

 

Bütün bunlar baş verən hadisələrdir, ancaq yeni mərhələnin nə olacağını hazırda Vaşinqtonda heç bir qurum bilmir.

Türkiyə ilə əlaqədar olan qurumlar da Türkiyə-ABŞ münasibətlərində yeni bir səhifə açıldığını və bir çox şeyin dəyişəcəyini söyləyirlər, lakin yeni səhifənin necə olacağını və nələrin dəyişəcəyini söyləyə bilmirlər.

Anlaşılan odur ki, hazırda Vaşinqtonda qeyri-müəyyənlik və çaşqınlıq hakimdir.

Tərcümə Strateq.az-ındır

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.